Ömrünü kitablara bağlamış insan

omrunu-kitablara-baglamis-insan
Oxunma sayı: 2113

Fərqində deyilik. Heç birimiz fərqində deyilik ki, bu dünyaya gəldiyimiz ilk gündən, havasını ciyərlərimizə çəkərək çığırmağa başladığımız ilk andan etibarən zaman əleyhimizə işləyir. Onu qazandığımızı, həyatımızı yaşadığımızı zənn edərik. Əslində isə itirə-itirə, zamana nələrisə verə-verə yaşayıb gedərik. Amma yox, səhv etdik. Biz vermərik, o özü bizdən alar. Zorla. Fikrimizi, rəyimizi belə sormadan. Əvvəl körpəliyimizi, sonra uşaqlığımızı-saflığımızı, sonra gəncliyimizi, sonra da həyatımızı.

Biz zamana qarşı dura bilmərik, istəsək belə. Ona görə də əlimizdən gələn yeganə şey onun dayanıqlı olması üçün onu oğurlamaqdır. Əvvəl yuxumuzdan, sonra istirahətimizdən, sonra sağlamlığımızdan, sonra əzizlərimiz üçün ayırdığımız vaxt kəsiyindən. Bir sözlə, ondan oğurlaya-oğurlaya ona qalib gəlməyə çalışarıq.
O da belə idi. Bəlkə də onu ən böyük zaman oğrularından biri adlandırmaq olardı. Xüsusilə də sağlamlığından oğurlardı. Amma apardığı mübarizənin bir səbəbi də zamanının az olmasından qorxması, ona qalib gələrək sevdiyi işi ilə kiçik də olsa iz qoya bilməsi üçün idi. Zamanda yaşamaq istəyirdi. "Tikdim ki, izim qala" misalı. Daha dəqiqi-"Çap etdim ki, izim qala".
Son onillikdə nə qədər dərc olunmuş nəfis kitab var ki, önündə "naşiri Qoşqar Qarayev" sözləri yazılıb. Nə qədər dövlət nəşrləri üçün keçirilən tenderlər olub ki, məhz onun rəhbərlik etdiyi "Çinar-çap" və "Qapp poliqrafiya" nəşriyyatları qalib gəlib. O kitabların aldığı mükafatlar, qatıldığı yerli və beynəlxalq sərgilər də saysız-hesabsız. Nə qədər kitab nəşrləri, sərgilər, layihələr var ki, onun fikirləri, düşüncləri, zövqü, ideyaları kimlərəsə yardımçı olub. Kimlərisə önə çıxarıb. Və ən nəhayət, bir layihə - sonuncu layihəsi - "Mən və mənim dünyam" da onun həyatına, yaradıcılığına öz izini, öz damğasını vurdu. Yarımçıq qalsa da, bu onun həyatının ən vacib saydığı işi, ən önəmli layihəsi idi. Çünki uşaqlarla bağlı idi. Çünki o böyüməkdə olan kiçik oğlu kimi ümumilikdə Vətən balalarının gələcəyinə, dünyagörüşünə, tarix bilgisinə, özünü tanımasına və vətəninə olan sevgisinə həqiqətən də böyük önəm verirdi. Uşaqların öz tarixini, babalarının tarixini öyrənə-öyrənə böyüməsini arzulayırdı. Ona görə də torpaq və yer adlarımızdan tutmuş, tarixi qalalarımız və şəxsiyyətlərimizə qədər hər şeyin və ümumilikdə, bütün Azərbaycanın, bütün türk dünyasının nağıllaşdırılmasını, nağıla və mətnə çevrilməsini arzulayırdı. Nəinki arzulayırdı, bu istiqamətdə addım-addım irəliləyirdi də. Əlbəttə ki, yazıçılarımız və onlara verdiyi sifarişlərlə birgə.

Bu arzunun nəticəsi olaraq 140 adda kitab çap olundu. Cəmi bir il yarım ərzində. Rəngarəng və yeni tərtibatla. O kitablar kimlərsə tərəfindən sevinclə, kimlərsə tərəfindən qısqanclıqla qarşılandı. Amma ən əsası odur ki, ölkənin mədəni ictimaiyyətinin diqqətini özünə çəkə bildi. Nə qədər dövlət məmuru, nə qədər millət vəkili, nə qədər qeyri-dövlət təşkilatları oldu ki, bu layihəni dəstəklədiyini bildirdi. Və bundan da vacibi, "Mən və mənim dünyam" layihəsi əsasında çap olunmuş kitablar ölkədə uşaq ədəbiyyatının nəşri istiqamətində süstlüyü, sakitliyi yox etdi. Bu sahəyə bir canlanma, bir hərəkət gətirdi...

Daha bir detal. Bu işin əhəmiyyətini dərk etmək üçün təkcə elə dərc edilmiş nəşrlərin adlarına nəzər salmaq yetər: "Zərdüşt", "Cavanşir qalası", "Şuşa", "Qız qalası", "Yeddi gəlin dağı", "Göygöl", "Savalan dağı", "Məntiqli oyun", "Hərflərin oyunu" və s. və s. Onun sifarişi və ideyası əsasında muğamlarımız belə nağıllaşdırılmağa başlanmışdı.
Amma təəssüf ki, bu layihə də onun ömrü, həyatı kimi yarımçıq, həm də çox yarımçıq qaldı. Bir ömrə qoyulmuş nöqtə onlarla yaradıcı adamın yığılaraq çalışdığı gözəl bir işi, uğurlu bir layihəni yarımçıq saxladı.

Bu günlərdə Qoşqar Qarayevin doğum günüdür. Həm onu xatırlamaq, həm də layihənin bugünkü vəziyyəti ilə maraqlanmaq istədik. Xatırladaq ki, layihədə Qoşqar Qarayevin yaratdığı "Beşik" nəşriyyatının direktoru Nərgiz Cabbarlı, uşaq şairi İlyas Tapdıq da çalışırdılar. Ona görə də vəziyyəti nəşriyyatın direktorundan soruşuruq. Hərgiz xanım deyir ki, düzdü, layihə bitməmiş qaldı:"İlk yüzlüyü yenicə başa vurmuşduq ki, ideya müəllifi və nəşriyyatımızın təsisçisi Qoşqar Qarayev dünyasını dəyişdi. Onunla da işimiz yarımçıq qaldı. Sanki bilirmiş ki, tez gedəcək. Çünki dayanmadan işləyirdik. Dayanmadan layihənin əsaslı işini yekunlaşdırımasına çalışırdı. Amma təəssüf. Ölümündən artıq bir il keçib. Doğum gününə isə bir neçə gün qalıb. Amma aradan keçən bu zaman istər bizim-insanların, istərsə də arzularımızın, ideyalarımızın ölüm və zaman qarşısında nə qədər gücsüz olduğumuzu ortaya çıxarır. Nəinki çıxarır, hər an xatırladır. Türklərdə belə bir deyim var: "Ömrünü sizə bağışladı". Adətən bu sözü dünyasını dəyişən insanlar haqqında deyirlər. Amma o ömrünü bizə yox, kitablara bağışlamış bir adam idi. Çox çalışırdı ki, bu sahədəki boşluq doldurulsun. Çox çalışırdı ki, dünya təcrübəsindən yararlanaq. Yararlanırdıq da. Dünya nəşrində uğur qazanmış layihələrdən yararlanmanı və dünya naşirlərinin uşaqlara uyğun bildiyini bizim uşaqlarımız üçün də daha uyğun, daha keyfiyyətli və daha milli çalarlarla dolğunlaşdırılmış şəkildə təqdim olunmasını istəyirdi. Mən bu işin, bu istəyin, bu ideyanın nə zamansa onun arzuladığı şəkildə tamamlanacağına inanıram. Amma təəssüf ki, bu işlər onsuz görüləcək. Fərqi yoxdur kim tərəfindən. Amma onsuz".
Bəli, zaman bizim əleyhimizə işləyir. İndi də onun ölümündən uzaqlaşdırır bizi. An-an, saat-saat, ay-ay. Artıq bir il keçib. Artıq ilk doğum günü onsuz qeyd olunacaq. Bu da zamanın əleyhimizə işlədiyinin daha bir təsdiqi.

Amma hər zaman bir ümid var. Məsələn, ölümdən sonra həyatın, yaşamın mövcud olması düşüncəsi kimi. Yaşanmış ömürdən sonra yaddaşlarda, xəyallarda yaşamağın mümkün olması düşüncəsi kimi. Bu an isə istər onu tanıyanların, istər bu işdə onunla birlikdə çalışanların, istərsə də o kitabların oxucuları olmuş balacaların bir ümidi var-ümid edirik ki, onun zaman üzərində qələbəsi arzularının gerçəkləşməsi ilə baş tutacaq. Arzu olan və reallaşması yarımçıq qalan kitablar nə zamansa işıq üzü görəcək. Və o da bundan necəsə xəbər tutacaq.

Aysel, xalqcebhesi.az