Qarışqaların efirdə cütləşməsi

qarisqalarin-efirde-cutlesmesi
Oxunma sayı: 2235

Telekompaniya rəhbərləri efir saatını doldurmaq üçün heç bir tərbiyəvi əhəmiyyəti olmayan, ekran qarşısında əyləşmiş adamların zövqünü oxşamayan, əksinə, onları əsəbiləşdirən verilişləri tamaşaçılara sırımaqla məşğuldurlar. İstirahət günü yerli telekanallar üzərində monitorinq apararkən bu qənaətim bir qədər də qüvvətləndi.

Xarici teleserialların nümayişinin dayandırılmasından sonra özəl telekanallarda yayımlanan mətbəx verilişlərinin efir saatı artıb. Biz televiziya qarşısında əyləşməklə heç kimə lazım olmayan yeməklərin necə bişirildiyinin canlı şahidi ola bilərik. Vaxtıma heyfim gəlmədiyi üçün ötən gün “Lider” telekanalında bir aşpazın xiyar doğramaq üçün düz 5 dəqiqə vaxt sərf etdiyini öz gözlərimlə gördüm. Həmin vaxt ATV-də kələm, “Space”də badımcan, ANS-də isə balqabaq doğrayırdılar. Kiçik bir riyazi hesablama aparmaqla məlum oldu ki, özəl telekanalların həvəslə bizə təqdim etdiyi salatı və yeməyi hazırlamaq üçün təxminən 50 manat pul lazımdır. Dərhal ağlımdan bir sual keçdi: əziz telekanal rəhbərləri, siz Azərbaycanda müəllimlərin və həkimlərin ayda 140-150 manat maaş aldığını, təqaüdçülərin isə cəmi 100-120 manatla dolanmaq məcburiyyətində qaldığını bilirsinizmi? Yerigəlmişkən, sizdən bir xahişim olacaq: lütfən, mətbəx verilişlərində ətli yeməklərin təbliğini dayandırın. Bu ölkədə evinə ayda bir dəfə ət ala bilməyən minlərlə adam var. Əgər sahibi olduğunuz telekanallarda bu adamların həyatını işıqlandırmaq fikriniz olsa, əməkdaşlarınızı onlarla tanış edə bilərəm.

Təəssüf doğuran başqa bir məqam isə odur ki, MTRŞ xarici teleserialların nümayişini dayandırsa da, Azərbaycan telekanalları efir vaxtını yenə əcnəbi telekompaniyaların istehsalı olan verilişlərin hesabına doldururlar. Başda BBC olmaqla dünyanın bir çox nüfuzlu telekompaniyalarının çəkdiyi sənədli filmlər Azərbaycan dilinə tərcümə edilərək, tamaşaçılara təqdim olunur. Bu sırada heyvanlar haqda çəkilmiş filmlər xüsusi üstünlük təşkil edir. Vəhşi heyvanların yaşamaq uğrunda mübarizə apararkən qarşılaşdıqları çətinliklərdən bəhs edən filmləri gündə bir neçə dəfə seyr etmək imkanımız var. Buna görə də qorxunc görkəmli aslanların, yırtıcı canavarların təbiətin bəzəyi olan ceyranları amansızlıqla qanına qəltan etdiyi səhnələr bizi çox tanışdır. Efirdə yaranan boşluq hətta qarışqaların həyatından bəhs edən filmlərin də “bəxtini açıb”. Məsələn, mayın 9-da “Xəzər” televiziyasında qarışqaların cütləşməsindən bəhs edən təxminən birsaatlıq film nümayiş olundu.

Efir məkanında baş verən dəyişikliklər aşpazlarla yanaşı, həkimlərin də telekanallara gedən yolunu açıb. Biz tamaşaçılar tez-tez müxtəlif televiziya kanallarında həkimlərin öz pasiyentlərinə məsləhət verdiklərinin şahidi oluruq. Onların verdikləri məsləhətlər adətən bu cür olur: “Siz mütləq bizim klinikaya müraciət edin. Müayinə prosesi başa çatdıqdan sonra sizə səhhətiniz barədə daha ətraflı məlumat verə bilərik”. Maraqlısı isə odur ki, böyük Hippokratın azərbaycanlı davamçıları son vaxtlar hətta bədii-əyləncəli verilişlərdə də görünməyə başlayıblar. Nədənsə, efirə çıxan həkimlərin əksəriyyəti ancaq doğuş, hamiləlik kimi həssas mövzularda danışmağa üstünlük verirlər. Görünür, gəlirli sahə olduğu üçün təkcə xanımlar deyil, kişi həkimlər də ciddi-cəhdlə özlərini qadın xəstəlikləri üzrə mütəxəssis kimi təqdim etməyə çalışırlar.

P.S. Mən bu yazını yazmağa başlayanda, “Space” telekanalında bığlı-saqqallı, yekəqarın bir kişi süni mayalanmanın üstün cəhətləri haqda danışırdı. Mən yazını tamamlayıb televizoru yenidən yandıranda, həmin yekəqarın kişi hələ də bir saat əvvəl dediyi sözləri təkrarlayırdı...