“Rəhbərlik baxır görsün bu uşaq-muşaq nağayrır…” – Müsahibə

rehberlik-baxir-gorsun-bu-usaq-musaq-nagayrir-musahibe
Oxunma sayı: 681

DAK Daimi Şurasının sədri Əgdər Tağızadənin müsahibəsi:


- Dünya Azərbaycanlıları Konqresində baş verən qalmaqalın nədən qaynaqlandığını araşdırmısınz?

- Sabir Rüstəmxanlı və Firudin Pərvizniyan DAK-ın həmsədrləridir. Onlar məsləhət biliblər ki, Azərbaycan Cümhuriyyətindəki nümayəndəni dəyişsinlər. Nizamnaməyə görə, həmsədrlərin belə bir səlahiyyətləri var. Nizamnaməyə görə, nümayəndələri nə qurultay seçir, nə İdarə Heyəti. Elə həmin nümayəndənin də sərəncamını vaxtilə həmsədrlər vermişdilər. Nizamnaməyə görə, qurultayı da həmsədrlər çağırırlar. O vaxt nümayəndəliyin sərəncamını verəndə belə qərara alınmışdı ki, DAK Azərbaycan Cümhuriyyətində tezliklə qeydiyyatdan keçəcək. Amma Dünya Azərbaycanlıların 3-cü qurultayının ikinci günündə Nazim İbrahimov Sabir Rüstəmxanlının çıxışından sonra söylədi ki, əşşi, siz qeydiyyatı neynirsiniz? Ona görə də həmsədrlər fikirləşiblər ki, DAK Azərbaycanda qeydiyyatdan keçməyəcəksə, o zaman nədən biz bu nümayəndəliyi saxlayaq. Qərara alınıb ki, nümayəndəliyin işini də elə həmsədrlər özləri görəcək. DAK Rusiyada, Ukraynada, Moldovada, Qazaxıstanda, Avropada, Amerikada qeydiyyatdan keçib. Belə olduqda, həmsədrlər məsləhət biliblər ki, Azərbaycanda qeydiyyatdan keçmə məsələsini sonraya qoysunlar, nümayəndəni də ona görə işindən azad ediblər. Bu, o demək deyil ki, həmin adam İdarə Heyətindən də kənara qoyulub. Bundan sonra həmin nümayəndə qiyama qalxıb ki, ya məni işə qaytarın, ya da DAK-ı bir-birinə vuracam.

- Nümayəndə kim idi?

- Səftər Rəhimli. Sonra bu adam gedib 4-5 nəfər tapıb, hansı ki, onlar DAK-ın Almaniyada keçirilən sonuncu qurultayından narazı qalmışdılar, onlara da Moskvada yaşayan hacı seyid Mirəşrəf ağa başçılıq edib. Sonuncu iddia edir ki, Moskvada internet iclas keçirib. Ancaq Mirəşrəf ağa heç bilgisayarı aça bilmir, o necə burdakılarla birgə internet iclas keçirə bilər? Həmin o 4-5 nəfər elə qurultayda da çalışırdılar ki, hacı seyid Mirəşrəf ağanı həmsədr eləsinlər. İndi də yeni iddialarla ortaya çıxıb aranı qatmaq istəyirlər.

- Həmin Mirəşrəf ağa dediyiniz şəxs İran azərbaycanlısıdır?

- Xeyr, Azərbaycan Cümhuriyyətindəndir. İndi bu şəxs qəzetlərə müsahibə verir ki, mən seyidəm, mən ərəbəm… Hətta burda öz kəndində də bunu açıq deyir.

- Hansı kənddə?

- O, Yardımlıdandı. Qurultayda həmsədrlikdən dəm vuranda ondan soruşdular ki, Mirəşrəf ağa, sən türkçülüyün nə olduğun bizə izah edə bilərsənmi? Ona dedilər ki, 2 nəfər tanınmış türkçü şəxsiyyətin adını de, dediyini edək, bilmədi. Sonradan da bəzi neqativ hərəkətlərinə görə onu nümayəndəlikdən də götürdülər.

- Sizcə, həmin şəxsləri hansısa qüvvə təlimatlandırır, yoxsa…?

- Bilirsiniz, Sabir bəy Dünya Azərbaycanlılarının 3-cü qurultayında rəsmi çıxış edərək Tehran rejiminin terrorist bir rejim olduğunu açıqcasına söylədi. Təbii ki, bu çıxış Tehran rejimini bərk qəzəbləndirdi. Son günlər bu rejimin saytlarının DAK-dakı prosesləri güclü işıqlandırmaları onu göstərir ki, onlar bərk narahat olublar. Burada bir incə məqam da var və biz bugünədək bunun işıqlandırılmasını istəmirdik. Sabir bəy ötən ay Parisdə və digər nüfuzlu ölkədə İran adlanan yerin güclü müxalifət liderləriylə görüşmüşdü. Həmin müxalifət liderləri də deyib ki, biz özümüz Azərbaycan türküyük və birgə iş aparmalıyıq.

- Yəni bu qiyamın Dünya Azərbaycanlılarının 3-cü qurultayından sonra baş verməsi təsadüf deyil?

- Təsadüf deyil. Əslində biz bu “udar”ı gözləyirdik. Amma bəzi sadə insanlarımız bu tora düşüblər. Çünki DAK bir nüfuzlu tribunadır, sivil toplum quruluşudur, Sabir Rüstəmxanlı da tanınmış bir şəxsiyyət olduğundan hər yanda tribuna onun üzünə açıqdır. Millət vəkili, xalq şairi kimi və bütün Azərbaycanın güneyli-qüzeyli dərdini bildiyinə görə və bir türk millətçisi olduğundan bütün qapılar da Sabir bəyin üzünə açıqdır. Bu isə Tehran rejimiylə bərabər sössüz ki, Rusiyanın da xoşuna gəlmir. Bunu bir daha xüsusi vurğulayıram, Rusiyanın heç vaxt DAK-ın fəaliyyətindən xoşu gəlməyib.

- Niyə o zaman bizimkilər kimi DAK-ı qeydə almaqdan imtina etmədilər?

- Bunun üçün illərimizi xərclədik və çox çətinliklə buna nail olduq. Dəfələrlə müxtəlif əsassız bəhanələr gətirildi, ancaq sonda özlərinin də imzaladığı Madrid protokoluna əsasən məcbur olub bizi qeydə aldılar.

- Kimin haqlı və ya haqsız olmasından asılı olmayaraq yaşananlar biabırçılıqdır…

- Burda bir məsələ də var. Müsəlmanlar arasında da problem çıxanda, xristianlarda da , belə bir fikir səsləndirilir ki, bunlar əhli-kitabdır. Bizə deyirlər ortamızda əkəm “Quran”dır. Təşkilatların da yazılı bir nizam var ki, bu da nizamnamədir. DAK-ın da nizamnaməsi var və bu gün ortalığı qarışdırmaq istəyənlərin də özlərinin imzasıyla bu nizamnamə yazılıb.Yeri gəlmişkən, onu da deyim ki, həmin”dostlar”ımızdan ikisinin xoşagəlməz əməllərinə görə Ankara iclasında çoxunluğun iştirakıyla nümayəndilikləri dondurulub. Yerdə qalıb 15 nəfər.

- Onların qəbahəti nə idi?

- Çox şeylər var idi, ancaq istəmirəm ki, mətbuata çıxaraq əlavə dedi-qoduya səbəb olsun. Mən yalnız nizamnamədən danışıram. Elə Mirəşrəf ağanı da Rusiya nümayəndəliyindən bu kimi məsələlərə görə götürüblər. Ancaq biz bunun üstünü açmamışıq. Amma Mirəşrəf ağa istəyirdi ki, nə yolla olur-olsun DAK-ın həmsədri olsun, Bu alınmayanda getdi ki, Rusiyadakı konqresdə bir müavinlik götürə, bu da olmadı. İndi də DAK-da aranı qatmaq istəyir.

- DAK-ı bir kənara qoyaq, Dünya Azərbaycanlıları niyə bir-birinin “ətini yeyir”?

- Parçalanmış ölkənin parçalanmış milləti çeşidli dövlətlərin təzyiqi altında olduğundan məkrli qüvvələr çalışırlar ki, bu tip adamları ələ alaraq onlardan öz çirkin məqsədləri üçün istifadə etsinlər. Bu gün dava salan cənabların heç biri vaxtilə orda yox idi, mən DAK-ın birinci qurultayında israrlı oldum ki, DAK-da Azərbaycanın milli bayrağı hökmən olmalıdır. Kimsə Azərbaycan dövlətçiliyinə qarşı olmamalıdır. Vaxtilə Əbülfəz Elçibəy də dönə-dönə deyirdi ki, Güney və Bütövlük məsələsini Azərbaycan Cümhuriyyətindəki iqtidar-müxalifət davasına qatmayın, bu hər şeydən üstündür.

- Hazırda niyə dövlət sizi himayə etməyə həvəs göstərmir?

- Onu rəsmilərdən sormaq lazım. Hətta vaxtilə Əbülfəz Elçibəy də DAK-a dəstək verib, Heydər Əliyev də ikinci qurultayımıza bir uçaq adam göndərib. Ancaq indi bəlkə də bu gün yuxarıda oturanların bir çoxu güneydən, türk dünyasından bixəbər adamlardır.

- Diaspora Komitəsiylə əlaqələr nə səviyyədədir, ən azı bir- birinizə mane olmursunuz ki?

- Əlaqələrimiz var, ancaq bu komitə bu gün lazımi qədər köməklik göstərmir. Bu gün tutaq ki, Azərbaycan hakimiyyətindən qaçan bir insan Avropaya gedərək olur diaspora və yaşadığı ölkədə ən yaxşı halda Qarabağ məsələsini ortaya qoyur. Mən də güneyli olaraq İran adlanan yerdə olan rejimin əlindən qaçmışam və dünyaya da car çəkirik ki, burda biz işgəncəyə məruz qalmışıq, fikir və söz azadlığımız tamamilə tapdalanıb, o zaman bizə deyirlər ki, bu məsələdən danışmayın. Bəzi hallarda dostlarımız gəlib deyirlər ki, güney məsələsini danışmayın, dövlətlərarası münasibətlər pozular. Niyə, haqqı pozulmuş 35 milyon insanın haqqından danışmayaq? Yaxud Moskvada oturan bəzi hacl seyid ağalar deyirlər ki, heç türklükdən danışmayaq. Axı niyə? Necə olar ki, seyidlikdən, ərəblikdən danışaq, türklükdən yox?

- DAK Nəzarət Təftiş Komissiyasının sədri Samir Əsədli baş verən nizamnamə pozuntularını araşdırmaq üçün bir təhqiqat komissiyası yaradıldığını bəyan etdi..

- Samir bəy həmin qurumun sədridir və onlar da öz əsasnamələrinə əsasən fəaliyyət göstərirlər. NTK baş verənləri araşdıracaq və qərar qəbul olunacaq. Hələlik rəhbərlik baxır görsün bu uşaq-muşaq nağayrır…

hurriyyet.net