Ramiz Mehdiyevin ermənilərə təklifi

ramiz-mehdiyevin-ermenilere-teklifi
Oxunma sayı: 670

Son proseslərdə iki bəyanat diqqətimi çəkdi. Bunlardan biri Ramiz Mehdiyevə məxsus idi. “Qarabağda yaşayan ermənilərlə dil tapmaq olar”. Sözsüz ki, Ramiz Mehdiyev təsadüfi və gəlişigözəl bəyanatlar verəcək şəxs deyil. Onun sözləri yəqin ki, hansısa vacib siyasi addımların konturlarını ehtiva edir. Və bu bəyanat ola bilsin ki, konkret olaraq hansısa siyasi güc mərkəzinə yönəlib.
Ramiz Mehdiyevin söylədiklərinin arxasında ciddi siyasi proseslərin konturları dayandığını xarici işlər naziri Elmar Məmmədyarovun bəyanatı da təsdiq edir: “Bildiyiniz kimi, hal-hazırda tərəflər arasında etibarın möhkəmləndirilməsi, azərbaycanlı və erməni icmaları arasında, istər Azərbaycanda və Ermənistanda, istəsə də Qarabağda ünsiyyət qurmalarına dair təşəbbüslər var. Getsinlər, görüşsünlər, ünsiyyət yaratsınlar. Qapıları bağlamaq mümkün deyil. Buna görə də, mən danışıqların davam etdirilməsi ilə yanaşı, əlaqələrin intensivləşdirilməsini də vacib sayıram”.
İstər Ramiz Mehdiyevin, istərsə də Elmar Məmmədyarovun bəyanatında səslənən fikirləri rəsmi Bakının mövqeyi kimi qəbul etmək olar. Maraq doğuran məqam odur ki, bu mövqe bu vaxta qədər olmayıb. Məhz indi, 2011-ci ilin sonunda belə bir mövqenin ortaya qoyulması 2012-ci ildə hansı proseslərin gedəcəyindən xəbər verir.
Amma 2012-ci ildə baş verəcəkləri proqnozlaşdırmazdan əvvəl digər məsələləri də nəzərdən keçirməyə ehtiyac var.
***
Artıq heç kimə sir deyil ki, dünyanın düzəni dəyişir. Çoxları ikiqütblü dünyanın sonu gəldiyini və bundan sonra cazibə qüvvəsinin bir qütbdə qalacağını söyləyir. Ola bilsin ki, bu proqnoz nə vaxtsa özünü doğruldacaq. Amma birqütblü dünyanın bərqərar olması üçün əvvəlcə çoxqütblü (yeni qütblərin cazibə və itələmə qüvvəsi cüzi olsa belə) düzən formalaşmalıdır. Sözsüz ki, bu qütblərin çoxu süni yaradılanlar olacaq. Bu, bir növ totalitar rejimlərin formalaşdırdığı əl müxalifətinə bənzər qütblər olacaq. Amma onlar mütləq olmalıdır. Çünki əks halda nəzarətdə olmayan qütblər formalaşa bilər. Deməli, dünya keçid dövrünə qədəm qoyur.
Keçid dövründə Azərbaycanın harada yer tutacağı Qarabağın taleyində həlledici ola bilər. Qışın oğlan çağında Rusiyada siyasi temperatur yüksəlib. Radikal dəyişikliklər tezliklə olmasa belə, baş verənlər Rusiyanı silkələdi. Silkələnən Rusiyanın ətəyindən yapışanların ən azı sağa-sola çırpılacağını proqnozlaşdırmaq çətin deyil.
Sözsüz ki, Rusiya vəziyyətdən çıxmaq üçün Qərblə bazarlıq edə bilər. Bu halda Rusiyanın siyasi bazarlığı üçün ən cəzbedici İran məsələsi ola bilər. O İran ki, Ermənistan və Azərbaycanla, o cümlədən Azərbaycanın işğal altında olan və beynəlxalq nəzarətdən kənarda qalan əraziləri ilə həmsərhəddir.
İlk baxışda Azərbaycanın Avroatlantik məkana inteqrasiyanın güclənməsini daha perspektivli hesab etmək olar. Amma keçid dövrü üçün manevr imkanları barədə düşünmək lazımdır.
Nəzərdən qaçırmaq olmaz ki, Azərbaycan 2012-13-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olacaq. Deməli, beynəlxalq birliyin qəbul etdiyi qərarlarda sözünü deməyə məcbur olacaq. Deyiləcək söz isə Azərbaycanda təsir imkanları kifayət qədər olan Rusiya və İranı qıcıqlandırmamalıdır.
Vəziyyət kifayət qədər dolaşıqdır. Və bu dolaşıq məqamda Ermənistan özünü daha ucuz və kimə gəldi satmağa çalışacaq. Buna imkan vermək olmaz.
***
Ermənistanın kimə gəldi satılması təəccüb doğuracaq hal deyil. Məsələ onu kimin almasındadır. Azərbaycan rəsmilərinin əvvəldə misal gətirdiyimiz bəyanatları maraqlı bir situasiyanın yaranmasının göstəricisi ola bilər. (Bu yerdə o bəyanatları bir də oxuyun.)
Diqqətlə fikir verdikdə Azərbaycan rəsmilərinin bəyanatlarının sətiraltı mənası Ermənistanı almağa hazır olan müştərinin sözlərinə bənzəyir. Yəni ermənilərə təklif olunur ki, kiməsə satılmaqdansa elə Azərbaycana satılın, bununlada məsələ bağlansın.
Əslində bu planın müəllifi Heydər Əliyevdir. İndi çoxlarına sirr deyil ki, Heydər Əliyevin bu istiqamətdə cəhdlərinə məhz Rusiya mane olmuşdu. Və həmin cəhdlər edilən də də ABŞ-da məhz demokrat Bill Klinton hakimiyyətdə idi.
Dünyanın gələcək düzənində Qafqazın vahid geostrateji məkan kimi nəzərdə tutulması indiki məqamda əlçatmaz görünsə də, hər halda belə bir ideya mövcuddur. Çünki, Qərb üçün Türkiyənin liderliyi ilə yekcins (əsasən türk kökənli) Orta Doğudansa, çoxmillətli Qafqaz birliyini daha sərfəlidir. Bu format Qarabağ probleminin həll olunmasında daha uğurlu formulu ortaya qoya bilər.
***
Sözsüz ki, Qarabağ problemindən söhbət gedəndə ATƏT-in Minsk Qrupunu və həmsədrləri diqqətdən kənarda qoymaq olmaz. Bu format görüntü xatirinədir və proseslərin təhlili göstərir ki, Minsk Qrupunun fəaliyyəti problemin həllindən daha çox, onun donmuş vəziyyətdə saxlanmasına yönəlib. Amma hər hansı bir razılığın olacağı təqdirdə, bunun Minsk Qrupu formatının adına yazılacağı şübhəsizdir. Çünki pərdəarxası bazarlığı ört-basdır etmək üçün güc mərkəzlərinə qəbul olunmuş qərarın bu format vasitəsi ilə təqdimatı daha səmərəlidir.
Amma Azərbaycan rəsmilərinin bəyanatlarından sonra Minsk Qrupundan hələ ki, ciddi reaksiya yoxdur. Və əgər Minsk Qrupu Ramiz Mehdiyev və Elmar Məmmədyarovun səsləndrdiyi fikirlərlə uzlaşan bəyanat versə, Qarabağ buzunun əriməyə başladığını gümün etmək olar. Hələliksə Moskvada ərəb küləyi əsdirilsə də Qarabağda Rusiya havası hakiomdir.