“Nazirlərin oliqarxa çevrilməsi iyrənc bir anormallıqdır” – Müsahibə

nazirlerin-oliqarxa-cevrilmesi-iyrenc-bir-anormalliqdir-musahibe
Oxunma sayı: 735

Vətəndaş Həmrəyliyi Partiyasının Ali Məclisinin sədri Rafiq Manaflının “Qafqazinfo”ya müsahibəsi:

- Azərbaycanın mövcud ictimai-siyasi mənzərəsini necə xarakterizə edərdiniz?

- Bu gün Azərbaycanda nisbi sabitlik görüntüsü olsa da, əslində ictimai-siyasi vəziyyəti bir cümlə ilə ifadə etmək olar – kritik nöqtəyə çatmaqda olan böhran. Bu böhran əsasən cəmiyyətdə sabitliyin bel sütunu olan iqtidar-cəmiyyət münasibətlərində özünü əks etdirir. Bu iqtidarın dövlətçilik baxımından anlaşılmaz fəaliyyəti özü ilə xalq arasında dərin uçurum yaranmasına, legitimliyinin tam itirilməsinə gətirib çıxarmışdır.

Bilirsiniz, legitimliyin problemi təkcə qanunçuluqla bağlı deyil. Qanunilik legitimliyin ikinci dərəcəli elementlərindən sadəcə biridir, çünki hakimiyyəti mənimsəmiş qrupların əlində kifayət qədər vasitə var ki, öz hakimiyyətlərinə qanuni don geyindirsinlər. Legitimliyin problemi cəmiyyətin münasibətindədir və bu münasibətlər yazılmamış qanunlarla, stereotiplərlə tənzimlənir. Bu stereotiplər cəmiyyətdəki qeyri-bərabərliyi, oyun qaydalarına riayət edilməsini və sairi özündə əks etdirir.

Daha bir qrup – mənəvi stereotiplər ümumbəşəri dəyərləri ehtiva edir – oğurlama, aldatma, öldürmə. Oğurluq, yalan və cinayət bu günkü hakimiyyətin adi həyat tərzidir. Artıq xalq onu kinin, hara və necə aparmasının fərqindədir. Cəmiyyət tam acıqlı, narazı, diskomfort bir vəziyyətdədir. Mən Azərbaycandakı bu günkü ictimai-siyasi vəziyyətin gərginliyini 1988-ci illə müqayisə edərdim; fərq yalnız subyektlərdədir və 1988-ci ilin subyektləri daha qəbuledilən idilər.
Görünən sabitlik sadəcə müqavimətin olmamasında, bu müqaviməti təşkil edəcək qüvvələrin pərakəndəliyindədir. Amma bir kritik qaynama nöqtəsi var ki, ondan sonrasını proqnozlaşdırmaq qeyri-mümkündür.

- Ölkənin gələcəyi ilə bağlı siyasi proqnozunuz nə qədər optimistdir?

- İnsan ümidlərlə yaşayır, optimizm daha çox gənclər üçün xarakterikdir. Mən də özümü bir elə qoca saymıram, amma bu gün hakimiyyət mənsubları optimizm üçün yer qoymayıblar. İqtidar sosial ədaləti, cəmiyyətdə barışı bərpa etməyi, ölkədə düzgün həyata keçirilməyən idarəçiliyin yaratdığı köklü problemləri çözmək üçün dialoqu təsəvvürünə belə gətirə bilmir.

Dövlət qulluqçuları olaraq maaşa işləməli olan nazirlərin Azərbaycan oliqarxlarına çevrilməsi artıq hamının qəbul etdiyi həqiqətdir ki, bu, əslində idarəçilikdə iyrənc bir anormallıqdır. Hakimiyyət kürsüsündən istifadə edərək, imkanı olanlar Azərbaycanın sərvətlərini, olmayanlar isə xalqı talamaqla məşğuldur. Bunlar artıq o yerə çatıblar ki, taladıqlarını başqa-başqa adamların deyil, çox anlaşılmaz bir biganəliklə özlərinin – prezident ailəsinin, nazir oğul-qardaşlarının adına sənədləşdirirlər. Bütün bunlar sosial partlayışa gətirib çıxara biləcək problemlərdir, bunun isə heç kimə xeyri yoxdur, hətta Azərbaycanın dövlətçiliyinə belə təhlükə törədə biləcək qaçılmazlıqdır.

- Bir anlıq təsəvvür edək ki, 2013-cü il prezident seçkiləri ərəfəsindəyik: nə dəyişib və ümumiyyətlə, nəsə dəyişibmi?

- Növbəti prezident seçkilərinə hələ 2 ildən çox vaxt var və hadisələr çox sürətlə inkişaf edə bilər. Lakin belə olmasa da çox ciddi dəyişiklik ondan ibarətdir ki, iki dəfəlik prezidentlik limiti ləğv edilib və bununla da İlham Əliyev bugünkü hakimiyyət komandasını dağılmaqdan müvəqqəti də olsa xilas edə bilib. Amma bu, vahid komanda deyil, bir-biri arasındakı ziddiyyətlərin getdikcə antoqonist xarakter aldığı qruplar toplumudur. İlham Əliyev bu ziddiyyətlərdən yararlanaraq hakimiyyət toplumunu idarə etmək ümidindədir, fəqət bu çox mürəkkəb bir mövqeyə gətirib çıxarmış şahmat oyununa bənzəyir. Düzgün hesablanmamış hər bir gediş gələcəkdə taxta üzərindəki mövqeyin darmadağın olmasına gətirib çıxara bilər. Bununla belə, hesab edirəm ki, hadisələrin inkişafını sürətləndirəcək katalizator olmasa, İlham Əliyev bu iqtidar toplumunu növbəti prezident seçkilərinə qədər qoruya biləcək. Müxalifət prezident seçkilərinə vahid namizədlə, vahid komanda kimi gedə bilməsə, ciddi rəqabət aparacağı mənə müşkül görünür.

- Altı müxalifət partiyasının görüşünə VHP niyə dəvət olunmamışdı?

- O görüşü təşkil edən Qurban Məmmədovdur. Dəvət edəcəyi partiyaları seçəndə hansı meyarları əsas götürüb, onu yalnız özü bilir. Ona görə hesab edirəm ki, sual Qurban bəyə ünvanlanmalıdır.

- Həmin 6 partiyanın görüşünü, yaydıqları birgə bəyanatı necə qiymətləndirirsiniz?

- Mən bilən həmin görüşə 8 partiya dəvət almışdı. Amma Müsavat və AXCP-nin dəvəti rədd etməsinin nəticəsində bu tədbir altıların görüşü kimi alınıb və bunun özü elə görüşün nəzərdə tutulan səviyyədə alınmaması deməkdir. O ki qaldı Qurban bəyin müxalifətin birliyini yaratmaq cəhdinə, çox qəribədir ki, Azərbaycanda bir çoxları bu gün müxalifəti birləşdirmək imkanında olduğu iddiasındadır. Heç kimin yox, məhz onun özünün bacaracağı iddiadadır və başqalarının bu istiqamətdə fəaliyyətlərinə məhəl qoymamaqla, ona müxtəlif vasitələrlə mane olmaqla özü həmin cəhddə bulunur. Qurban Məmmədov öz qardaşı ilə bir partiyada duruş gətirə bilmədi, indi müxalifəti birləşdirir.

Parlament seçkilərindən sonra müxalifəti birləşdirməyə çalışan İctimai Palata adlı bir qurum yaradıldı və kifayət qədər ciddi şəkildə fəaliyyətə başladı. Niyə bunlar İctimai Palatanin işinə kömək etməyə, onu gücləndirməyə çalışmırlar, əksinə diqqəti bu qurumdan yayındırmağa, onu parçalamağa səy göstərirlər, bax, bu, çox maraqlıdır.

- Son günlərdə İctimai Palata müxalifət partiyalarının bir çoxunun, hətta öz üzvlərinin tənqidinə məruz qalır. Siz İP-nın fəaliyyətini necə qiymətləndirirsiniz?

- Mən də İctimai Palatanın üzvüyəm və mən də İP-in hazırkı fəaliyyətindən razı deyiləm. Bilirsiniz, İP ictimai birlik kimi yaradılmayıb, bu qurum Azərbaycanda nəyisə dəyişmək məqsədi ilə siyasi qurum olaraq yaradılıb. Üfüqi idarəçiliklə buna nail olmaq mümkün deyil və belə idarəçiliyin nəticəsidir ki, xalq arasında böyük ümidlərlə qarşılanan İP-in fəaliyyəti getdikcə sönükür. İctimai Palata strukturlaşdırılmasa, şaquli idarəçilik sisteminə keçməsə, qurumda partiyadaxili intizama uyğun olan münasibətlər qurulmasa, nəyəsə nail olmaq qeyri mümkündür.

- Sabir Rüstəmxanlının partiya sədrliyindən gedəcəyi ilə bağlı bəyanatına münasibətiniz necədir?

- Belə bir bəyanat eşitməmişəm. Bu, Sabir bəyin çoxdankı bir müsahibəsindəki fikrin kontekstdən çıxarılaraq çox uğursuz yozulmasıdır. Əlbəttə, vaxtı gələndə hamı gedəcək, amma bu, hələ yaxın vaxtların söhbəti deyil.

- VHP niyə ayrı-ayrı üzvlər şəklində yox, partiya şəklində müxalifət birliklərinə qoşulmur?

- VHP vaxtı ilə müxalifətin yaratdığı Demblokdan tutmuş SİDSUH və sairə kimi bütün bloklara çox fəal şəkildə qoşulub. Bizim hətta Müsavat partiyası ilə, sonradan AXCP ilə strateji müttəfiqliyimiz də olub. Amma 2000-ci ilin parlament seçkiləri ərəfəsində Müsavat Partiyası öz partiya mənafelərini əsas tutaraq həmin dönəmdə Azərbaycan Xalq Cəbhəsinin bu gün KXCP kimi fəaliyyət göstərən hissəsini tanımaqla həm AXCP-nin parçalanmasını rəsmiləşdirdi, həm də siyasi mübarizəni ideoloji müstəvidən mənafe müstəvisinə keçirdi. Bu gün də müxtəlif birliklər yaratmağa cəhd göstərən partiyaların öz partiya mənafelərini öndə tutması bütün səyləri puça çıxarır. VHP-nin üzvlərinin əksəriyyəti ideya daşıyıcıları olaraq mənafe mübarizəsinə hazır deyildi və ona görə də öz dostlarımızdan aldığımız zərbələrə adekvat cavab verə bilmirdik, heç indi də vermirik. Partiya mənafeləri bir kənara qoyulub ümummüxalifət, ümumazərbaycan mənafeləri ortalığa qoyulan anda VHP orada olacaq.

- Alternativ Parlamentin yaradılmasına münasibətiniz necədir?

- Mənasız zəhmətdir. Təyin olunmuşlardan ibarət rəsmi parlament nə iş görür, hansı səlahiyyətlərə malikdir, qəbul etdiyi qanunlar necə işləyir ki, alternativ parlament nəyə nail olsun?! Alternativ hökumət yaradılmalıdır, birinci şəxsindən tutmuş sonuncuya kimi. Hakimiyyətin hansı prinsiplərlə idarə olunacağı açıqlanmalıdır. İqtidarın Azərbaycanda ictimai-siyasi həyatın bütün sahələrində millətə, dövlətə düşmənçiliklə yaratdığı katastrofik problemlərin həlli yolları bəyan edilməlidir. Vəhşicəsinə varlanmaq həvəsi ilə oliqarx-nazirlərin yaratdığı sosial ədalətsizliyin necə bərpa olunacağı xalqa çatdırılmalıdır. Xalq əmin olmalıdır ki, müxalifət problemləri görür, onların həlli yolunu bilir və həll etmək iqtidarındadır.

Və nəhayət, gecikmədən prezidentliyə vahid namizəd müəyyənləşdirilməli, onun prezidentliyə namizəd kimi qəbul edilməsi, namizəd olaraq legitimliyinin təmin edilməsi istiqamətində işlər başlanılmalıdır. Bütün bunlar İctimai Palata çərçivəsində həyata keçirilə bilər, əgər yuxarıda dediyim mənafelər bir kənara qoyulsa.

- Partiya sədrliyinə namizəd olmaq ehtimalınız varmı?

- Bu istefa söhbətləri partiyanın siyasi şurasının üzvü Arif İsmayılbəylinin yaxın günlərdə verdiyi bir müsahibə ilə bağlıdır. Hesab edirəm ki, belə məsələlər daha çox partiyadaxili müzakirələr mövzusudur, amma bir halda ki, bu məsələ ictimailəşib, fikrimi bildirmək zorundayam. Yadınıza salım ki, öz müsahibəsində Arif bəy “istefa” sözündən sonra “istefalar” ifadəsini də işlədib. Yəni VHP sədri, ali məclisin sədri, siyasi şura üzvləri partiyanı idarə edən komandadır. İstefaya səbəb olacaq uğursuzluq varsa, bu təkcə sədrin yox, bütün komandanın uğursuzluğudur. Bu baxımdan istefa olacaqsa, istefalar da olacaq və bu mənə də aiddir.

- Söhbətimiz AXC-nin ildönümü gününə təsadüf edir. Deyəcəyiniz bir söz varmı keçmiş əqidədaşlarınıza?

- Əqidəmiz dəyişməyib ki, “keçmişi”, “indisi” də olsun. Əqidə birdir: müstəqil, güclü, demokratik, sivil Azərbaycan! Mən ilk cəbhəçilərdənəm, AXC Məclisinin üzvü və ilk rayon təşkilatlarından olan Qaradağ rayon təşkilatının sədri olmuşam. Bu gün təkcə hazırkı AXCP-çilər yox, bütün cəbhəçilər üçün əzizdir. AXC qarşısına qoyduğu məqsədə nail olan və Azərbaycan tarixində müstəsna rol oynayan qurumdur, iftixar yerimizdir. Hamını – Milli Azadlıq Hərəkatında canı və qanıyla, səmimi olaraq iştirak edən hər bir kəsi AXC-nin ildönümü münasibətilə təbrik edirəm. Hesab edirəm ki, AXC-nin varisləri də bu günü firqə daxilində qeyd etməməlidirlər və bizim təbrikimizi gözləməməlidirlər; əksinə, biz onlardan gözləyirik və buna da haqqımız var deyə düşünürəm.

Fatimə Kərimli