Kreslo

kreslo
Oxunma sayı: 794

Beləcə bir neçə həftə dalbadal cümə günləri o küçədən keçərkən həmin kreslonu orada eləcə atılıb qalmış gördüm. Bir gün də namaza tələsməyimə, havanın soyuq və çovğunlu olmasına rəğmən, bir neçə saniyə dayanıb kresloya baxdım. Bu bir neçə saniyə mənə bir qərinə kimi göründü. Məhz elə bu bir neçə saniyə ərzində onun, kreslonun bütün ömrü gözümün qabağından gəlib keçdi. Ordan ayrılıb məsçidə çatanacan isə kreslonun xəyalı bütün həyatını mənə danışdı...

Bir meşədə bir ağac idi. Gəlib kəsdilər. Aparıb parçaladılar. Yonub hissə-hissə nə isə düzəltdilər, hansısa formalara saldılar.
Torpaqdan çıxan bir pambıq qozası idi. Dərib yığdılar. Fabrikə gətirib yuyub diddilər, müxtəlif bitki və və kimyəvi rənglərlə boyayıb qurutdular, sap hördülər, ayrı-ayrı topalara yığdılar. Sonra başqa bir fabrikə gətirib saplardan çox bəzəkli bir parça toxudular.

Torpaq idi. Maşınlara yığıb filiz mədəninə gətirib təmizlədilər. Minlərlə dərəcə istidə təzyiq altında dəmir halına saldılar. Sonra bu dəmir parçalarını bir zavoda gətirərək əridib müxtəlif qəliblərə tökdülər, mismarlar və bərkidici detallar düzəltdilər.

Müxtəlif elementlərdən ibarət bir şey idi. Hansısa kimya müəssisəsində üstündə aparılan kimyəvi reaksiyalardan sonra xoş qoxulu laka çevrildi. Qutulara töküb satdılar.

Başqa bir müəssisədə isə oxşar proseslərdən sonra hansısa maddələrlə qatıb-qatışdıraraq çox möhkəm yapışqan düzəltdilər.

Polietilen bir maddə idi. Digər bir yerdə ondan müxtəlif qalınlıqlarda çox yumşaq sintetik material hazırladılar.

Bir usta əlinə müxtəlif alətlərlə yanaşı formaya salınmış bu taxta parçalarını, dəmir mismarları və bərkidici detalları, toxunmuş parçaları, lopa-lopa pambıqları, yumşaq materialları, yapışqan və lak qutularını da götürüb bir sexdə başladı işləməyə. Bir neçə gün çalışıb, çalışıb mükəmməl bir oturacaq-kreslo hazırladı. Çox bəzəkli, çox rahat, çox sevimli idi. Üstündə oturub necəliyini ilk yoxlayan da həmin usta oldu. Sonra fəhlələr gəlib bu kreslonu çox ehtiyatla kağız parçalarına və polietilən örtüyə büküb maşınla gətirib qoydular bir mebel mağazasına.

Mağazada durduğu dövrdə çoxları gəlib yanından keçmişdi. Bəziləri heç diqqət yetirməmiş, bəziləri baxıb, hətta oturub yoxlamış, lakin bəyənməmiş, bəzilərinin isə xoşuna gəlsə də, almağa kifayət qədər imkanı olmamışdı. Bəli, günlərin bir günü ona illər uzunu sahib olacaq həmin o adam tapıldı... Yanında bir qadınla gəlmişdi. Danışığından hiss olunurdu ki, evlərində hər cür mebel var. Lakin kişi öz iş otağında qoyub, yalnız özünün oturacağı və səviyyəsinə, tutduğu ictimai mövqeyə uyğun oturacaq bir şey axtarırdı. Lakin həmin oturacaq həm rahat, həm sanballı, həm də rənginə görə digər mebel avadanlıqları ilə ahənglik təşkil etməli idi. Eynəkli kişinin gözü o dəqiqə bu kreslonu tutdu. Qadın da onun bu seçimini bəyəndi. Çox bazarlıq etmədən pulunu verib evə gətirdilər.

Bu adam zövqlə işləyib yazı yazarkən üstündə oturduğu yeni kreslosunu çox sevərdi. Hətta tez korlanmasın deyə üstünə çox bahalı və bəzəkli xalça-örtük də sərmişdi. Hər həftəsonu evdəkilər tozunu alırdılar. Kreslo da otaqda tək qaldığı zaman sahibi üçün çox darıxardı. Onlar bir yerdə olan zaman kreslo öz sahibinə rahatlıq verə bildiyi üçün bundan həzz alırdı. Beləcə uzun illər bir yerdə yaşadılar. Bəzən sahibinin övladları da gizlicə gəlib atalarının kreslosunda yayxanaraq özlərini bir böyük kimi hiss etməyə çalışırdılar. Bir müddət sonra isə nəvələri gəlib kresloya dırmaşar, onun üstünə qalxaraq masanın üstündəki kağızları dağıdardılar. Bəzən əlindəki yeməli şeyləri kresloya sürtüb onu bulaşdırardılar. Sahibi bunu xoşlamasa da, nəvələrinin xətrinə dəyməz, daha sonra isə onu sildirər, bəzən hətta özü təmizləyərdi. Lakin nə qədər qayğısına qalsalar da, zaman öz işini görürdü. Artıq əvvəli kimi parlaq görünmürdü. Lakin rahatlığına söz ola bilməzdi. Hələ bundan sonra da çox-çox uzun illər normal istifadə edilə bilərdi.

Bir gün sahibi mebel mağazalarının birində olarkən eynəkli gözü gözəl bir kresloya sataşdı. Bu kreslo çox xoşuna gəldi. Köhnə kreslosuna nə qədər öyrəşsə də, ona nə qədər rahat olsa da, artıq əvvəlki kimi təzə, parlaq və gözəgəlimli deyildi. Hətta evinə gələn sanballı qonaqlardan bir neçəsinin otağında olarkən onun köhnə kreslosunu görüb gizlicə ağız büzdüyünü də sezmişdi.

Bəli! Qərarını verdi. Nəhayət ki, bəyəndiyi kreslonu aldı. Yeni kreslo çox gözəl duruşlu, fərqli dizaynda, müasir materiallardan hazırlanmış parlaq və formasına görə gözəgəlimli, hətta cazibədar idi.

... Yenə otağın qapısı açıldı. Gələn yenə sahibi idi. Amma bu dəfə tək deyildi. İki fəhlə əllərində nəsə otağa gətirmişdilər. Üstündəki qoruyucu polietilen və kağız örtüklər açıldıqdan sonra içində çox gözəl bir kreslonun olduğunu gördü. Çox sevindi. Düşündü ki, daha otaqda tək qalanda darıxmayacaq. Ona belə bir gözəl yoldaş tapdığı üçün hətta sahibinə təşəkkür edirdi.

...Lakin heç nə anlamadı. Fəhlələr onu götürüb yenisini onun yerinə qoydular. Sahibi böyük həvəslə yeni kresloya oturub dərindən bir ah çəkdi. Üzü gülürdü. Yeni kreslo ilə sahibi çox xoşbəxt idi. Həmin an köhnə kreslo bu otağa yeni gəldiyi anları xatırladı. Elə yenicə xəyallara dalmışdı ki, birdən sahibinin göstərişi ilə fəhlələr onu götürüb otaqdan çıxardılar. Düşündü ki, yəqin daha onu ailənin digər üzvlərinin ixtiyarına verirlər. Buna da sevindi. Artıq həyatı daha şən keçəcəkdi. Daha çox şeylər görüb, söhbətlər eşidəcəkdi. Lakin fəhlələr onu yerə qoymadan elə aparırdılar. Mənzildən tamam çıxdı. Dar pilləkənlərlə çıxardılar, düz gətirib küçənin qırağındakı bir yatımtikilinin yanında çox ehtiyasızcasına yerə buraxdılar. Bütün içalatı silkələndi. Sonra bir kənara, divara söykədilər.
Uzun illərdən sonra ilk dəfə idi ki, günəşin şüaları onun üstünə düşdü. Bir neçə metr aralıda, yolda səsboğucularından tüstü çıxan maşınlar durmadan şütüyürdü. Hər tərəf-səs küy idi. Bir neçə saat burda qaldı. Günəş buludun arxasında gizləndi. Axşama doğru hava lap soyudu. O isə sahibi üçün darıxırdı. Heç nə anlamırdı. Otağına getmək istəyirdi. Lakin saatlar, günlər keçdi, gözlədiyi baş vermədi...
İlk dəfə idi yağışın, ardınca da qarın nə olduğu hiss etməyə başladı. Amma yox. Üzərinə yağan bu yağış, qar hardansa ona tanış idi. Lakin hardan tanıdığını xatırlaya bilmədi. Unutmuşdu... Yenidən halına baxdı. Parçasından tutmuş taxtasının içinə kimi tamam islanmışdı. Artıq bir neçə gündən sonra əvvəlki halından bir şey qalmamışdı. Üstü çirklənmiş, rəngi solmuş, taxtası və parçası çürüməyə başlamışdı. Əvvəllər mebel yağının iyini verərdisə, indi üfunət iyi verirdi. Hər gün də yanına əlavə olaraq polietilən paketlərdə və açıq şəkildə digər zibillər atılırdı. Kədər onu sıxırdı. Dərd əlindən parça-parça olmağa qalmışdı. Dərdini bölməyə bir kəs axtarırdı. Elə bu dəm məni gördü. Yazıq görünüşü ilə mənə baxdı. Elə bildi ki, gəlib indicə ona sahib çıxacam, təmizləyib yenidən üstündə oturub özüm rahatlanacam, ona da sevinc bəxş edəcəm. Lakin mən də onu bu soyuq, qarlı çovğunlu havada tənha buraxıb getdim. Lakin görünüşü, duruşu bir an belə yadımdan çıxmırdı. Hətta namaz vaxtı da nə qədər etdimsə, həmin kreslonu başımdan çıxara bilmədim.
Qayıdarkən yenə ordan keçib ömrünün son günlərini yaşayan həmin kresloya bir daha baxmaq istədim. Lakin kreslo yerində deyildi. Gördüm ki, iki nəfər kreslonu götürüb çox ehtiyatsız və bivec şəkildə yük maşınının arxasına tulladılar. Mən bu maşını formasından tanıdım. Bu, zibil maşını idi. Bir neçə dəqiqədən sonra kreslo zibil poliqonlarının birində dəfn olunacaqdı...

Dayanıb bir neçə saniyəlik də olsa, kreslonun atıldığı tinin yaxınlığındakı evin pəncərəsinə baxdım. Havanın soyuqluğuna baxmayaraq pəncərə açıq idi. Keçmiş sahibi zibilin yaxşıca yığışdırılmasına nəzarət edirdi. Birdən gözüm pəncərənin şüşəsindən əksi görünən və keçmiş sələfinin aqibətindən xəbərsiz olan yeni, bir bəzəkli kresloya sataşdı. Özündən çox arxayın idi. Məğrur və qürurlu duruşu var idi. Hiss elədim ki, sahibini çox sevir. Sahibi də onu sevirdi...