“Özünədəstək” layihəsi cəbhəyanı bütün kəndlərdə icra olunacaq

ozunedestek-layihesi-cebheyani-butun-kendlerde-icra-olunacaq
Oxunma sayı: 643

Müşavirədə 11 rayonun (Füzuli, Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Göygöl, Goranboy, Tərtər, Ağcabədi, Ağdam, Beyləqan) Əhalinin sosial müdafiəsi mərkəzlərinin rəhbərləri iştirak ediblər. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “Qafqazinfo”ya verilən məlumata görə, F. Ələkbərov aztəminatlı ailələrin ünvanlı yardımdan asılılığını aradan qaldırmaq, onlara mövcud potensiallarını reallaşdırmaq yolu ilə gəlirlərini artırmaq, beləliklə, yoxsulluq vəziyyətindən çıxmaq üçün müvafiq şəraitin yaradılması baxımından “Özünədəstək” layihəsinin effektli bir tədbir olduğunu qeyd edib. Layihənin icrasının aztəminatlı ailələrin daimi məşğulluğuna, işgüzarlıq əzminin yüksəlməsinə, onların yaşayışına, nəticə etibarilə, kənddə heyvandarlığın inkişafına müsbət təsir göstərdiyini deyən nazir ailə təsərrüfatını inkişaf etdirmək və özünütəminetmə imkanlarını artırmaq üçün müvafiq potensiallara malik olan hər bir aztəminatlı ailənin bu layihəyə cəlb ediləcəyini vurğulayıb.

Tədbirdə “Özünədəstək” layihəsinin Ermənistanla həmsərhəd olan, həmzinin cəbhə ilə təmas xəttində yerləşən ümumilikdə 111 kənddə həyata keçirilməsi məqsədilə həmin yaşayış məntəqələri üzrə demoqrafik və sosial- iqtisadi vəziyyət, coğrafi şərait, məşğulluq növləri, ünvanlı sosial yardım alan ailələr, həmin ailələrin mövcud potensialları və s. ilə bağlı aparılmış araşdırmaların nəticələri geniş təhlil olunub. Həmin kəndlər üzrə adiyyatı rayonlarda bu sahədə görüləcək işləri təhlil etmək üçün Ağcabədi və Şəmkir rayonlarında zona müşavirələrinin keçiriləcəyi qeyd olunub. Bildirilib ki, layihənin icrası ilə bağlı kadrların bilik və peşəkarlığının artırılması da diqqətdə saxlanılır və bununla əlaqədar Nazirliyin Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzində yerli strukturların rəhbərləri və müvafiq əməkdaşları üçün təlim kursları təşkil ediləcək.
Müşavirə zamanı layihənin cari ilin aprel ayından etibarən Tovuz, Qazax, Füzuli və Gədəbəy rayonları üzrə ümumilikdə 7 kənddə mərhələli şəkildə icra edilməsi qərara alınıb.

F. Ələkbərov Layihənin icra olunacağı rayonların Əhalinin sosial müdafiəsi mərkəzlərinin rəhbərlərinə bu layihəyə cəlb ediləcək ailələrin seçilməsi, malik olduqları potensiallar, həmçinin yerli şərait, məşğulluq imkanları nəzərə alınmaqla həmin ailələrə hansı formada dəstək verilməsinin daha səmərəli ola biləcəyi ilə bağlı təkliflər hazırlayıb nazirliyə təqdim etmək barədə tapşırıq verib.

Daha sonra Füzuli rayonunun Mirzənağılı, Qazaxlar və Şükürbəyli kəndlərində yaşayan, “Özünədəstək” layihəsinə cəlb olunmaq üçün seçilmiş 13 ailə ilə görüşən nazir həmin ailələrə öz təsərrüfatlarını inkişaf etdirmək məqsədilə bu yeni layihənin yaratdığı imkanlardan daha səmərəli şəkildə yararlanmağı tövsiyə edərək, onlara bu sahədə uğurlar arzulayıb. Görüşdə həmin ailələrə yeni layihənin xüsusiyyətləri, layihəyə cəlb olunmaq üçün ailə planının hazırlanması və s. barədə izahatlar verilib.


Nigar Məmmədli