“Özümü prezidentlik uğrunda yarışa qoşulmağa və qalib gəlməyə hazır hesab edirəm” – Müsahibə

ozumu-prezidentlik-ugrunda-yarisa-qosulmaga-ve-qalib-gelmeye-hazir-hesab-edirem-musahibe-
Oxunma sayı: 669

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin “Qafqazinfo”ya müsahibəsi

- Son günlər müzakirə olunan əsas məsələ Avropa Şurasının siyasi məhbuslar üzrə məruzəçisi Ştrasserə viza verilməməsi məsələsidir. Bu məsələ ilə bağlı siz nə düşnürzünüz?

- Bu Azərbaycan hakimiyyətinin çox böyük səhvidir. Azərbaycanda siyasi məhbusların olması faktdır, bunu heç cür danmaq olmaz. Bunu Azərbaycan cəmiyyəti də, dünya ictimaiyyəti də, dünya mediası da bilir. Bu problemi danmaq yox, bunu həll etmək lazımdır. Əgər Azərbaycan hökumətinin heysiyyətinə toxunursa ki, niyə yalnız Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi var, onda problemi həll etsin. Ştrasser məlum müsahibəsində özü də deyib ki, son vaxtlara qədər Azərbaycan hökumətinin istinad etdiyi hətta Ermənistan hökuməti də öz siyasi məhbuslarını azad edib. Hazırda Avropa məkanında Azərbaycanla müqayisə olunacaq yalnız Belarus qalıb. Belarusa isə Azərbaycana olduğundan daha sərt münasibət var. Ona görə də Azərbaycanla bağlı siyasi məhbuslar mövzusunun Avropa tərəfindən qabardılmasından danışmaq yersizdir. Əksinə, hətta biz şikayətçiyik ki, siyasi məhbus məsələsinə münasibət adekvat deyil. Dünən keçirilən beynəlxalq tədbirdə də Avropa Şurasının bu sahədəki siyasəti sərt tənqid olundu. Avropa Şurası iki il bundan əvvəl təyin etdiyi siyasi məhbuslar üzrə məruzəçinin hələ də Azərbaycana gəlib hesabat hazırlamasına nail ola bilməyib. Azərbaycan üzrə digər məruzəçilər də bura həddindən artıq az diqqət yetirir. Azərbaycanda insanlar günahsız yerə, cinayət törətmədən illərlə məhbəs həyatı yaşayırlar. Bu günlərdə də onların sıraları artmaqda davam edir. Ona görə də hesab edirəm ki, Azərbaycan hökumətinin Ştrasseri ölkəyə buraxmama qərarı növbəti böyük səhvdir. Dünyanın diqqətini Azərbaycandakı rejimə daha da cəlb edən hərəkətdir. Onsuz da onlar bu mövqelərini korrektə etməli olacaqlar. Bu mövzunun monitorinqini edin, görəcəksiz ki, yaxın vaxtlarda Ştrasser Azərbaycana gələcək. Onun gəlişinin qarşısını almaq mümkün olmayacaq. Çox təəssüf ki, belə yersiz hərəkətlərlə Azərbaycan hökuməti Azərbaycanı dünya birliyinə, xüsusilə Avropaya çox neqativ tərəfdən təqdim etdi.

- Avropa Şurası Azərbaycandakı siyasi məhbus problemi ilə bağlı narahatlığını bildirir. Azərbaycan isə deyir ki, bizdə siyasi məhbus yoxdur. Belə bir sual ortaya çıxır, əgər yoxdursa, onda hakimiyyət nədən narahatdır ki, Ştrasser gəlməsin? Gəlsə nə aşkarlayacaq?

- Azərbaycanda siyasi məhbusların olmasını danmaq həddindən artıq absurd hərəkətdir. Birincisi, bu adamlar məhz Azərbaycan xalqının gözü qarşısında məhz siyasi fəaliyyətlərinə görə, Azərbaycan hökumətinə istefa tələb etdiklərinə görə, “Azadlıq” şüarı səsləndirdiklərinə görə, sərbəst toplaşma azadlığına cəhd etdiklərinə görə həbs olunublar. Məhkəmə prosesində isə bir nəfər də olsun şəxsən həmin şəxslərin cinayət törətdiyinə şahidlik etməyib. Hətta qondarma sübutlara da hökumət malik olmayıb. Bu şərtlər altında necə iddia etmək olar ki, onlar siyasi məhbus deyil. Bəs nədir? Cinayətkardır? Nədən ibarətdir onların cinayət əməllərinin tərkibi? Bir ölkədəki “azadlıq” və “istefa” tələbi irəli sürmək azadlıqdan məhrum edilməklə nəticələnirsə bu, siyasi məhbus deyil, bəs nədir? Ona görə də Azərbaycan hökumətinin bu iddiaları məntiqdən kənardır. İkincisi, də açığı hamı qloballaşmadan danışır, amma mahiyyətinə çox az adam fikir verir. Bu gün artıq kimin siyasi məhbus olub-olmamasını bir qayda olaraq daha çox nüfuzlu, bu sahədə ixtisaslaşmış beynəlxalq hüquq müdafiə təşkilatları müəyyənləşdirir. Bütün dünya hökumətləri, parlamentləri bu təşkilatların mövqeyinə hörmət edir. Bu təşkilatların hamısı, Human Rights kimi, Sərhədsiz Reportyorlar kimi, başqa nüfuzlu beynəlxalq təşkilatların hamısı Azərbaycandakı məhbusları nəinki siyasi məhbus, həmçinin vicdan məhbusu elan ediblər xeyli hissəsini. Ona görə də, indi bu absurd fəaliyyəti davam etdirməyin heç kimə faydası yoxdur. Azərbaycan hökumətinə heç faydası yoxdur.

- Dünənki tədbirdə Siz də beynəlxalq təşkilatları tənqid etdiniz. Avropa Şurasının, ATƏT-in Azərbaycana gələn nümayəndələrinin müxalifətlə işləməməsini qeyd etdiniz. Sizcə buna səbəb nədir?

- Bizim tənqidimizin hədəfi beynəlxalq təşkilatların müxalifətlə əməkdaşlıqdan imtina etməsi deyildi, mən onu tənqid etdim ki, Azərbaycanda fundamental hüquqların pozulması ilə bağlı açıqlamaları bir qayda olaraq səfirliklər səviyyəsində eşidirik. Mən təklif etdim ki, Avropa ölkələrinin Azərbaycana yüksək səviyyəli səfərlər edən dövlət və hökumət başçıları, nazirləri bu barədə açıqlamalar versin. Biri var ki, Azərbaycanda sərbəst toplaşma azadlığının olmadığını ATƏT-in Bakı ofisi bəyan etsin, biri də var ki, bunu ATƏT-in fəaliyyətdə olan sədri və başqa yüksək rütbəli ATƏT nümayəndələri danışsınlar. Biri var ki, Avropa Şurasının Bakıdakı nümayəndəsi siyasi məhbuslara azadlıq tələb etsin, bir də var ki, Avropa Şurası Parlament Assambleyasının prezidenti yaxud da AŞ PA–nın özü bəyanatla çıxış etsin. Xüsusilə də mən onu vurğuladım ki, Avropa ölkələrinin hökumət və dövlət başçılarının da leksikonunda insan haqları və demokratiya ilə bağlı Azərbaycanla müzakirələri eşitmək istəyirik. Azərbaycan xalqını qıcıqlandırır ki, bir qayda olaraq Azərbaycana gələn yüksək Avropa hökumət və dövlət başçıları daha çox neft qaz əməkdaşlığı barədə danışır. Mən açıq şəkildə bəyan etdim ki, biz Azərbaycanla Avropa, Avroatlantik məkan arasında inteqrasiyanın tərəfdarıyıq, amma biz Avropanın enerji təsisatçısı rolunda olmaqla kifayətlənmək niyyətində deyilik. Biz istəmirik ki, Avropaya yalnız enerji mənbəyi kimi lazım olaq, biz istəyirik ki, Avropa burada yaşayan insana dəyər versin. Nəzərə alsın ki, Azərbaycan xalqı hələ 93 il bundan əvvəl demokratik inkişaf yolunu seçib. Mən qeyd etdim ki, mənim imkanım var ki, bu barədə sizinlə ayırca danışım. Amma istəyirəm ki, biz bu mövzularda aşkar şəkildə, hamının gözü qarşısında danışaq.

- Bir müddət əvvəl İlham Əliyev “Əl-Cəzirə” televiziyasına müsahibə verdi və dedi ki, 3-cü dəfə prezidentliyə namizəd olmaqla bağlı bir qərara gəlməyib. Ondan təxminən bir həftə sonra Əli Əhmədov açıqlama verdi ki, YAP-ın namizədi İlham Əliyev olacaq. İstərdim ki, bu məsələyə şərh verəsiniz.

- Bu günlərdə dünyanın ən nüfuzlu qəzetlərindən biri olan “New York Times” Qəzzafi haqqında yazanda dünyadakı sülalə hakimiyyətlərini, 1969-cu ildən Liviyanı idarə edən bu adamın taleyindən ibrət dərsi götürməyə çağırdı. Bir azərbaycanlı kimi məni çox təəssüfləndirdi ki, Şimali Koreya ilə bir sırada Azərbaycanın da adı sülalə hakimiyyəti olan ölkələr sırasında çəkildi. Bizim istədiyimiz qədər olmasa da hər halda İlham Əliyev da bu diskomfortu yaşayır ki, bütün dünyada Əliyevlərin sülalə hakimiyyəti tənqid olunur, bütün dünya bu rejimi ən eybəcər idarəetmə nümunəsi yaratmış ailə hakimiyyətləri ilə müqayisə edir. Hər kəs bilir ki, kiçik fasilələrlə 1969-cu ildən bu günə qədər Azərbaycanı bu sülalə idarə edir. Nəhayət bunun sonu olmalıdır. Bunun sonunun olmamağı milləti də aşağılayır, millətin təmsilçisi olan dövlət başıçısını da. Bu nə deməkdir ki, Azərbaycanı 40 ildən bəri bir dövrdə yalnız bir ailə idarə etsin? Bu o deməkdirmi ki, Azərbaycan xalqı o qədər qabiliyyətsiz xalqdır ki, onu bir ailədən başqa idarə etməyə qabil olan heç kəs yetişdirə bilməyib? Yaxud da bu bir ailə 40 il ərzində heç kimə imkan verməyib ki, dövlət idarə edə biləcək həddə qədər yüksələ bilsin. Hansı versiyanı seçsəniz görəcəksiniz ki, bu, Azərbaycan xalqını aşağılayan cavabdır. Yəqin ki, İlham Əliyev bunu başa düşüb, düşünür ki, 3-cü dəfə prezidentliyə iddia etməsi beynəlxalq aləmin diqqətini Azərbaycandakı sülalə hakimiyyətinə cəlb edəcək. Ona açıq sual veriləcək ki, niyə ona iki dəfə prezident olmaq kifayət etmir? İki dəfə prezident olduğu müddətdə o öz proqramlarını həyata keçirə bilməyib? Bu da yaxşı hal deyil, qabiliyyətsizliyin göstəricisidir. Yaxud da hakimiyyət ac gözlüyü ilə bağlı ola bilər. Bu suallar ona veriləcək. Ola bilsin ki, İlham Əliyev geriyə yol saxlayır. O ki, qaldı partiya daxilindən gələn bəyanatlara o başa düşüləndir. İlham Əliyev bir qrup insanın hakimiyyəti əlində saxlayıb talan etməsi üçün simvola çevrilib və o insanlar çox geniş səlahiyyətə malikdirlər və ölkənin çapıb talan edilməsində yaxından iştirak edirlər. Bu insanlar istəmirlər ki, ölkədə hakimiyyət dəyişikliyi olsun. İstəmirlər ki, indiki mövqelərini itirsinlər. Onlar hakimiyyətdə bir müddət də qalmaq naminə Azərbaycanın imicini də korlamağa da, qarşıdurmaya da sürükləməyə hazırdırlar.

- Hərdən alternativ namizəd fikri də ortaya atılır. Yəni, Rusiya variantı. Bununla bağlı nə düşünürsüz?

- Əlbəttə biz başa düşürük ki, İlham Əliyev namizəd olmayacağı təqdirdə inzibati yolla da olsa formalaşmış Yeni Azərbaycan Partiyası hakimiyyətdə təmsil olunan oliqarxlar namizədsiz qalmayacaqlar. Onlar toplaşıb içərilərindən namizəd çıxara bilərlər. Biz buna hörmətlə yanaşırıq. Amma hazırda dünyada baş verən proseslər İlham Əliyevdən daha çox ailə hakimiyyətinə yönəlib. Ailə içində hansısa dəyişikliklər sülalənin mahiyyətini dəyişmir. Əgər bu manevrlər yenə ailədaxilində dəyişikliklə məhdudlaşacaqsa bunun mahiyyəti dəyişməyəcək. Ona görə də Azərbaycan xalqı bütün demokratik vasitələrdən istifadə etməlidir və edəcək.

- Prezident seçkiləri ilə bağlı müxalifətdə vəziyyət necədir?

- Müxalifət çox ciddi təzyiq şəraitində fəaliyyət göstərir. Hətta Bu günlərdə Beyləqanda İctimai Palatanın təsis olunmasına polis açıq zorakılıqla mane oldu. Azərbaycan müxalifətinin fəaliyyət imkanları zorakılıqla məhdudlaşdırılır. Televiziyalara müxalifətin buraxılmaması, mitinqlərə icazə verilməməsi məlumdur. Bu şərtlər altında müxalifətin zəif görünməsi təbiidir. Amma müxalifətin əsas gücü xalqın içində mövcud hakimiyyətdən narazılıqdadır. Xalq indi əvvəlki illərdə olduğundan daha narazıdır. O vaxt Azərbaycan xalqı qənaətə gəlsə ki, öz azadlığı uğrunda mübarizəyə başlasın, demokratiyanı bərqərar etmək uğrunda mübarizəyə başlasın, zaman görəcəksiz ki, bu mübarizəyə yalnız müxalifət yox, yüz minlərlə, yüz milyonlarla sadə azərbaycanlı qoşulacaq. Bu kütləvi narazılıq müxalifətin potensialıdır. O potensial hələlik real güc kimi təcəssüm olunmur, çünki onu ifadə etməyə meydan yoxdur. Azərbaycan müxalifəti bu narazılığı sistemli müxalifət müstəvisinə keçirməyə çalışır. Dünya təcrübəsi də göstərir ki, təşkilatlanmamış müxalifətin idarə etmədiyi narazılıqlar böyük fəsadlara gətirib çıxarır. Biz bunu Azərbaycanda görmək istəmirik. Bu mənada müxalifətin güclənməsi hökumətin özünü də fəsadlı ssenarilərdən xilas edə bilər. Hökumətin özündə sağlam məntiq olsa, öz gələcəyini qeyri-müəyyənlikdən xilas etmək üçün İctimai Palatanın demokratiyaya keçidin yol xəritəsindəki şərtlərə əməl edərlər. Bu baxımdan hazırda seçkilərdə kimin qalib olması diskussiyasını yersiz hesab edirik.

- Siz uzun müddətdir siyasi fəaliyyətlə məşğulsunuz, partiya rəhbərisiniz, amma bu vaxta qədər prezidentliyə namizəd olmamısınız. 2013-də prezidentliyə namizəd olmaqla bağlı bir qərarınız varmı?

- Mən dəfələrlə bu məsələyə münasibət bildirmişəm ki, əgər Azərbaycan xalqının, tərəfdarlarımın belə bir istəyi olacaqsa özümü hazır hesab edirəm ki, Azərbaycanda prezidentlik uğrunda yarışa qoşulum və qalib gəlim. Amma hər zaman onu da vurğulayıram ki, bu mövzuların zamanı yetişmədən ortalığa atılması əslində müxalifəti mənasız daxili didişmələrə aparıb çıxarır. Hazırda prezidentliyə namizədliklə bağlı diskussiyaları müxalifətin maraqlarına zidd hesab edirəm.

- İctimai Palata yaranarkən Parlamentin buraxılması əsas məqsəd götürülmüşdü. Hazırda isə bu, məsələ gündəmdən çıxıb. Palatanın bundan sonrakı hədəfləri nədən ibarət olacaq?

- İctimai Palatanın yaranmasından bir ilə yaxın vaxt keçir və biz onu yaradanda “ərəb baharı” hələ başlamamışdı. Biz daxili təhlillərimiz nəticəsində parlament seçkilərindən sonra ölkədə növbədənkənar parlament seçkisi keçirilməsi məqsədilə siyasi partiya fəallarını, vətəndaş cəmiyyətinin nümayəndələrini böyük vətəndaş hərəkatında bir araya gətirdik. Bu bir ilə yaxın vaxt sübut etdi ki, İctimai Palata Azərbaycan müxalifətinin nisbətən ən yaxşı təşkil olunmuş, daha çox müxalifətçini öz ətrafına yığmış strukturdur. Azərbaycan cəmiyyəti fərqindədir ki, yaxın dövrlərdə İctimai Palata siyasi proseslərin əsas subyekti olacaq. İctimai Palatanı nə sıradan çıxarmaq, nə də ona alternativ yaratmaq mümkün olmayacaq. İctimai Palata ötən müddət ərzində xeyli dərəcədə öz yaşarlığını sübut edib. Bir çoxları proqnozlaşdırırdı ki, İctimai Palata daxilində olan qüvvələr dil tapa bilməyəcək, intriqalar İctimai Palatanı daxildən parçalayacaq. Hökumətin bu ümidləri özünü doğrultmadı, əksinə İctimai Palata daxilində münasibətlər zaman keçdikcə daha da dolğunlaşır və səmimiləşir. Belə bir proqnoz da var idi ki, aprel ayında İctimai Palatanın başlatdığı kütləvi aksiyalar hələlik son məqsədinə nail olmadığına görə bu, İctimai Palata tərəfdarlarının məyusluğu və onun parçalanması ilə nəticələnəcək. Bu ümidlər də özünü doğrultmadı. Sonra ümid etdilər ki, İctimai Palatanı arxa plana keçirə biləcək strukturlar yarana bilər, amma bu da alınmadı. Bu gün İctimai Palata təşkilatlanmasını artırmaqla, beynəlxalq əməkdaşlığı genişləndirməklə, beynəlxalq aləmdə etibar edilən güc kimi özünü təsdiq etməklə digər tərəfdən də ölkənin bütün problemlərinə sahib çıxıb, ayrı-ayrı təbəqələrin problemlərini ictimai müzakirəyə çıxarmaqla müxalifət missiyasını tam olaraq həyata keçirir. Hesab edirəm ki, zaman İctimai Palatanın daha da güclənməsinə xidmət edəcək.