Nazirlik Rafiq Tağının ölümü ilə bağlı məlumat yaydı

nazirlik-rafiq-taginin-olumu-ile-bagli-melumat-yaydi
Oxunma sayı: 668

“Media forum” saytının məlumatına görə, nazirlik bildirir ki, yazıçı noyabrın 19-u saat 23:10-da döş qəfəsi və qarında çoxsaylı deşilmiş-kəsilmiş yaralar və kəskin qanaxma ilə ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə gətirilib: “Xəstə dərhal əməliyyata götürülüb, zədələnmiş dalaq xaric edilib, diafraqma və digər yaralar cərrahi işlənərək tikilib. Cərrahi əməliyyatdan sonra reanimasiya şöbəsində aparılan intensiv kompleks müalicə nəticəsində xəstənin vəziyyəti stabilləşib və o, palataya keçirilib.

Lakin noyabrın 23-ü saat 14:50-də xəstənin vəziyyəti qəflətən pisləşib, kəskin tənəffüs çatışmazlığı və davamlı qusma baş verib. Aparılan reanimasiya tədbirlərinə baxmayaraq xəstənin həyatını xilas etmək mümkün olmayıb”.

Rəsmi məlumata görə, Rafiq Tağının meyiti noyabrın 23-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsinin qərarına əsasən Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində yüksək ixtisaslı mütəxəssislərin iştirakı ilə komisyon qaydada ekspertiza müayinəsindən keçirilib: “Meyitin ekspertizasının ilkin nəticəsinə görə, mərhumun ölümünə səbəb ona yetirilmiş çoxsaylı deşilmiş-kəsilmiş yaralanmalar nəticəsində daxili üzvlərin (dalaq, mədəaltı vəz, diafraqma) zədələnməsindən inkişaf etmiş süst gedişli peritonit, nazik bağırsağın atoniyası və intoksikasiya, eləcə də əvvəllər keçirdiyi ikitərəfli plevrit xəstəliyinin qalıq əlamətləri fonunda ağciyərlərin kəskin ödemi olub.

ilkin müəyyən edilmiş diaqnozun dəqiqləşdirilməsi və elmi əsaslandırılması üçün meyitdən götürülmüş biomaterialların Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində tədqiqatları davam etdirilir”.