Moskva qeydləri: İlqar Altay - Eksklüziv

moskva-qeydleri-ilqar-altay-ekskluziv
Oxunma sayı: 1186

Həftənin 1-ci günü 26-ı isə həmin təyyarə qəzası ilə bağlə Moskvada yerləşən BAK(Beynəlxalq Aviasiya Komitəsi)-də olum.

Uçmazdan az öncə, bir neçə qəzet və sayta yazıçı Rafiq Tağının qətli ilə bağlı İran ayətullahı Cavad Lənkəraniyə göndərdiyim məktub barədəki informasiyanı dərc etmələrini xahiş etdim. Məktub yazıçıya sui-qəsdin İran versiyası barədə apardığım təhqiqatın bir növ, nəticəsi idi. Sonda onu yazmalı və fikirlərimi çatdırmalı idim. Məktub məna və mahiyyətinə görə İran ali ruhaniləri və hakimiyyəti, iranyönlü dindarlara və iranpərəst insanlara olduğu kimi, haradasa, Baş Prokurorluğumuza və qətl barədə aparılan istintaqa da aidiyyətli idi. Bu da təbiidir, araşdırma obyekti eynidir... Düşündüm ki, müraciət olunan 5-6- KİV-dən bunu bir-ikisi belə, dərc etsə, bu da kifayətdir.

Mətbuat orqanlarının qərarına, öz mövqelərini qorumalarına həmişə hörmətlə yanaşmışam. Bilirəm ki, şair deyiləm ki, güldən-bülbüldən yazıb hamının qəlbini oxşayım. Faciə, konflikt və ziddiyyətlərin tədqiqi ilə məşğulam. Tədqiqat yazıları isə nəticə etibarı ilə həmişə mütləq hansısa tərəfin mövqeyinə uyğun gəlməyib, ziddiyyət yarada bilir. Yoxsa, gərək bu işlə məşğul olmayasan. Ona görə də, ən yaxın bildiyim mətbuat orqanı belə, hətta, söz verib dərc etməsə belə, artıq, buna öyrəncəliyəm. Düşünürəm ki, demək, dərc edərmişsə, mənə görə problemə düşərmiş, yaxşı ötüşdük!

Rafiq Tağının qətli barədə son müzakirəm.

22 dekabr, axşam saat 23.00. Qatarla Moskvadan Smolenskə gəlib çatmışam. Bakılı həmyerlilərimizin «Sem-sorok» hotelindəyəm. Hoteldə internet şəbəkəsi çalışdığına məmnunam. Baxıram görüm, informasiyamı kimlər dərc edib. İlk gözümə sataşan, baş prokurorumuz Zakir Qaralovun Rafiq Tağının ölümü barədə «Trend»ə verdiyi müsahibəsi və bunun müxtəlif saytlarda yayılması oldu. Baxıram ki, mənim məktub-informasiyamın dərcindən təxminən 2 saat sonra yayılıb. Maraqlıdır...

Əlbəttə, ölkənin baş prokurorunun qətl hadisəsi ilə bağlı xüsusi diqqət ayırıb, ayrıca müsahibə verib aydınlıq gətirməsi müsbət haldır. Bundan əvvəl də, hüquq-mühafizə orqanları rəhbərlikləri Rafiq Tağının qətli cinayətinin üstünün açılması ilə bağlı birgə müşavirə keçirmiş və bəyanatlar vermişdilər. Həm də bu işin dövlət rəhbərliyinin də nəzarətində olduğunu bildirmişdilər. Bunlar da açığı, hakimiyyətə qarşı qərəzli irad fürsəti yarada bilməyəcək müsbət addımlardır. Baxmayaraq ki, bəziləri bu addımları məsələyə güclü beynəlxalq nəzarətin fövqündə qəbul edir. Rəhbərliyin bu cür intensiv diqqətindən sonra istintaq və əməliyyat tədbirlərinin də zəruri səviyyədə aparılması şübhə doğurmur.

Mənim isə, müstəqil tədqiqatçı və həm də mütəxəssis kimi rəsmi dairələrimizə iradım və suallarım məsələnin başqa tərəfləri barədədir.

Niyə, Azərbaycan hakimiyyəti öz vətəndaşı barədə xaricdən ölüm hökmü (fitvası) çıxaran və bu fitvanı KİV vasitəsilə dünyaya yaymaqdan başqa, həm də onun icra olunmasını mənəvi və maddi cəhətdən həvəsləndirən şəxslərə, yəni iranlı ayətullahlara qarşı kimliyindən asılı olmayaraq, vaxtında rəsmi etiraz bildirməyib? Baxmayaraq ki, yazar öz əməlinə görə dövlətin qanunları çərçivəsində mühakimə olunub və adekvat cəzasını çəkib. Niyə, vaxtında həmin mənfur fitvanın mahiyyəti, təsir qüvvəsi, icra mexanizmi öyrənilməyib, ciddi fəsad verə biləcəyi ehtimalı nəzərə alınmayıb və yazıçı-publisistin təhlükəsizliynə diqqət ayrılmayıb?

Hörmətli Zakir müəllim öz müsahibəsində bir baş prokuror kimi, Rafiq Tağının «Dünya və biz» məqaləsindəki dinin tənqidi faktoru əsasında qətlə yetirilə bilməsini təsdiq edərək, məqalə dərc olunan «Sənət» qəzeti redaktorunun təhlükəsizliyinin qorunmasını vacib sayır. Belədirsə niyə, istintaq üçün qəsdən adam öldürmə əməlinin ən sadə və yüngül (məişət) forması (120.1.) seçilir və 120.1.12- dini ədavətlə bağlı qəsdən adam öldürmə maddəsi tövsib olunmur?

Bu maddə çox təbii ki, istintaq və əməliyyat tədbirləri üçün daha geniş imkanlar aça bilərdi. O mənada ki, Rafiq Tağıya qarşı atası ayətullah Fazil Lənkəraninin çıxardığı ölüm fitvasının hazırlanıb yayılmasında iştirak edən, yazarın ölümünün təbliği elanını ofisinin girəcəyindən asmaq və ölümündən sonra təbrik bəyanatı yaymaq və sair daha nələr dərəcəsində ədavət saxlayan ayətullah Cavad Lənkəranini şübhəli şəxs qismində istintaqa cəlb etmək üçün həmin maddə geniş imkanlar yaradardı.

Bir də ki, məhkəmə-tibb ekspertzasının Rafiq Tağının ölüm səbəbi ilə bağlı verdiyi rəylə qismən də olsa, razılaşmadığımı qeyd edim. Ekspert həmkarlar inciməsinlər, qarışıq, aydın olmayan nəticəli rəydir. Orada xəsarətlərdən daha çox, orqanizmin keçirmiş olduğu xəstəliklər ortaya atılır. Səbəb nədir? Bu əslində daha çox patoloji anatomların xəstəlikdən ölənlərə verdiyi rəyə oxşayır. Ekspertlər praktikada adətən, ölüm səbəbini ayldın edə bilməyəndə belə qeyri-konkret rəy hazırlayırlar. Fikrimcə həmin rəy yenidən formulə edilib konkretləşdirilməlidir, ya da, təkrar ekspertiza keçirilməlidir. Məhz, bu tip qətllərdə ekspert rəyi istintaqın istiqaməti və aparılması və gələcəkdə qatilin cinayət əməlinin ağırlığının müəyyənləşdirilməsi üçün xüsusi əhəmiyyət daşıyır.

Bir də ki, Rafiq Tağının qətli ətrafında müzakirələrimi dayandırmaq niyyətindəyəm. Hiss edirəm ki, artıq, bununla bir çox tərəfləri narahat etməyə başlayıram. Bir qədər də deyəsən, «canifəşanlıq» və «yararlanmaq» kimi düşüncələrin yaranması həddi yetişir. Və həm də, dindarlar tərəfindən düzgün başa düşülməmək ehtimalı yarana bilər, halbuki, islam dininə böyük hörmət ruhundayam və ailəm də, namaz qılandır. Sadəcə, bu məsələnin üstündə intensiv dayanmaqda iki əsas səbəb var idi. Dindən öz maraqları üçün sui-istifadə halına tolerantlıq göstərmək olmaz. Əsası da, bir ölkənin vətəndaşının, xüsusilə, ziylı-yazarının qanundan kənar, ölümlə cəzalandırılması həm insanlığa, həm dövlətçiliyə, həm də bütün ictimaiyyətə qarşı alçaldıcı çağırışdır. Bu qədər.


Lex Kaçinski faciəsi. Cəhənnəmə eniş.

23 dekabr 2011. Smolensk, «Severnıy» aeroportu. Könə, qızıl ulduzlu darvazası və girişinin görüntüsündən hiss olunur ki, vaxtilə hərbi obyekt olub. Bilirdim ki, işləmir. Məni gətirən maşındakı tanışlara gözləməyi xahiş edib NKM(nəzarət-keçid məntəqəsi)-nə yaxınlaşıram. Düşünürəm, özümü necə təqdim edim, nə deyim ki, içəri buraxsınlar. Qapıdan girəndə görürəm ki, heç kim yoxdur, nəzarətçi otağının pəncərə şüşəsi sınıb, özü də boşdur. İçəri əraziyə keçirəm, yiyəsizlikdir, qəlbən rahatam. Qar basmış yolun sol tərəfi hərbçilər üçün tikilmiş evlər, sağ tərəfi daş yarıuçuq hasar və hasarın o tərəfində sökülmüş hərbi maşınlar.

Yolla düzünə irəliləyirəm. Qarşıda iki alman ovçarka iti görünür. Birisi boza çalır, axsaqdır. Axsaq hərəkətdədir, mən yeridikcə böyür-başımda hərlənir. Axsamyan qara rəngli isə, dayanıb mənə baxır və sonra, o da bizə qoşulub arxamca irəliləyir. Yolun sonu aerodrom ərazisinin başlanğıcı ilə qurtarır. Hündür olmayan hasar, əyri şlanqbaum, ondan solda keçid məhəccəri və ondan da sonra postament üstündə köhnə qırıcı təyyarənin maketi. İçəri sahəyə keçirəm. İtlər daha məni müşaiyət etməyib geri dönürlər. Ərazinin sağ tərəfində köhnə, iri, sökülmüş təyyarələr sıra ilə düzülüb. Heç kəs yoxdur. Fotoşəkillər çəkirəm. Qarşıda solda qar altında uçuş xətti. Uçuş xəttinə yaxın sağ tərəfdə daxmaya oxşayan uçuq, köhnə dispetçer binası. Aerodromun qarşı tərəfdəki kənarı boyu meşələr. Yadıma Şəmkirdə yerləşən bizim hərbi aerodrom düşdü. Ora da Sovet qoşunları gedəndən sonra beləcə dağılmışdı. Bir xeyli müşahidə aparıb ərazidən çıxarkən, uzaqdan uçuş xəttini qardan təmizləyən hərbi maşın gördüm. Anladım ki, hərdən də olsa, bura hərbi təyyarə enir.

Bir şeyə təəccüb qalmışam ki, Polşa kimi tutarlı bir ölkənin prezident təyyarəsini bu xaraba yerə necə endirmək istəyirmişlər? Özü də dövlətin bütün rəhbər elitası ilə dolu böyük bir təyyarəni. Hansı texnika, hansı naviqasiya, idarəetmə avadanlıqları ilə? Hansı aviadispetçerlər və uçuşu idarə və qəbul etmə heyəti ilə? Bura yalnız gündüz vaxtı, aydın hava şəraitində bəzi hərbi təyyarələr enə bilər. Sonra öyrəndim ki, onlar da ki, çevik döyüş və ya təlim təyyarələridir. Onlar lap, yeri gəlsə, torpaq yerə, əkin sahəsinə də enə bilərlər. Rusiya dövlət rəhbərləri bunu bilərək, necə razılıq veriblər bu enişə? Bəs, Polşa başbilənləri, aidiyyətli rəhbərlər öz prezedint-ali hərbi komandanlarını necə göndəriblər bu xarabaya? Belə çıxır ki, 40-cı ildə güllələnmiş minlərlə Polşa zabitinin Katın faciəsini yad etməyə gedən prezident həyat yoldaşı və ətrafı ilə birlikdə yeni bir Katın faciəsinə göndərilibmiş. Və yaxud, gətirilibmiş?!

Bir təhər, soruşa-soruşa iki nəfər içkili zabit tapıb söhbət etdim. Xeyli sual verdim, onun da xeylisini cavablandıra bilmədilər. Giley etdilər ki, həmin aviaqəzadan sonra prezident Medvedyev çıxış edib söz verdi ki, buranın yerində yeni müasir hava limanı tikiləcək. Amma əksinə, ondan sonra bura tam baxımsız qaldı və bu günə düşdü. Maşınla qar yolu ilə gedib 1 km aralıda meşədə qəza baş vermiş yerə baxdıq. Qəza vaxtı zədələnmiş ağaclar, qarın altından təyyarənin dəmir-metal qalıqları görünür. Tədqiqatım üçün lazım olan məlumat və faktlar az deyil.

Bu yerlərlə tanışam. Vaxtilə buradan cəmisi 200 km aralı qonşu Kaluqa vilayətində eyni təbiəti olan rayonlarda ekspert işləmişəm. Çox riskli, ölümün ucuz başa gəldiyi yerlərdir. Əksər hadisələr və hətta adi hadisələr belə, ölümlə nəticələnirdi və çoxlu meyid ekspertiza-müayinəsindən bezirdik. Dünyanın, ölümü doğumunu xeyli qədər üstələyən nadir məkanıdır. Tarixən də belə olub, çox müharibələr, qanlar, ölümlər görüb bu yerlər. O vaxt hərdən yığışıb, Uqra çayı kənarındakı meşələrə gedərdik, uxa (balıq şorbası) bişirməyə. Torpağı azca qurdalayırdın, altından müharibədən qalan silah, güllə, mərmi qalıqları, dəbilqə, metal düymə, insan sümükləri çıxırdı. Monqolların, Napoleonun, Hitlerin, elə rusların özünün də nə qədər qoşununu udub bu torpaqlar. Qalmışdı bir Polşa prezidenti, onu da uddu! Görəsən bu gün bu sərt, rəhimsiz Rusiya çöllərində nə qədər azərbaycanlılarımız, gənclərimiz əldən gedir. Bunun hesabatını aparan varmı?


Moskvada mitinq. «Ağ inqilab» və ya «Rus qışı».

24 dekabr 2011. Səhər saat 6.00.-da geriyə, Moskvaya çatdım. Saxarov prospektində yerləşən «Leninqrad» hotelindəyəm. Otaqlar bir az bahalıdır, ancaq razılaşdım, bu gün Saxarov prospektində, düz hotelin yanında ümummüxalifət mitinqi olacaq deyə. Prospekt və ona gedən yollar mitinqə görə artıq bağlanmaq üzrə idi. Yuxuya getdim və saat 13 radələrində səsgücləndiricilərin səsindən oyandım. 10-cu mərtəbədəki otağımın pəncərəsi düz, Saxarov prospektinə açılır. Müşahidə üçün yaxşı fürsətdir.

Minlər, onminlərlə insan seli əllərində bayraqlar, ağ şarlar, sinələrində ağ lentlər prospektlə sakitcə mitinq yerninə axışır. Haradasa bir, bayram əhval-ruhiyyəsi var. Polislər də mülayimdirlər, insanları xüsusi keçid yoxlama aparatlarından keçirirlər. Görünür ki, dövlət mitinq təşkili işini səviyyəli qurub, hətta səyyar tualetlər qurulub. Müxtəlif partiya, hərəkat və cərəyanların dəstələri mitinqə axışır. Təxminən, mənim hesabımca, 200 min ətrafında adam var. Televizoru açıram, Rusiya telekanalları, 26 mindən çox iştirakçı olduğunu deyir. Mitinqçilərin əksərən gənclərdən ibarət olduğu barədə söylənilənlər həqiqət deyil. Çoxlu orta və ahıl yaşlı insanlar gördüm. Əsasən intellekt səviyyəli, səliqəli və orta imkanlı təbəqələr gəlmişdi.

Ancaq dövlət rəhbərliyi də deyəsən, mitinqə hörmətlə yanaşır, kütlənin fikir və tələblərini nəzərə almağa başlayır. Artıq Prezident siyasi reformalar bəyan edib. Elə, mitinqin gedişində TV xəbərlərdə Prezident Şurası MSK sədrinin seçkini səviyyəsiz keçirməsi və tutduğu vəzifəyə uyğun gəlməməsi barədə bəyanatını yaydı. Hiss olunur ki, xalq hakimiyyətdən, xüsusən Putindən narazıdır. Görünür, cənab Putin xalqın ona göstərmiş olduğu etimaddan, inamdan vaxtında düzgün istifadə edə bilməyib. Arxayınlıqdan doğan səhvləri çox olub. Xüsusilə, Medvedyevlə bu son rokirovka-yerdəyişmə oyunları onun reytinqini aşağı salıb. Ancaq hakimiyyət buraxmış olduğu səhvləri deyəsən, anlayır, xalqdan ehtiyat edir, konfrontasiya yolu tutmur. Polisin davranışından da bu hiss olunurdu. Hələlik, hiss etmək olur ki, Putin hakimiyyəti ərəb diktatorları, Bəşər Əsəd kimilərdən müsbət mənada fərqlidir, düşüncəlidir və ölüm inadlcıllığından, sivil kompromissləri inkar yolundan uzaqdır.

O da hiss olunur ki, artıq Rusiya xalqı əvvəlki xalq deyil. Bu neçə son ildə Qərbin rus düşüncə və davranışına böyük təsiri olub. Əksər beyin, düşüncə və nəzərlər Avropa mədəniyyətinə, inkişafına, yaşayışına, davranış və idarəetmə qaydalarına köklənib. Açıq deməliyəm ki, rus adamı Şərqə arxa çevirmək dərəcəsində Qərbə üz tutub. Bu qadağalar dövründə əməlli-başlı vətəndaş cəmiyyəti yetişib. Hiss olunur ki, Qərb də bu illərdə az işləməyibmiş Rusiya üzərində. Sosial şəbəkələrdən tutmuş, müxtəlif mədəniyyət, incəsənət və idmana qədər beynəlxalq tədbirlər rus insanına təsir vasitəsi funksiyasını yerinə yetirib. Bütün bu, «Evrovizion», Olimpiada, yarış və mədəniyyət toplantı-tədbirlərinin Rusiya ərazisində keçirilməsi məqsədyönlü təsir vasitəsi imiş. Görünən odur ki, burada hakimiyyət dəyişikliyi gözləmədiyimiz dərəcədə sakit, sivil keçə bilər.

Mövcud Rusiya hakimiyyəti də yaranmış vəziyyəti real götür-qoy edir, hər şeyi başa düşür. Başa düşür ki, bu illərdə Rusiya nefti və qazını istədiyi kimi istifadə etmək və şəriksiz, təpkisiz hakimiyyət məmnunluğundan xəyallarda uçmaqla reallıq itirilib, xalq əldən verilib. Ölkədə ictimai silkələnmə baş verib, xalqda oyanış, hakimiyyət elitasında şok yaranıb. Bəlkə də, vaxtında demokratiyanın qarşısı sərt alınmasaydı, xalqın sərbəst toplaşma, azad söz və səsvermə hüququna hörmət edilsəydi, belə bir möhtəşəm və gözlənilməz ictimai silkələnmə də baş verməzdi. Nə isə, özünü Qərblə qarşı-qırşıya durmaq dərəcəsində ağıllı və qüdrətli hesab edən Putin sən demə, Qərbə böyük hesabla uduzub.

Bizim Azərbaycan hakimiyyəti üçün, təcili demokratik islahatların qaçılmazlığı üçün açıq və vacib nümunədir Rusiyada bu gün baş verənlər.


Daha bir məsələ barədə. Gecikmiş ittihama gecikmiş cavab.

25 dekabr 2011. Moskva, bazar günü səhər, hoteldəyəm. Düz bir il bundan əvvəl, həmin bu gün «Azadlıq» qəzetində Natiq Güləhmədoğlu adlı birisinin mənə qarşı kəskin böhtan və təhqir dolu yazısı verilib. Sən demə, kişinin oğlu İlqar Altayın Ukraynada apardığı «Qara transplantasiya» qanunsuz insan orqanı alveri barədəki müstəqil təhqiqatı ilə bağlı «Olaylar» qəzetinə verdiyi müsahibədən qəzəblənibmiş! Mənim: «Öz bədən orqanını satan insan bir vaxt aylır ki, artıq, əlil olub» sözümə hansı məntiqləsə, bəhanə tapıb, məni 2003-cü ildə mübarizə dostlarını satan birisi adlandırıb. Əlaqəsizliyə bir baxın. İctimai rəhbər, ayətullah kimi hələ bir, hökm-fitva da çıxarıb ki, ictimailəşmək üçün öncə gəlib, onun (ya, onların) suallarına cavab verib, icazə almalıyam. Bu barədə bu yaxınlarda xəbər tutub və gedib kitabxanadan qəzeti götürüb oxuyub, surətini çıxarmışam.

Üstündən keçmək istəyirdim. Bu saat, həyatın qaynar, sürətlə dəyişən, yalnız irəlini düşünmək ehtiyacı yaradan dövrdür. Sonra öyrəndim ki, bu şəxs həm də AXCP İdarə Heyətinin üzvü, cənab Əli Kərimlinin böyründə oturanlardandır. Hərgah ki, o vaxtkı yaxın münasibətlər zamanlı o həndəvərdə Güləhmədin oğlu adlı gəncə rast gəlməmişdim. Bir də ki, axı, hər halda, ixtisaslı kriminalist-ekspert, təhqiqatçıyam. Ev yanır külə dönür, içində də insan yanır külə dönür. Hətta, həmin külü götürüb, baxıb deyə bilirəm ki, bu insan öləndən sonra yanıb, ya, yanandan sonra ölüb. Bu kiçik ölkəmizdə hər bir ictimai-siyasi «süzüntünün» haradan qaynaqlanıb hara axdığını da təbii ki, bilməmiş deyiləm. Aydındır ki, ilin-günün bu vaxtı, ciddi müxalif partiyanın rəhbər orqanında çalışan şəxs öz rəhbərindən icazəsiz, ya, tapşırıqsız ciddi bir müxalif qəzetdə mənim kimi «xatalı» bir şəxsə baş qoşub, bu cür yazı verməzdi. Düşündüm ki, hansısa formada buna bir cavab verim.

İndi, burada komik vəziyyət alınır. Üstündən yeddi il keçmiş hadisələrə görə sürülən ittihama ondan da bir il sonra cavab verməlisən. Gecikmiş ittihama gecikmiş cavab. Özü də ittihamın yalan və böhtan olduğunu əsaslandırıb izah etmək, eyni zamanda, adekvat sərtliklə cavab qaytarmaq zorundasan. Vətəndaşın cavab haqqını tanımaq isə, hamıya bəllidir ki, «Azadlığ»ın xasiyyətində yoxdur.

Satqınlıq barədə. Yəqin ki, bu hirs dolu yazının cənc müəllifi və onun rəhbəri yazıda mənim real hüquqi satqınlığımı yox, o vaxtkı düşərgəmə qarşı mövqe dəyişikliyimi nəzərdə tuturlar və çoxusu da, buna acıqlanırlar. Əgər bu belə deyilsə, bunun cavabı budur.

Əvvəla, mən satqın olsaydım, 2004-cü ilin payızında məhkəmədə verdiyim ifadədən dərhal sonra, məxsusən, «Azadlıq» qəzeti «İlqar Altay ifadəsindən imtina etdi!» adlı böyük başllıqla məqalə verməzdi. Demokrat oğlanlar, bir açıb, öz qəzetlərində həmin tarixdəki yazıya baxsınlar. İkincisi, məhkəmədə ittiham olunan o 8 müxalifət lideri məndən narazı qalıb bu 8 ildə bircə dəfə də olsa, bunu bildirərdilər və sonradan, görüşəndə deməzdilər ki, İlqar bəy, sənin məhkəmədəki çıxışın insafən, bizim hamımızı qane etdi.

Davam edək? Mən satqınlığı, üzə durmağı bacarsaydım, çox yəqin ki, hələ, 2004-ün payızında, elə həmin 8-lərin məhkəməsindən bir neçə gün sonra keçirilən, namizəd olduğum, yeganə təkrar seçkidə deputat olardım. Hələ o vaxt «Fikrət Yusifov» rolunu üstümə götürərdim və 2005-dəki «hakimiyyət çevrilişi» prosesləri 2003-də baş tutardı, Əli İnsanov, Fikrət Salıqov və s. elə o zaman həbs edilərdi və bəzi müxalifət liderləri bəlkə də, bu gün də həbsdə oturardı.

Davam edək? Mən bu oyunları bacarsaydım, heç olmasa, bu neçə ildə bir addım da olsa, hansısa sahədə irəli buraxılardım. Daimi nəzarət, izlənmə, eksperiment, oyun dolu, cəmiyyətdən təcrid və xüsusi proqramlaşdırılmış çərçivə müstəvisində olmazın sıxıntı çəkməzdim. Olan-qalan mülkiyyətlərim xüsusi göndərilmiş dələduz agentlərin əlilə məhkəmələrdə dolaşığa salınmazdı. Və bu gün, qoyulmuş proqram üzrə, iqtisadi sıxıntıya salınıb, tam mülkiyyətsizləşib, fəaliyyət və yaşamım üçün altımdakı maşını satışa qoymazdım.

Davam edək? Məncə, bəs edər...

Bir az da izah verim, olub keçmişə. İndiki dövrdə «səmimiyyət» sözü artıq mənasını itirməkdədir. Ancaq həqiqətən, öz səmimiyyətimin girovuna çevrildim. Mövqeyimi təvəzökarcasına, şərtsiz, danışıqsız, bazarlıqsız xərclədim. İnsafən, kimsə də məni buna məcbur etmədi. Yeni mövqeyimdə isə, ruhlanıb ürəkli addımlar atdım. Necə ki, həmin ürəkli və fədakar addımları müxalifət mövqeyində atırdım. Əlbəttə, burada bir sıra mühüm amillərin, ümumi islahatlı inkişafa yaranmış inam və ümidlərin də xüsusi rolu oldu.

Bütün keçmiş zəhmətlərimi, qazandığım nüfuzumu, savad, bacarıq və qabiliyyətimi, perspektivimi, hər şeyi bir səmimiyyət boxcasında büküb tam ürəklə müdrik, mütərəqqi və islahatçı hesab etdiyim şəxslərin ayaqları altına atdım. Onlar isə, görünür, həyat dolu bir boxcanı oyun üçün futbol topu hesab edib, xüsusi təkəbbür və soyuqqanlılıqla vurub dərin bir xəndəyə saldılar. Bir zaman ayıldım ki, ruhum da incimədən dərin, soyuq, zülmət qoxusu verən dolaşıq bir labirintdəyəm. Bax belə!... Yenə, şükürlər olsun, vaxtilə keçirtdiyim çətin həyat tərzi və təcrübəsi, iradə və fiziki möhkəmliyim, səbr və təmkinim həmin çətin sınaq şəraitində belə, sınıb sarsılmadan yaşamımı təmin etdi. Bir də ki, çalışdım hiss etdirməyim bunları, özü yıxılın ağlamaz!

Qaldı, mənə qarşı yazıya cavab barədə. Tanıyanlar gözəl bilir ki, kifayət qədər sərt qələmim var. Özü də əsaslı, faktlarla dolu təsirli tənqidə söykənən qələmim. Və bu sərtlikdə, tutarlı cavab tərzimdə Fazil Qəzənfəroğludan heç də geri qalan deyiləm. Ancaq, bu gün bunu etməkdən vaz keçirəm. Əvvəla ona görə ki, Əli Kərimli neçə ildir cəmiyyətdə konkret, birmənalı barışmaz müxalif mövqe sərgiləyir. Fərq etmir, bunu o, vətənpərvərlik, demokratiklik və ya, qovulub küncə sıxışdrılmaq, ona başqa yol qoyulmamaq səbəbindən, yaxud nədən edir. Faktdır ki, ətrafında xeyli vicdanlı müxalif elektoratı var. Onu vurmaq, artıq həmin elektoratı, sıravi insanları, gəncləri incitmək, onların qınağına tuş gəlmək deməkdir. İkincisi də, bunu etməklə, onun rəqibinin, mübarizə apardığı hakimiyyətin dəyirmanına su daşımış olursan. Mən, isə bu çoxlu suyu bütün gücümlə, vaxtilə müxalifətin, sonra isə, iqtidarın dəyirmanına daşıdım. Nəticəsi də göz qabağındadır. Daha, bundan sonra, gücüm qalıbsa, bunu ümumi cəmiyyətdən başqa, kimin üçünsə etmək həvəsində deyiləm.

Əli Kərimli demokratiya uğrunda mübarizə apardığını elan etməklə, iqtidara gələrsə, xalqa xoş gələcək vəd edir. İqtidar isə, artıq zaman sübut edir ki, şöhrətli və qüdrətli göründüyü qədər də, təhlükəli və aldadıcı məkandır. İnsandakı bütün gizli qüsurları üzə çıxardıb, eqoizm, təkəbbür, haqsızlıq kimi mənfi meylləri toparlayıb diktatora çevirə bilən, axırda isə, silkələyərək gözdən salıb, gəldiyinə peşiman edən bir təxribat müstəvisidir. İqtidara yəqin ki, gərək qüsursuz, dində deyildiyi kimi, yuyunub, təmizlənib, qusurlanmış halda gedəsən.

Həyat davam edir...

İlqar Altay
Moskva-Smolensk.
22-26 dekabr 2011.