Nazir daha bir tapşırıq verdi

nazir-daha-bir-tapsiriq-verdi
Oxunma sayı: 673

Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, Azərbaycan Sahibkarlar Təşkilatları (İşəgötürənlər) Milli Konfederasiyasının, Vergilər Nazirliyinin və Dövlət Sosial Müdafiə Fondunun nümayəndələri iştirak edib.

Konfransı giriş sözü ilə açan nazir Fizuli Ələkbərov Nazirlər Kabinetinin 2012-ci ilin 6 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan iclasında möhtərəm Prezident İlham Əliyevin əmək bazarına daha da güclü nəzarət olunmasının vacibliyini, gizli məşğulluq hallarının kifayət qədər çox olduğunu, hətta xarici miqrantların ölkəmizdə qanunsuz fəaliyyət göstərməsi meyillərinin gücləndiyini, ilk növbədə Azərbaycan vətəndaşlarının əmək bazarında işlə təmin edilməsinin, ümumiyyətlə, bu sahədə qayda-qanun yaradılmasının vacibliyini vurğuladığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Nazir qeyd edib ki, cari ilin əvvəlinə olan statistik məlumata əsasən, respublikada 4 milyon 375 mindən çox məşğul əhalinin yalnız 1 milyon 381 min nəfərdən bir qədər çoxu, təxminən 31 faizi muzdla, yəni əmək müqaviləsi əsasında işləyir.

Konfransda qeyri-leqal məşğul işçilərin hüquqlarının qorunmasında həmkarlar təşkilatlarının rolu, qeyri-leqal məşğulluğun aradan qaldırılması və işçilərin əmək hüquqlarının müdafiəsinin gücləndirilməsi sahəsində sahibkarların vəzifələri, əmək bazarında qeyri-leqal məşğulluğun mövcud vəziyyəti müzakirə olunub.

Həmçinin əmək münasibətlərinə vergi nəzarəti sahəsində nəzərdə tutulan tədbirlər, işçilərin və gəlirlərin leqqallaşdırılması, qeyri-formal məşğulluğun qarşısının alınması ilə bağlı birgə tədbirlər haqqında fikir mübadiləsi aparılıb.

Konfransın sonunda aparılan müzakirələrin yekunu olaraq qərar qəbul olunub. Qərarda qeyri-leqal məşğulluğun qarşısının alınması sahəsində tədbirlər planının hazırlanması və həyata keçirilməsinin əlaqələndirilməsi məqsədi ilə işçi qrupunun yaradılması, həmçinin işçi qrupu tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Vergilər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu və Dövlət Statistika Komitəsi arasında işəgötürənlər və işçi qüvvəsinin hərəkətinə dair operativ məlumat mübadiləsinin həyata keçirilməsi öz əksini tapıb.

Həmçinin Qərara əsasən, Əmək Məcəlləsi, Vergilər Məcəlləsi, Mülki Məcəllə, İnzibati Xətalar Məcəlləsi və digər normativ-hüquqi aktların təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması, əmək statistikasına dair hesabat formalarının unifikasiyası və qeyri-leqal məşğulluqla bağlı məlumat sisteminin təkmilləşdirilməsi, tikinti sektorunda məlum iş həcminin yerinə yetirilməsi üçün işçilərin minimal say normasının müəyyən edilməsi və tətbiqi üzrə təkliflərin hazırlanmasının təmin edilməsi nəzərdə tutulur.

Tədbir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanmış əməyin mühafizəsinə və əmək münasibətlərinə dair video-çarxların nümayişi ilə yekunlaşıb.

Nigar Məmmədli