“Rəsul Quliyev kiməsə, nəyəsə arxalanıb bəyanatlar verirsə...” - Müsahibə

resul-quliyev-kimese-neyese-arxalanib-beyanatlar-verirse-musahibe-
Oxunma sayı: 659

"Hələ mənim prezidentliyim dövründə, əsasən, müxalifət tərəfindən təklif irəli sürülürdü ki, Dağlıq Qarabağ məsələ ilə Rusiyanın əvəzinə, beynəlxalq birlik məşğul olsun. Amma hər zaman demişəm ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin açarı Rusiyanın əlindədir. Bu, indi də belədir".
Bunu SalamNews-a eksklüziv müsahibəsində Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) həmsədri, eks-prezident Ayaz Mütəllibov deyib.




- Bu il yanvarın 23-də Fransa Senatı qondarma erməni soyqırımını inkar edənlərə qarşı cəzanı nəzərdə tutan qanun layihəsi qəbul edib. Fransanın bu addımı Türkiyədə və Azərbaycanda böyük etirazla qarşılanıb. Bu barədə nə deyə bilərsiniz?

- Fransa Senatında qondarma erməni soyqırımını inkar edənlərə qarşı cəzanı nəzərdə tutan qanun layihəsinin qəbulu sırf siyasi düşünülmüş addım idi. Çünki, yaxın aylarda Fransada prezident seçkiləri keçiriləcək və bu ölkədə yaşayan ermənilərin səslərindən prezident Nikolya Sarkozi yararlanmaq istəyir. Bu qanun layihəsini qəbul etməklə Nikolya Sarkozi Franadakı erməniləri seçkilərə cəlb etmək və onların hesabına qalib gəlmək fikrindədir. Amma bu cür qərarın qəbulu Fransa kimi dövlətə qətiyyən yaraşmır. Çünki Fransa hər zaman özünü bəşəriyyətə demokratiyanın, insan hüquq və azadlıqlarının müdafiəçisi kimi təqdim edib. Belə olan halda bu cür qərarların qəbulu Fransanın demokratik ölkə imicinə böyük zərbə vurur.

Ümumiyyətlə, bu cür məsələləri siyasi müstəvidə hansısa səviyyəyə qaldırıb cəmiyyətə yaydırmaq ədalətsizdir. Əvvəla, ermənilərin iddia etdikləri “soyqırımı” Birinci Dünya müharibəsi dövrünə təsadüf edir. Həmin dövrdə müharibə zamanı həm türklərin, həm də ermənilərin itkisi olub. Bunlar müharibənin gedişatında baş verən hadisələrdir. Bunu araşdırmaq üçün isə tarixçiləri və alimləri bu işə cəlb etmək lazımdır. Yaxşı olar ki, soyqırım məsələsini tarixçilər, alimlər və BMT-nin nümayəndələri araşdıraraq cəmiyyətə həqiqəti birdəfəlik çatdırsınlar. Bu, tarixi hadisədir və buna siyasətçilər qiymət verə bilməzlər.


- Son günlər Türkiyədə bəzi dairələr Senatın qəbul etdiyi qərara Azərbaycanın qəti etiraz mövqeyi nümayiş etdirmədiyini bildirirlər. Bu məsələyə münasibətiniz necədir?


- Hər dövlətin milli maraqları mövcuddur və dövlət başçıları milli maraqlar çərçivəsində lazımı addımları atırlar. Azərbaycanın da milli maraqları var. Azərbaycanın Fransa ilə yaxşı əlaqələri mövcuddur və bu münasibətlər günü-gündən genişlənir. Fransa ilə mövcud olan əlaqələri şübhə altına almaq olmaz. Bu məsələ ilə bağlı Azərbaycanın tanınmış siyasətçilərinin, deputatlarının və elm adamlarının münasibət bildirməsi lazımdır. Fransa böyük beynəlxalq təşkilat sayılan Avropa İttifaqının aparıcısı dövlətlərindəndir. Bütün bunları ölkə rəhbəri nəzərə almalıdır.


- Senatın qərarından sonra Fransanın ATƏT-in Minsk qrupundan kənarlaşdırılması və ya Türkiyənin bu qrupa qoşulması məsələsi gündəmə gəlib. Sizcə, bu, mümkündürmü?


- Bu məsələ ilə bağlı ya ATƏT-in Minsk qrupunu yaradılmasına təşəbbüs göstərənlərə, ya da BMT-yə müraciət emək lazımdır. Hansısa qurum bu təklifə rəy verməlidir. Bəlkə də bu məsələyə ATƏT özü rəy verməlidir.

Türkiyənin Minsk qrupuna qoşulub-qoşulmaması məsələsini isə zaman göstərəcək. Bu, qarışıq məsələdir. Hesab edirəm ki, Fransa ictimaiyyəti bu məsələyə düzgün rəy versə, o zaman yaranmış gərginlik həllini tapacaq.

Ümumiyyətlə, ATƏT-in Minsk qrupu indiyədək nə ilə məşğul olub? Bunun Azərbaycana nə faydası olub? Ora get, bura get, orada iclas apar, burada iclas apar, protokol imzala və s. Halbuki, hələ ötən əsrin 90-cı illərində Azərbaycanın səyləri nəticəsində BMT-nin Təhlükəsizlik Şurası Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsini tanıyan qətnamə qəbul edib. Bu qərar indi də mövcuddur, amma faktiki olaraq bu qərar icra edilmir və beynəlxalq hüquq susur.

Hələ mənim prezidentliyim dövründə, əsasən, müxalifət tərəfindən təklif irəli sürülürdü ki, Dağlıq Qarabağ məsələ ilə Rusiyanın əvəzinə, beynəlxalq birlik məğşul olsun. Amma hər zaman demişəm ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin açarı Rusiyanın əlindədir. Bu, indi də belədir. Hər dəfə görüşlərdə deyilir ki, tərəflər kompromisə gəlməlidir. Deyən lazımdır ki, Azərbaycan nə səbəbə kompromisə getməlidir? Ax, Azərbaycanın 20 faiz torpağı Ermənistan tərəfindən işğal edilib və hazırda bu ərazilərdə işğal altında saxlanılır. Bütün bunlardan sonra hansı kompromisdən söhbət gedə bilər?...
Bu münaqişə isti-isti həll edilməli idi. Biz gərək o zaman Rusiyanın rolundan imtina etməməli idik. Yəni bununla hesablaşmalı idik. İndi də görürük ki, Ermənistan Rusiya ilə müttəfiqliyini saxlayıb. Azərbaycan isə Türkiyə ilə münasibətlər yaradır və burada qarşıdurma mövcuddur. Bu, məhz o dövdən başlayıb. Biz bilirdik ki, rusların ermənilərlə münasibətləri yaxşıdır. Ermənilərin güclü lobbisi mövcuddur. Fransa Senatında qəbul edilən qanun layihəsi bir daha göstərdi ki, Ermənistanın güclü lobbisi var.


- Bəzən fikirlər səslənir ki, Azərbaycan NATO-ya üzv olmağa səy göstərsə, o zaman münaqişə daha tez həllini tapar. Bu, realdırmı?


- Gürcüstan bu məsələdə Azəraycandan da xeyli öndədir. Amma indiyədək NATO-ya qəbul edilməyib.


- Qarşıdan Xocalı faciəsinin növbəti ildönümü gəlir. Məhz bu faciənin törədilməsində sizi də günahlandırırlar...


- Məni ermənilərin Xocalıda törətdikləri faciədə günahlandırmaq Azərbaycanın o vaxtkı müxalifətinin işi idi. Bu, çox səhvdir. O zaman Ali Sovetin fövqaladə sessiyasında çıxışları zamanı müxalifət Xocalı faciəsi ilə bağlı mənə irad tutaraq, istefamı tələb etdi. Bundan sonra mən istefa vermədim. O zamandan bəri Xocalıda törədilən faciədə guya mənim də günahım olduğu söylənilir. Xocalıda törədilənləri mənim üzərimə atmaqla və bu məsələni qaldırmaqa ermənilərin bəhanələr gətirməsinə fürsət yaradıblar. Çünki Xocalı faciəsini erməni quldurları törədiblər. Həmin dövrdə Azərbaycan müxalifəti mənim adımı günahkar kimi ortaya atandan sonra ermənilər bildirdilər ki, siz Xocalıda törədilənlərin günahkarını tapmısınız və bu, biz deyilik. İllər keçəndən sonra bu məsələyə indiki Azərbaycan rəhbərliyinin münasibəti praktiki olaraq dəyişib. Mənə dəfələrlə verilən suallara cavab olaraq, demişəm ki, mən ümumi Azərbaycan mövqeyindən çıxış etmişəm. Mən heç zaman deməmişəm ki, bu, Xalq Cəbhəsinin günahıdır. Mən demişəm ki, Xocalı faciəsinin baş verməsi ermənilərin günahıdır. Ancaq bundan istifadə edib mənimlə hakimiyyət uğrunda mübarizə aparan qüvvələr Xocalı faciəsinin günahını mənim üzərimə atıblar və bununla da çox səhv ediblər. Mən bir daha bəyan edirəm ki, Xocalı faciəsini əli qana batmış erməni quldurları törədiblər.


- Səbail Rayon Polis İdarəsinin 8-ci polis bölməsinin binası qarşısında axtarışda olanların lövhəsində sizin də fotonuz asılıb...


- İndi o qədər bisavad adamlar var ki, elə polis işçilərinin də arasında belələri çoxdur. Hər bir insanda xəcalət hissi olmalıdır. Mənim şəkilimi cinayətkarların fotolarının yanına asanlar anlamırlar ki, söhbət Azərbaycanın keçmiş rəhbərindən gedir. Həmin rəhbərə şəxsi fikirdən asılı olmayaraq, hörmət etmək lazımdır. Özlərinə güldürmək lazım deyil. Erməni-müsəlman qarşıdırması hadislərinə baxsaq, o zaman belə məsələlərə çox ehtiyyatla yanaşmalıyıq.


- Azərbaycana nə zaman gələcəksiniz?


- Azərbyacana gəlişim “Azərbaycan Respublikasının keçmiş prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanunu”nun qəbulundan asılıdır. Mənim Azərbayacana qayıtmağım artıq reallaşır. İnanıram ki, yaxın vaxtlarda Azərbaycana gəlməyimə icazə veriləcək. "Eks-prezidentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edilib və üçüncü oxunuşda qəbul edilməsini gözləyirəm. Azərbaycanda gələndən sonra isə 2013-cü ildə keçiriləcək prezident seçkilərində iştirak etməyəcəm.


- Sizin kimi mühacirət həyatı yaşayan Rəsul Quliyev bu yaxınlarda Milli Müqavimət Hərəkatı yaradıb və bildirib ki, 2013-cü ildə keçiriləcək prezident seçkilərində qələbə qazanmaq şansı yüksəkdir. Bunu necə qiymətləndirirsiniz?


- Rəsul Quliyev kiməsə, nəyəsə arxalanıb bəyanatlar verirsə, bu, onun öz işidir. Mən bu işlərə qarşışmıram. Ancaq bu cür bəyanatları vermək üçün Azərbaycana gəlib ölkənin siyasəti ilə məşğul olmaq lazımdır.