“Sadəlövh olmayın, öz başınıza bəla açacaqsınız”

sadelovh-olmayin-oz-basiniza-bela-acacaqsiniz
Oxunma sayı: 664

“Hörmətli sədr, hökumət üzvləri və millət vəkilləri!

Bu günlərdə Nazirlər Kabineti və Həmkarlar təşkilatı arasında imzalanan Sazişə görə bütün vəzifəli şəxslərin gəlirlərinin deklarasiyası təqdim etmək mükəlləfiyyəti nəzərdə tutuldu. Bu əlbəttə ki, ölkəmiz üçün vacib olan bir sənəd sayılmalıdır. Həm də korrupsiyaya qarşı mübarizə istiqamətində mühüm addım sayıla bilər. Ancaq qorxulu tərəfi budur ki, bu yenidən cəmiyyətdə korrupsiyaya qarşı mübarizə aparıldığı barədə illüziyalar yarada bilər. Məncə hökumət səmimi şəkildə bəyan etməlidir ki, ölkədə korropsiyaya qarşı mübarizə yox, onun təşviq edilməsi siyasəti yürüdülür. Əgər az-çox vətəndaşın halına acıdıqlarını göstərmək üçün korrupsiyaya qarşı mübarizənin dayandığını mütləq bəyan etmək lazım. Bir nümunə göstərim. Bakı Fəhləsi zavodunda bir qrup işçi zavoddakı korrupsiya faktları ilə bağlı şıkayət etmişdilər. O zaman mən tövsiyyə etdim ki, gəlin bu işdən vaz keçin, bu sadəcə bir aylıq kampaniyadır, axırda sizin özünüzü korrusioner kimi işdən çıxaracaqlar. Ancaq təkid etdilər ki, siz deputat kimi bizim tələbimizi müvafiq qurumlara göndərməyə borclusunuz. Mən də Korrupsiya Komissiyasına göndərdim. Elə təkzibedilməz cinayət xarakterli faktlar idi ki, məcbur olub direktoru dəyişdirdilər. Ancaq maraqlı nə baş verdi. Bütün şikayət edən işçiləri cənab Qaraxanov işdən azad etdirdi. İndi kim ki, korrupsiya ilə bağlı müraciət edir, özlərinə öz əlləriylə məktublarını cırmalarını xahiş edirəm ki, sadəlövh olmayın, öz başınıza bəla açacaqsınız. Elə buna görədir ki, korrupsiya hər yerdə tüğyan etməkdədir. Həttə tazəcə qoyulan Koroğlu heykəlində də yeyintiyə yol verilib. Koroğlunun Misri qılıncı əyri bir qılıncdır. Onun əvəzinə xaçpərəstlərin düz və xaç simvollu qılıncını veriblər.

Digər korrupsiya faktı. Təyyarə biletləri Bakı-Ankara gediş-gəliş martın 15-də 319 manat, ayın 19-da isə təkcə gediş 800 manat. Buyurun, dörd günə bu qədər bahalaşma Azərbaycandan başqa harada ola bilər? Halbuki həll olunası problemlər qalıb bir tərəfdə vətəndaşa necə ziyan vurmaqdan başqa bir şey düşünülmür. Baxın, hələ də qəsdən Heydər Əliyev Hava limanından şəhərə 24 saat ərzində avtobus işləmir. Naxçıvandan, Gəncədən gələn kasıb niyə 20 manat taksiyə verib şəhərə gəlməlidir? Onsuz da bilet pulunu zorla tapıb ödəyirlər.

Heç bir sahədə vətəndaşı nəzərə alan yoxdur. Götürək təhsili. Deyirlər ki, Evroviziona görə təhsil müəssisələrində mayın əvvəllərində dərslər dayandırılacaq. Onda niyə dərsləri sentyabrın 1-dən başlamadınız. Axı nə mənası var 15 sentyabra qədər gözləməyin. Onsuz da savadsızlıq baş alıb gedir. Üstəlik də 8 gün bayram edilməsinin heç bir elmi izahı olmasa da, iqtisadiyyata ciddi ziyan dəysə də eyni qaydanı hökumət davam etdirir. Rusiya yay vaxtına keçiddən imtina etsə də biz yenə də martın 25-də heç bir elmi əsası olmayan vaxt dəyişikliyinə davam edirik.

Hesabata gəldikdə isə vaxtın qısalığına görə bir istiqamətə toxunmaq istərdim. 2011-ci ildə dövlət büdcəsi vasitəsilə 5,85 milyard manatlıq dövlət investisiyası xərclərnib, 1000-dək layihəyə vəsait ayrılıb. Amma bu layihələrin hesabatı yoxdur. Ümumi rəqəm verilir ki, bu qədər dövlət investisiyası sərf olunub. Amma hara nə qədər sərf olunub? Nəticəsi necə olub? İllərlə davam edən layihələr nə vaxt başa çatacaq? Ümumiyyətlə bizə bu layihələr lazımdırmı?

Maraqlıdır ki, bu layihələrin siyahısını Nazirlər Kabineti hazırlayır, amma Parlamentin bundan xəbəri yoxdur, parlament bunu təsdiq etmir. 2012-ci ilin büdcə layihəsi parlamentə veriləndə Maliyyə Nazirliyi bu il həyata keçiriləcək investisiya layihələrinin təqdimatını hazırlamışdı. 6 fevral 2012-ci il tarixdə Nazirlər Kabineti layihələrin siyahısını təsdiq edib, amma bu siyahı Maliyyə Nazirliyinin təqdimatı ilə köklü şəkildə fərqlənir.
Nədənsə Nazirlər Kabineti layihələrin siyahısını ictimaiyyətdən gizlədir. Bu necə ola bilər ki, dövlət büdcəsinin pulu ilə həyata keçirilən layihələrin siyahısı ictimaiyyətdən gizli saxlanılsın?

Sonda isə təklif edirəm ki, bu ili hökumət Qazıntı ili elan etsin. Bakı şəhərini ilin sonuna qədər qazıb töksünlər, borular, kanalizasiya xətləri çəkilsin, sonra üstü basdırılsın və asvalt çəkilsin. Yoxsa 2 milyard dollarlıq asvaltı çəkdikdən sonra indiki kimi qazıntıya başlamayaq.

Bütövlükdə hökumətin fəaliyyətini qeyri-qənaətbəxş hesab edirəm”.