Nazirlərin başı

nazirlerin-basi-
Oxunma sayı: 649

Mən mətbuatda gözümü açandan az qala hər ay, hər həftə hansısa qəzetdə təxminən bu başlıqda xəbər oxuyuram ki, bəs Artur Rasi-zadə gedir, yerinə Kəmaləddin Heydərov gəlir. Və yaxud “Eldar Həsənov Bakıya baş nazir kimi qayıdır”, “Samir Şərifov baş nazir olmaq üçün hərəkətə keçib”... Yəni bu başlıqların bir neçəsini də şəxslərə uyğun olaraq sıralamaq olar. Necə deyərlər, mövsümə uyğun adlar da dəyişir. Məsələnin mahiyyəti isə budur ki, təxminən on ildən artıq bir vaxtda mətbuatımız baş nazir axtarışındadır. Və indiyə kimi də onlarla insanın adı bu siyahıda yer alıb.

Nəyəsə görə jurnalistlər həmişə belə düşüncədə olublar ki, Artur Rasi-zadə bu günlərdə işdən çıxarılacaq. Onu öz yerində görmək istəməyiblər nəsə. O isə 1996-cı ildən bəri Azərbaycanın baş nazirdir. Cəmi bir dəfə strateji olaraq postunu bir neçə aylıq tərk edib. Yəni ki, adam öz işində-gücündə, biz isə onu illərdir işdən çıxartmaqda, yerinə iddialı bildiyimiz şəxsi gətirməkdəyik. Görəsən, biz niyə usanmırıq bu işdən? O, işləyə bilmirmi? Adam yerində deyilmi? Bəlkə onun yerinə adlarını hallandırdığımız şəxslər kimi biznes imperiyalarına, holdinqlərə, göydələnlərə, baş kəsən, QAİ işçisi döyən, ayı kababı yeyən qohum əqrəbaya sahib olmadığı üçün biz Artur Rasi-zadəni öz postuna layiq bilmirik? Axı biz dəbdəbə, harınlığı, bizi minəni sevirik...

Lütfən, onun yerinə adları hallanan şəxslərə diqqətlə baxın. Bu adamların hər biri işlədiyi postdan yekə görünüb həmişə. Məsələn, Ziya Məmmədov hər Zaman Nəqliyyat Nazirliyindən yekə olub, Kəmaləddin Heydərov Fövqəladə Hallar Nazirliyindən, Eldar Həsənov Baş Prokurorluqdan və ya Səfirlikdən... Beləmi olmalıdır? Bir nəfər o boyda nazirlikdən dahamı nüfuzlu olmalıdır? Bu ölkədə heç görün hansısa küçədən, yoldan söz düşəndə o boyda Nəqliyyat Nazirliyinin adını çəkən olurmu? Hər kəs Ziya Məmmədov deyib durur. Bu əslində biabırçılıqdır. Bu o deməkdir ki, həmin adamlar özlərinə işləyiblər, nazirliyə, dövlətə deyil. Əgər yaxşı işləyirlərsə, qoy onların işləri yekə görünsün də. Bu mənada yəqin situasiyaları analiz etməyi bacaran dəyərli oxucular razılaşar ki, Azərbaycanın mövcud məmur korpusunda baş nazir Artur Rasi-zadə az sayda şəxslərdən biridir ki, adı rəhbərlik etdiyi qurumun qarşısında çəkilmir. Heç vaxt Artur Rasi-zadə Nazirlər Kabinetindən böyük görünməyib. Məsələn, baş nazirin müavini Abid Şərifov az qala ayrıca nazirlik boyda olub hər zaman. Baş nazir Artur Rasi-zadə isə indiyə kimi özünü şişirtməyi deyil, kölgədə dayanmağı üstün tutub. Onun keçirdiyi görüşlərdən, sərgilədiyi mövqedən xəbəri olan varmı? Rəhbəri olduğu qurumdan böyük görünməmək, elə özü böyük olmaqdır...

Əslində, mən bu yazıda adı baş nazirliyə iddialı şəxslər haqqında yazmaq niyyətində idim, Artur Rasi-zadənin müsbət keyfiyyətləri haqqında yazmaqda yox. Ancaq elə alındı ki, bu qədər giriş verməli oldum. Məni tərpədən məqam əslində buradadır. Dediyim kimi bizim düşüncəmizdəki baş nazirlə bağlı yerdə. Tutalım, maraqlıdır ki, biz nəyə görə vaxtı ilə ölkənin baş prokuroru olan, on ildən artıqdır ki, səfir kimi fəaliyyət göstərən, belə demək mümkünsə öz dövranını görən Eldar Həsənovu baş nazir görmək istəyirik? Bəyəm, bu ölkə baş nazir iddiasında olmağa başqa bir mütəxəssis yetişdirə bilməyib? Yəni bizim cəmiyyətimiz bu qədərmi qısırdır? Axı bu ölkədə müstəqil Azərbaycanın dövlət idarəçiliyində yetişən sağlam təfəkkürlü, istedadlı, gənc, enerjili, perspektivli, bir neçə dil bilən onlarla, yüzlərlə peşəkar mütəxəssis var. Prezidentdən dəyişiklik, demokratiya, islahat istəyən bir media nədən əyninə sehrli xalat geyinib özünə baş naziri gedib keçmişdən gətirməlidir? Axı biz Eldar Həsənovdan niyə əl çəkmirik? Adam baş prokuror olub və biz pis-yaxşı fəaliyyətini də görmüşük. Biz məmurlar arasındakı müharibədən, nüfuz davasından, torpaq davasından yorulmadıqmı. Axı bizi ayrı torpağın davası gözləyir, dostlar...

Bir də ki, bayaq sadaladığımız keyfiyyətlərə sahib olan başqa namizədimiz yoxdursa, niyə Artur Rasi-zadə dəyişdirilməlidir ki? Qos-qoca adam oturub öz yerində və bizi ən azı bir iri çaplı məmur özbaşınalığından qoruyur də...