“Mitinqlər üçün ən məqbul, yəni, o insanlara yaraşan yer seçilib”

mitinqler-ucun-en-meqbul-yeni-o-insanlara-yarasan-yer-secilib
Oxunma sayı: 639

Prezident İlham Əliyev Nazirlər Kabinetinin dünən keçirilən iclasında bir sıra məsələlərlə bağlı münasibətini bildirib. “Qafqazinfo” xəbər verir ki, prezident Azərbaycana qarşı təxribatçı qüvvələrin olduğunu bildirib: “Bir daha demək istəyirəm ki, Azərbaycan öz yolu ilə gedir. Bizə qarşı informasiya təxribatları əfsuslar olsun ki, dediyim faktlarla məhdudlaşmır. Elə qüvvələr vardır ki, bölgədə vəziyyəti qarışdırmaq istəyirlər. Elə qüvvələr vardır ki, Azərbaycanı öz qonşuları ilə üz-üzə qoymaq istəyirlər. Burada da informasiya təxribatlarından istifadə edilir. Başqa necə istifadə edə bilərlər?! Mümkün deyildir. Çünki qonşularımızla əlaqələrimiz tarixi köklərə söykənir. Biz bütün qonşularla, - Ermənistan təbii ki, istisna olmaqla, - normal, yaxşı dostluq münasibətləri yaratmışıq və bu dostluq münasibətlərini gücləndiririk, gücləndirəcəyik. Heç bir qonşumuzla problemimiz yoxdur.

Azərbaycan heç vaxt başqa ölkələrin planlarında iştirak etməyəcəkdir. Mən bunu dəfələrlə demişəm. Hələ prezidentlik dövrümün əvvəlində demişəm. Azərbaycan qarşıdurma arenasına çevrilməyəcəkdir. Kim istəyir Azərbaycanı qarşıdurma arenasına çevirsin, getsin özü üçün başqa yer axtarsın. Biz heç vaxt imkan verə bilmərik ki, ərazimizdən qonşulara qarşı hansısa mənfi planlarda istifadə edilsin və bunu hamı bilir. Belə olan halda yenə gəlir informasiya təxribatı məsələləri. Mötəbər, dünya səviyyəli mətbu orqanlarda çirkin yalanlar dərc edilir. Sonra bu yalanları təsir altında olan digər mətbu orqanlar yayır. Beləliklə, rəy formalaşır. Yaxud da ki, formalaşdırmağa çalışırlar ki, Azərbaycan bölgədə hansısa başqa planlara malikdir.

Bizim bir istəyimiz var ki, bölgədə sülh, sabitlik, əmin-amanlıq olsun. Qonşularla münasibətlər prioritet xarakter daşıyır. Biz bu bölgədə yaşayırıq və yaşayacağıq. Mən qonşulardan da Azərbaycana ancaq müsbət münasibət görürəm və buna çox şadam. Ona görə, biz bunu bilməliyik, bu barədə açıq deməliyik və buna qarşı biz öz prinsipial mövqeyimizi qoymalıyıq və qoyuruq.

Nəhayət, “Eurovision” mahnı müsabiqəsi ilə bağlı ölkəmizə qarşı mətbuatda çirkin kampaniya əfsuslar olsun ki, davam edir. Biz bu kampaniyanın arxasında hansı qüvvələrin dayandığını yaxşı bilirik. Yaxşı bilirik ki, hansı ölkənin mətbuatında bu kampaniya daha sürətlə gedir. Elə ölkələr var ki, orada nəinki hər həftə, hər gün Azərbaycan ilə bağlı çirkin, böhtan xarakterli yazılar gedir. Təbii ki, bu, əlaqələndirilmiş şəkildə aparılan bir siyasətdir. Ancaq bu siyasətin heç bir nəticəsi yoxdur və olmayacaqdır. Çünki bizim siyasətimizə təsir edə biləcək qüvvə yoxdur və nə qədər ki, mən bu kürsüdəyəm heç vaxt olmayacaqdır. Biz öz yolumuzla gedəcəyik. Müstəqillik yolumuzla, azadlıq yolumuzla gedəcəyik!

Azərbaycanda bütün azadlıqlar vardır. Bizi bəzi hallarda nədəsə, yəni, antidemokratik addımlarda ittiham etmək istəyənlər getsinlər öz ölkələrində nə baş verdiyini görsünlər. Orada hər gün, hər həftə nümayişə çıxan insanlar döyülür, əzilir, onların başı partlayır, yüzlərlə nümayişçi həbs edilir. Bu, o ölkələrdir ki, onların bəzi mətbu orqanları Azərbaycana qarşı çirkin kampaniya aparırlar. Yaxşı atalar sözü var bizdə, deyir: “Öz gözündə tiri görmür, başqasının gözündə tükü seçir”. Bax, yerinə düşər bu atalar sözü.

Bizdə demokratiya da, söz azadlığı da, vicdan azadlığı da, sərbəst toplaşmaq azadlığı da vardır. İndi bütün Azərbaycan ictimaiyyəti bunu da gördü ki, ölkəmizdə sərbəst toplaşmaq azadlığı vardır. Əgər bütün bu imkanlardan istifadə etmək istəyənlər normal davranış qaydalarını gözləsələr, şəhər meriyasının göstərdiyi yerdə öz tədbirlərini keçirsələr onda sərbəst toplaşmaq hüququndan yararlana bilərlər. Mən hesab edirəm ki, şəhər meriyası çox müdrik addımlar atıbdır və nümayişlər, mitinqlər üçün ən məqbul, yəni, o insanlar üçün ən məqbul və onlara yaraşan yeri seçibdir. O yerdə istənilən tədbiri keçirmək mümkündür. Bu tədbirlər məhz o yerdə keçirilməlidir.

O ki qaldı bizim gələcək planlarımıza, bir daha demək istəyirəm ki, biz inamla qabağa gedirik. Bizə qarşı təxribatlar bundan sonra da olacaqdır. Bizə qarşı informasiya mübarizəsi bundan sonra da aparılacaqdır. Bu, bizi narahat etmir. Sadəcə olaraq, biz bu barədə danışmalıyıq, öz tədbirlərimizi görməliyik, Azərbaycan xalqının xoşbəxt gələcəyini təmin etməliyik”.