“Kolbasa ətdən hazırlanmır”- Şok

kolbasa-etden-hazirlanmir-sok
Oxunma sayı: 738

Texnologiyanın inkişafı isə kolbasa məhsulunun tərkibinə heç də yüksək keyfiyyət gətirməyib. Azərbaycan Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanov Milli.Az xəbər portalına açıqlamasında bildirdi ki, texnologiyanın inkişafı bu gün kolbasaların tərkibinə də öz təsirini göstərib. Onun sözlərinə görə, dünyanın bir sıra ölkələrində kolbasa ətdən hazırlanmır: “Bu gün Rusiyada bir qram da kolbasa və farş məhsullarında təbii ət yoxdur. Hələ 1989-cu ildə SSRİ-də 1 milyon ton süni ət hazırlanırdı. Quş peyinini hidroliz edib, bundan ət alırdılar. Biz heyvana ot veririk, heyvan da onu həzm edib, müəyyən hissəsini ətə çevirir. Burada isə peyindən birbaşa ət alınmasından söhbət gedir. Aparılan proses zamanı peyinin böyük hissəsi zülala çevrilir və ona rəng vuraraq kolbasa düzəldirlər. Yaponiyada insan peyinindən kolbasa hazırlanır ki, mal ətinin dadını verir”.

T.Əmiraslanov qeyd etdi ki, Azərbaycanda bu gün halal kolbasa yoxdur: “İnandırıcı deyil ki, kolbasa istehsalçıları 8-10 manata ət alıb, 12 manata satsınlar. Biz insanlara düzünü deməliyik ki, seçim edə bilsinlər. Ancaq onu deyə bilərəm ki, texnologiya yolu ilə hazırlanmış məhsullar geni dəyişdirilmiş ərzaqdan daha təbiidir. Azərbaycanda qida institutları olmadığından, bu məsələlər araşdırılmır”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Milli.Az xəbər portalına bildirdi ki, kolbasaların süni ətdən hazırlanması faktları düzgündür. Birlik sədri hesab edir ki, texnologiya nə qədər zəifdirsə, mal o qədər təbiidir.

E.Hüseynov məsləhət görür ki, istehlakçılar yerli mala üstünlük versinlər: “Təəssüf ki, insanlar Rusiyadan gətirilən kolbasalara üstünlük verirlər. Həmin məhsulların tərkibinə arzuolunmaz kimyəvi məhsullar vururlar. Azərbaycanda kolbasaların tərkibinə süni ət qarışdırılmır, amma xeyli sayda inqredientlər vurulur. Hətta heyvanların süd vəzisi, yelini, dili, başı qarışdırıla bilər. Ümumiyyətlə, kolbasa istehlakçılar üçün arzuolunan qida olmasa da, yerli mal, gətirilənlərdən daha üstündür”.

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin qidalanma gigiyenası bölməsinin müdiri İmran Abdullayev Milli.Az xəbər portalına bildirdi ki, kolbasanın ətdən deyil, başqa bir xammaldan hazırlanması kimi məlumatlar məlum deyil. Onun sözlərinə görə, Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən kolbasanın yalnız təhlükəsizlik göstəriciləri araşdırılır. Son zamanlar yerli kolbasalarda neqativ hallar aşkarlanmayıb.