Stadionu doldurmaq lazımdır!

stadionu-doldurmaq-lazimdir
Oxunma sayı: 655

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan rəsmi açılış mərasiminin möhtəşəmliyi və bir sıra dünya şöhrətli müğənnilərin ölkəmizə dəvəti Azərbaycanın bu yarışmaya verdiyi önəmi bir daha sübut etmiş oldu. Lakin rəsmi açılış günü bir daha sübut etdi ki, Cenifer Lopez belə Azərbaycan tamaşaçısına futbol stadionunu sevdirə bilməz. Bunu Ceniferin ifasından sonra Azərbaycan yığmasının oyununu izləmədən stadionu kütləvi şəkildə tərk edən tamaşaçılar bir daha sübut etmiş oldular. Əlbəttə xanım futbolçularımızın oyunun ilk dəqiqələrində qapılarından buraxdıqları cavabsız qolları da nəzərə almaq lazımdır...

“Qafqazinfo”nun məlumatına görə, artıq boş qalan stadionları doldurmaq üçün şagirdlərin “əməyindən” istifadə olunur. Bu barədə AXCP Cəlilabad rayon Şöbəsinin sədri Təzəxan Mirələmli Facebook səhifəsində maraqlı məlumat yayıb. O bildirib ki, bu dəqiqələrdə Nərimanov rayonundakı 39 saylı məktəbin qarşısıda 67 və 38 saylı 4-5 avtobus saxlanılıb. Həmin avtobusları stadionlarda əyləşmək üçün yuxarı sinf şagirdləri ilə doldurublar: “Maraqlananda məlum oldu ki, futbola baxmağa aparırlar. Ax, lap keçmiş əyyamlar yada düşdü. Yol qırağında Brejnevi qarşılayan məktəbliləri xatırladım”.

Qeyd edək ki, hadisə saat 11 radələrində baş vermişdi. Dərslərin saat 14:00-da bitdiyini nəzərə alsaq, görəsən bütün bunlara görə məsuliyyət kimin üzərinə düşür?

Onu da xatırladaq ki, bu gün saat 14:00-da “Şəfa” stadionunda Kanada və Kolumbiya komandaları qarşılaşacaqlar.

Səidə