Prezidentin Kazan dueli, Vahid Qazi, Araz Əzimov və mən

prezidentin-kazan-dueli-vahid-qazi-araz-ezimov-ve-men
Oxunma sayı: 686

Məqsədi xeyirxahlıq olan bu müraciətə səs verənlər oldu, təbii ki. Və Vahid Qazinin istəyi reallaşdı. Amma məsələnin başqa bir tərəfi var ki, bu barədə düşünməyə dəyər. Axı biz nə vaxta qədər ermənilərdən nümunə götürəcəyik? Bəlkə özümüz də nəyəsə qadirik? Mənim üçün bu reallıqlar barədə söz açmaq çox ağrılıdır. Amma deməliyik.
Sözsüz ki, düşmənin psixologiyasını öyrənmək, onun düşündüyü kimi düşünməyi bacarmaq lazımdır. Əks halda onunla mübarizə aparmaq çətin olur. Amma nə vaxta qədər onlar nəsə edəcək və biz də onlardan nümunə götürüb adekvat addımlar atacağıq?
Bəlkə biz də hansısa addım atmalıyıq ki, onlar bizim ardımızca gəlsin?
Hər halda düşünməyə dəyər. Çünki nə qədər ki, biz onlardan öyrənəcəyik, onların ardınca gedəcəyik, deməli, biz bir addım geridə olacağıq.
***
Bu yerdə xarici işlər nazirimizin müavini Araz Əzimovun son açıqlamaları yadıma düşür. Araz Əzimov Kazan görüşünün bəzi detallarını 5 aydan sonra açıqladı. Əslində o, ermənilərin Kazanda baş verənlərlə bağlı dediklərinə cavab verirdi. Yenə də bizim nazir müavini ermənilərin dediklərindən sonra nəsə dedi. Onun açıqlamasında ən diqqət çəkən məqam isə görüş təşəbbüskarı Rusiyanın verdiyi təkliflər və bu təkliflərin Azəırbaycanın maraqlarına cavab vermədiyi idi. Bu təkliflərin qəbuledilməzliyi onunla nəticələnib ki, Azərbaycan onu qəbul etmyib.
Məgər bunu Kazan görüşündən dərhal sonra bəyan etmək olmazdımı? Axı niyə biz ermənilərin nəsə deməyini gözləyirik ki, onlara cavab verək.
Əslində İlham Əliyevin Rusiyanın təkliflərini qəbul etməməsi və öz şərtlərini irəli sürməsi bir Azərbaycan vətəndaşı olaraq məni sevindirir və inamımı artırır. Yəqin ki, bu məlumat ictimaiyyətə vaxtında və düzgün çatdırılsaydı, çoxları mənim kimi düşünərdi. Amma bu edilmədi. Əvəzində isə...
***
Kazan görüşündən bir neçə gün sonra mən “Nalbandyan düz danışır” burada adlı bir yazı yazmışdım. Bu yazıda bildirmişdim ki, bəli, doğurdan da Kazanda Rusiyanın ortaya qoyduğu təkliflər Azərbaycanın marağına zidd olduğu üçün Prezident İlham Əliyev öz şərtlərini irəli sürüb. Bununla da danışıqlar pozulub və nəticəsiz başa çatıb. Əslində Kazan görüşünü duel də adlandırmaq olardı. Və bu dueldə İlham Əliyev Rusiya və Ermənistan prezidentlərinə qarşı tək idi. İnformasiya qıtlığı ucbatından Azərbaycan ictimaiyyəti onu tək qoymuşdu.
Məncə, bu informasiyaları vaxtında ictimaiyyətin ixtiyarına vermək daha yaxşı olardı. Axı niyə mən Azərbaycan Prezidentinin Kazanda nümayiş etdirdiyi iradəni Ermənistanın xarici işlər nazirinə istinadən xalqa çatdırmalıydım? Axı niyə mən həmsədrlərin son təkliflərinin arzuedilməz olduğu barədə informasiyanı kiminsə masasından oğurlamalıyam? Məgər bu tip informasiyaların vaxtında və ümummilli maraqlar prizmasından işıqlandırılması daha yaxşı olmazmı?
Məncə, bu suallar ətrafında rəsmilərin düşünməsi yaxşı olardı. Ağ evin “qara qutusu”nu açmaq vaxtıdır, cənablar...