Odlar Yurdu Universitetindən Təhsil Nazirliyinə şikayət olundu

<b>Odlar Yurdu Universitetindən Təhsil Nazirliyinə şikayət olundu</b>
Oxunma sayı: 119

Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə 2011-ci ilin may ayında 2102 müraciət daxil olub. “Qafqazinfo”nun Nazirliyin rəsmi saytına istinadən məlumatına görə, müraciətlərin 1922-si telefonla, 180-i elektron poçt vasitəsi ilə qəbul edilib. Müraciətlərin böyük hissəsi (1875 müraciət) sorğu və məlumat, 227-si isə şikayət xarakterlidir. Şikayət xarakterli müraciətlərin əksər hissəsi ümumtəhsil məktəblərindən, bir qismi məktəbəqədər təhsil, ali və orta ixtisas təhsili, məktəbdənkənar tərbiyə, texniki-peşə təhsili müəssisələrindən daxil olub. Sorğu xarakterli müraciətlər ölkədaxili və beynəlxalq olimpiadalar, xaricdə təhsil, əlavə təhsil, ümumtəhsil məktəblərinin buraxılış siniflərində, ali və orta ixtisas təhsili sistemində yeni qiymətləndirmə sistemi, təhsil sənədlərinin alınması, nostrifikasiyası, buraxılış imtahanlarının təşkili, keçirilməsi və nəticələrinin öyrənilməsi, təhsil müəssisələrinə, xüsusilə ümumtəhsil məktəblərinə vakant yerlərə müəllimlərin müsabiqə yolu ilə işə qəbulu qaydaları, növbəti dərs ilində birinci siniflərə şagird qəbulu, müəllimlərin dərs yükü normaları ilə əlaqədardır. Bütün bu sorğular “Qaynar xətt” xidmətinin növbətçi əməkdaşları tərəfindən qeydə alınıb və cavablandırılmaqla həllini tapıb. Ötən ay ümumtəhsil məktəbləri üzrə Bakıdan 66, Sumqayıtdan 8, Gəncədən 2, Mingəçevirdən 1, Abşerondan 12, Füzulidən 6, Goranboy, Qəbələ, Şəki və Lerik rayonlarının hər birindən 5, Qazax, Tovuz, Gədəbəy və Zaqatala rayonlarının hər birindən 4, Siyəzən, Daşkəsən, Tərtər, Şəmkir, Ağcabədi, İsmayıllı, Masallı, Yevlax rayonlarının hər birindən 3, İmişli, Xaçmaz, Cəlilabad, Kəlbəcər, Şəmkir, Ağcabədi, Biləsuvar, Zəngilan, Yardımlı, Xızı, Laçın, Qusar rayonlarının hər birindən 1 şikayət məzmunlu müraciət daxil olub.

Ümumtəhsil məktəbləri ilə bağlı şikayətlərin əsas hissəsini məktəb direktorlarının idarəetmədə yol verdiyi nöqsanlar, məktəblərdə fond pulu toplanması, dərs bölgüsündən narazılıq, buraxılış imtahanları ilə əlaqədar vərəqələrin paylanması, bir sıra məktəblərdə tədrisin keyfiyyətsiz təşkili, müəllimlərin əmək haqqlarından qanunsuz tutulmalar, məzuniyyətin düzgün hesablanmaması, maaşların gecikdirilməsi ilə əlaqədar məsələlər təşkil edib.

Müvafiq araşdırma zamanı yenə də xeyli sayda müraciətdə ad, soyad və telefon nömrələrinin qeyri-dəqiq olduğu aşkarlanıb, müraciətlərin böyük bir qismində qeyd olunan faktlar öz təsdiqini tapmayıb.

Məktəbəqədər təhsil müəssisələri ilə əlaqədar “Qaynar xətt”ə edilmiş 12 müraciətin 6-sı Bakı, 2-si Sumqayıt şəhərlərindən, 3-ü Abşeron, 1-i Şabran rayonlarından olub. Bu müraciətlərdə uşaq bağçalarına qəbul, uşaqlara verilən yeməklərin keyfiyyəti, bağçadan-bağçaya köçürülmə və digər mövzularda valideynləri narahat edən məsələlər əksini tapıb.

May ayında məktəbdənkənar tərbiyə müəssisələrindən 1 şikayət məzmunlu müraciət qəbul edilib və müvafiq qaydada araşdırılıb.

“Qaynar xətt” xidmətinə texniki peşə təhsili müəssisəsi ilə əlaqədar 9, internat məktəbləri ilə bağlı 3 müraciət daxil olub. Müraciətlərdə şagirdlərin təqaüdünün gecikdirilməsi, şagird qəbulu, internat məktəblərində təhsilin səviyyəsinin aşağı olması, dərsliklərin verilməməsi və digər məsələlərə toxunulub.

Dövlət ali və orta ixtisas təhsili müəssisələri ilə bağlı 19, özəl ali təhsil müəssisələri ilə əlaqədar 2 müraciət daxil olub. Dövlət ali və orta ixtisas təhsili müəssisələrindən daxil olmuş şikayətlərdə əsasən, təhsil sənədlərinin gecikdirilməsi, imtahanlarla əlaqədar sualların qabaqcadan verilməməsi, təhsil haqqının ödənilməsi, diplomun gecikdirilməsi və başqa məsələlərlə bağlı problemlər əksini tapıb. Özəl ali təhsil müəssisələrindən daxil olmuş hər 2 müraciət Odlar Yurdu Universitetində diplom üçün rüsum tələb olunması barədədir.

Nigar Məmmədli


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi