“Qarabağ”ın rəqibi kimdir?-Tanıtım

qarabagin-reqibi-kimdir-tanitim
Oxunma sayı: 723

1891-ci ildə yaradılan "Brügge" klubunun artıq 119 yaşı var. Zəngin tarixə malik olan komanda son illər uğursuz çıxışı ilə diqqət çəkir. Belə ki, sonuncu dəfə 2005-ci ildə Belçika çempionluğunu qazanan “Brügge” ölkə kubokuna da ən son 2007-ci ildə yiyələnib.

"Brügge"nin rəngləri qara-mavi olduğundan azarkeşlər komandalarını məhz bu adla çağırır. "Brügge" evdə qara-mavi, səfər oyunlarında isə ağ forma ilə meydana çıxır. Ev oyunlarının keçirildiyi “Yan Breydel” stadionu təxminən 30 min azarkeş tutumuna malikdir.

Komandanın ölkə daxili uöurlarına gəldikdə isə bu komanda 13 dəfə ölkə çempionluğu, 10 dəfə isə Belçika kubokunu qazanıb. "Brügge" ilk çempionluğuna 1919-1920-ci illər mövsümündə yiyələnib. Növbəti illərdə daha 12 dəfə (1972-73, 1975-76, 1976-77, 1977-78, 1979-80, 1987-88, 1989-90, 1991-92, 1995-96, 1997-98, 2002-03, 2004-05)
çempion olan "Brügge" Belçikanın köklü klublarından sayılır.

Bununla yanaşı, tarixi ərzində 10 dəfə ölkə kubokunu qazanan (1967-68, 1969-70, 1976-77, 1985-86, 1990-91, 1994-95, 1995-96, 2001-02, 2003-04, 2006-07) komanda Avropa səhnəsində də uğurlu çıxışları ilə diqqət çəkib. "Brügge" 1977-78-ci illərdə Çempionlar Liqasının, 1975-76-cı illərdə isə UEFA kuboku, indiki Avroliqanın finalçısı olub. Lakin finallarda məğlub olaraq turniri ikinci yerdə başa vurub.

Son mövsümü 4-cü pillədə başa vuran "Brügge" ölkəsini Avroliqada təmsil edəcək. Lakin onların rəqibi Azərbaycan "Qarabağ" klubudur. "Brügge"nin prezidenti Bart Verhaege də komandanın qarşısına Avroliqada uğurlu çıxış etmək vəzifəsini qoyub. "Brügge"nin baş məşqçisi Adri Koster də məhz bu məqsədlə komandaya gətirilib.

Qeyd edək ki, “Qarabağ”ın “Brugge” ilə ilk görüşü iyulun 28-də səfərə keçiriləcək. Belçikada “Yan Breydelstadion” arenasında keçiriləcək matçın start fiti Bakı vaxtı ilə 23:30-da veriləcək. Cavab görüşü isə bir həftə sonra - avqustun 4-də Bakıda baş tutacaq.