Prezident müxalifət haqqında Səməd Seyidova nələr deyib? – Təyyarə söhbəti

prezident-muxalifet-haqqinda-semed-seyidova-neler-deyib-teyyare-sohbeti
Oxunma sayı: 985




Azərbaycanda siyasi şərait, dünyanın Cənubi Qafqaz regionuna baxışlarının dəyişməsi fonunda fundamental olaraq düzənlənir. Avropa Birliyi dövlətləri müstəqilliyin ilk günlərindən cari ilin üçüncü ayına qədər bu qədər diqqətli və həssas olmayıb. Əminliklə demək olar ki, regionda siyasi şərait dəyişir. Cənubi Qafqazın üç dövlətindən biri Avropaya inteqrasiyanın yekun mərhələsini yaşamaqdadır. Ermənistanda siyasi şərait bir həftə öncə dəyişdi. Müxalifətdə olan sabiq prezident Levon Ter Petrosyanla prezident Serj Sərkisyan anlaşaraq hakimiyyət bölgüsünə hazır olduqlarını bəyan etdilər. Artıq Ermənistanda siyasi şərait daha da yaxşıya doğru dəyişməyə başlayıb. Yalnız Azərbaycanda heç bir müsbət çalarlarla müşahidə edilən siyasi şərait, dialoq müstəvisi müşahidə edilmir. Məhz ekspertlər də rəsmi Bakının protest elektorata yönəlik yumşaldıcı addımlar atmamasının çox ağır fəsadlarla yadda qalacağından ehtiyatlanır, iqtidarın cəmiyyətin təkcə sosial deyil, siyasi dəyişiminə xidmət edəcək addımlar atmasının da vacib olduğunu dilə gətirirlər.

Şərait artıq dəyişməkdədir. Bu ilin mart ayından etibarən Bakıda başlayan etiraz aksiyaları, sürətlə regionlara da sirayət etməyə başladı. Sabirabad və İmişli rayonlarında hələ ötən ildən qalan sel problemləri ilə bağlı olaraq insanlar etiraz aksiyaları keçirdilər. Xronoloji ardıcıllıqla Azərbaycanda ərzaq məhsullarının bahalaşmasına qarşı dövlətin ən yüksək səviyyəsindən etirazlar səsləndirildi. Bunun ardınca da ölkədə antikorrupsiya kampaniyasına start verildi. Bir neçə kiçik ranqlı məmur yol verdiyi rüşvət faktına görə həbsə atıldı. Kampaniya apreldə öləzidi və mayın ilk ongünlüyündə artıq başa çatdı. Bundan sonra isə Azərbaycanda istənilən bir halda yeniliklər müşahidə edilməyə başladı. Rəsmi olaraq dövlət qulluğunda çalışanların ən yüksək yaş həddi 65 yaş müəyyən edildi. Lakin bu proses də təhsil işçilərinin narazılığı, yüksək çinli məmurların postlarını bu islahatlara görə qurban verməyəcəyi arqumentləri ortaya çıxandan sonra demək olar ki, sıradan çıxdı. Yenə də iqtidar iradəsizlik nümayiş etdirdi.

Nəhayət siyasi partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsi məsələsi gündəmə gəlib. Dünən Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyir ki, partiyaların büdcədən maliyyələşməsiylə bağlı olaraq təkrar dövlət qeydiyyatından keçirilmə proseduru olmayacaq. Maliyyələşmə seçkilərdə toplanan səslərə görə müəyyən ediləcək. Lakin bu islahatların da nə zaman yekunlaşacağı, qanunun nə zaman qüvvəyə minəcəyi hələ ki, məlum deyil.

Bütün bunlar rəsmi Bakının regionda və dünyada baş verən siyasi prossesləri doğru-düzgün analiz edərək narahat olduğunun ifadəsidir. Əksər politloqlar hesab edirlər ki, iqtidar dünyada baş verən prosseslərdən hələ də doğru nəticə çıxarmayıb. Lakin burada həm də dəyişmək istəməyən komandanın dövlət başçısına Mane olması barədə informasiyalara da rast gəlinir.

Dünən hakimiyyətdəki mənbə bizimlə söhbətində çox ilginc faktlar barədə danışdı. “Əslində baş verənlər və iqtidardakılar adlandırdığınız adamların arasında islahatlara meyilli, ölkədə siyasi münasibətləri yumşaltmaq istəyən kifayət qədər gənc adamlar var. Lakin yaşlı nəsildən olan və əsasən indiki kimi idarəetmənin saxlanılmasını vacib sayaraq bunun uğrunda mübarizə aparan adamlar da az deyil” deyə mənbəmiz bildirdi.
Həmsöhbətimiz kifayət qədər maraqlı bir fakt barədə də danışdı. Dedi ki, bu yaxınlarda xarici ölkələrə səfərlərin birindi təyyarədə olarkən Azərbaycan müxalifəti ilə bağlı olaraq dövlət başçısı ilə Avropa Şurası Parlament Assamebeleyasındakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov arasında müzakirə olub. Ölkədə gerçək müxalifətin olmasını arzulayan prezident hətta konkret olaraq siyasi partiya liderləri ilə bağlı da danışıb. «Dövlət başçısı mövcud siyasi liderlərin adını bir-bir çəkir, onların nə dediklərini, necə çıxışlar etdiklərini danışırdı. Hər kəs heyrət içindəydi. Hətta cənab prezident son zamanlar siyasi müxalifət düşərgəsində tanınmağa başlayan adamlar haqqında da danışdı. O, «Real» Hərəkatının təsisçisi olan İlqar Məmmədov barəsində bildirdi ki, İlqar məni faşist adlandırır, mən onun tənqidlərini, düşündüklərini necə qəbul edə bilərəm?

Daha sonra ənənəvi müxalifətdən danışdı. Bir-bir hər kəsin harada olduğunu dedi. Daha sonra parlamentdəki müxalifətlə bağlı da mülahizələrini dilə gətirdi. Dedi ki, daha bir zamanlar dəstək verib konstruktiv adı qoyduqları müxalifətlə işləməyin mənası yoxdur. Yalnız bir nəfəri - İqbal Ağazadəni tənqidlərində, çıxışlarında obyektiv olduğunu və onu gerçək müxalifət kimi qəbul etdiyini bildirdi” deyə həmsöhbətimiz əlavə etdi.

Məlumat verən mənbə deyir ki, dövlət başçısı bir saata qədər davam edən müzakirədə sağlam düşünən, vətənini sevən, dövlətçiliyini sevən gənclərin ortaya çıxmasında maraqlı olduğunu, hətta yeni siyasi qüvvənin meydana gəlməsinin də vacibliyini dilə gətirib. O, “mən arzu edərdim ki, belə gənclər olsun bizə qarşı rəqib qismində. Biz də əmin olaq ki, dövlət üçün gələcəkdə hakimiyyət dəyişiklikləri zamanı katalikizmlər yaşanmayacaq. Sabiqlərlə, mövcud iqtidar qrupları arasında qanlı toqquşmalar, qisas olmayacaq” da deyib.

Bu informasiyanı şərh edən bir neçə həmsöhbətimiz olan siyasi liderlər deyirlər ki, əslində bu dövlət başçısının faktiki olaraq narahatlıq keçirdiyinin ifadəsidir. Əslində, dövlət başçısı bu sözləri işlətməklə, həm də hakimiyyətə gələcək yeni qüvvələrin indiki iqtidar üzvlərindən intiqam almamasını zəmanətə almaq istəyinin ifadəsidir.

Bütün bunlar da bir daha onu göstərir ki, əslində hakimiyyətin ən yüksək çevrələrində bu məsələ ilə bağlı olaraq narahatlıqlar yaşanmaqdadır. Və bu narahatlıqlar da daha çox nə vaxtsa xalqdan talanan milyardların hesabının sorulmasıyla bağlıdır.

Gündəm Xəbər