Ölmüş Azərbaycan

olmus-azerbaycan-
Oxunma sayı: 680

Çoxlarının simpatiya duyduğu məkan olan "50 Qəpik" ismli çay evinə daxil olduq. Məndən savayı iki xanım və 2 bəy dostumla olduğumuz üçün ən azı beş nəfərlik bir masada əyləşmək istəyimizi bildirdik. Bizi qarşılayan qarsondan əlavə məsələyə adminstratorun da qarışması artıq hansısa bir hadisə olması siqnalını verirdi.
Adminstratorun bizə dedikləri belə idi : "Xanımlara icazə yoxdur. Müdirin dayısı rəhmətə gedib, bu gün xanımların girişi alınmayacaq"

Artıq 24 saatdır ki hələ də bu şedevr təfəkkürü açıb, aydınlaşdıra bilmirəm. Məntiq nəzəriyyəsini kəşf edən azərbaycanlı olub görəsən? Sizcə bunun adını necə vermək olar? Şəriət? İmanlı olmaq? yoxsa adət-ənənə?

İşin ən ağlamalı, kövrək notlar üzərində görünən hissəsi isə odur ki, həmin kafedə "Topaz" mərc oyunlarını qəbul edən sistem fəaliyyət göstərir.

Şəriət desək, dinə günah olar. İman desək, insanlığa sığışmaz, insanlara yazıq olar.
Məncə isə bunun bir adı var, “başqaları mənə deyər” sindiromu. Dədə-Qorquddan bəri bu sindiroma düçar olan xalqım hələ də öz əzmkar mübarizəsini davam etdirsə belə bu xəstəliyə boyun əyir. Həm də sözün əsl mənasında boyun əyir. Qarabağ kimi biabırçılığı olan insanın hansı üzlə xırda, zərrə qədər də dəyəri olmayan bir məsələyə (dayı ölümü) görə komplekslər yaşamasını psixologiyaya hələ məlum olmayan bir hiss kimi qəbul eləyirəm. Zatən əzəldən toyda söz üstündə savaşan insanlardan, torpağa görə mübarizə aparmağı gözləmək də özü bir yanlışlıqdır.

Kənardan baxdığın zaman açıq-aşkar görürsən ki, bu millətin çox varlıqları ölüb, bitibdir artıq. Dayının ölməsi bir qırağa, bizim insaniyyət düşüncəmiz də ölüb.

Bəs Allah bizə rəhmət edəcəkmi?

Azər Aydın