TQDK 2011-2012-ci tədris ilinə necə hazırlaşıb? - Araşdırma

tqdk-2011-2012-ci-tedris-iline-nece-hazirlasib-arasdirma
Oxunma sayı: 1491

Artıq abituriyentlər üçün sənəd qəbulunun vaxtı da başa çatıb. Hələ aprel ayından Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) qəbul imtahanlarının vaxtını açıqladı. Belə ki, ilkin plana əsasən, III qrup ixtisasları üzrə qəbul imtahanları iyulun 3-də, I qrup üzrə iyulun 10-da, IV qrup üzrə iyulun 16-da, II qrup üzrə isə iyulun 22-də keçiriləcək. İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Lənkəran və Şəkidə təşkil ediləcək.

Sənəd verən məzunların sayı artıb

TQDK sədri Məleykə Abbaszadənin sözlərinə görə, sənəd verən builki məzunların sayı ötən illə müqayisədə 2 faiz artıb. Ümumilikdə isə bu il keçiriləcək qəbul imtahanlarında iştirak etmək üçün 110 min 423 nəfər sənəd verib. Onların 66 min 128-i bu ilin məzunlarıdır. Bu isə ümumi sənəd verənlərin 57 faizini təşkil edir. Abituriyentlərin 99 min 190-nı Azərbaycan, 11 min 233-ü isə rus bölməsi üzrə sənəd verib. I ixtisas qrupuna 34 min 988, II ixtisas qrupuna 27 min 68, III ixtisas qrupuna 32 min 859, IV ixtisas qrupuna isə 15 min 508 nəfər sənəd verib. Sənədlərin təsdiqlənməsi üçün ayrılan vaxt bir gün artırılsa da, 2900 abituriyent sənədlərini təsdiq etdirə bilməyib. Aparılan araşdırmalardan sonra bəlli olub ki, sənədlərini təsdiq etdirə bilməyənlərdən 2190-ı əvvəlki illərin oğlan məzunlarıdır. Onların hərbi qulluqdan möhlətləri olmadığı üçün ərizələrini təsdiqlədə bilməyiblər. Ərizələrini təsdiqlədə bilməyənlərin arasında 296 nəfər bu ilin oğlan, 743 isə əvvəlki illərin qız məzunlarıdır.

Bir il necə keçdi?

2011-2012-ci tədris ilinə hazırlıq çərçivəsində TQDK abituriyentlərə elmi-metodiki kömək yönündə işləri xeyli gücləndirdi. İl ərzində yuxarı sinif şagirdləri və abituriyentlər üçün qəbul proqramlarının məzmununa və tələblərinə uyğun yeni vəsaitlərin nəşri sürətləndi. Bu il də “Abituriyent” jurnalı bir neçə nömrə ilə nəşr olundu.

Hər il olduğu kimi builki, hələ başa çatmayan qəbul kampaniyası da bir çox yeniliklərlə yadda qaldı. TQDK 2011-2012-ci illər üzrə tələbə qəbulu imtahanlarına dəyişikliklər etdi. Belə ki, III ixtisas qrupuna daxil olan beynəlxalq münasibətlər və regionşünaslıq ixtisasları 2011-ci ildən II ixtisas qrupuna keçirildi. Beləliklə, adıçəkilən ixtisaslara qəbul olmaq istəyən abituriyentlər II ixtisas qrupu üzrə imtahan verməlidir. Digər yenilik magistraturaya qəbul imtahanlarının vaxtı ilə bağlı oldu. 2011/2012-ci tədris ili üçün magistraturaya qəbul imtahanına ərizə qəbulunun və qəbul imtahanının I mərhələsinin 2011-ci ilin fevral ayında aparılması nəzərdə tutuldu. Qəbul qaydalarına uyğun olaraq imtahanın birinci mərhələsində bakalavrların ümumi intellekt səviyyəsi (məntiqi təfəkkür), xarici dil və informatika fənni üzrə bilikləri yoxlanılır. Bundan əlavə, abituriyentlərə qəbul imtahanlarına səmərəli hazırlaşmaqda kömək məqsədilə 2011-ci ilin yanvar ayında Bakı şəhərində, eləcə də respublikanın müxtəlif bölgələrində bir sınaq imtahanı keçirildi. Növbəti sınaq imtahanlarının isə müntəzəm olaraq 2011-ci ilin aprel ayından etibarən keçirildi. Digər yeniliyə gəlincə isə 2011-ci ildə keçiriləcək qəbul imtahanlarında riyaziyyat fənni üzrə test tapşırıqlarının bəziləri açıq tipli olacaq. Bundan əlavə, Nazirlər Kabinetinin 2010-cu il 18 mart tarixli 50 saylı qərarı ilə təsdiq edilmiş ”Rezidentura təhsilinin məzmunu və təşkili qaydaları"nın təsdiq edilməsi haqqında qərara uyğun olaraq rezidenturaya qəbul TQDK tərəfindən aparılacaq. Bu ildən etibarən rezidenturada tədris Tibb Universitetində aparılacaq.

İmtahanlara hazırlaşmağın ən müasir üsulu - videomühazirələr

TQDK-nın builki tədbirlər planına əsasən 5 regional mərkəz olan Naxçıvan, Lənkəran, Gəncə, Şəki və Quba şəhərlərində bütün fənlər üzrə həmin bölgələrin müəllimlərinin iştirakı ilə elmi-metodiki seminarlar keçirdi. İnternet proqramlarının tətbiqi vasitəsilə həmin seminarlarla TQDK-nın müvafiq seminarları arasında canlı videobağlantılar təşkil edildi. Daha bir yenilik isə TQDK-nın rəsmi saytında yerləşdirilən videomühazirələr oldu ki, bu mühazirələr bütün fənlər üzrə proqramı tam əhatə etdi. Artıq abituriyentlər repetitor yanına getmədən ən qabaqcıl ekspertlərin mühazirələrini dinləyə, mövzuya uyğun olan test tapşırıqlarını həll edə bilərlər. Test tapşırıqlarının cavabları isə avtomatik olaraq xüsusi proqramla yoxlanılır.

Azərbaycanda bu il əvvəlki ilə nisbətən ali məktəblərə və tam orta təhsil bazasından orta ixtisas təhsil müəssislərinə qəbul planı artırıldı. 1-ci ixtisas qrupunda plan 309 yer artıb. Amma abituriyentlərin sayı ötən ilə nisbətən 781 nəfər azalıb. Bu qrupda 9848 yerə 34 min 988 abituriyent iddialıdır.

İkinci qrupda isə abituriyentlərin sayı ötən illə müqayisədə 1000 nəfər azalıb. Plan yeri isə 473 yer artıb. Üçüncü qrupda abituriyentlərin sayı ötən illə müqayisədə 458 nəfər azalıb. Amma burada plan yeri (126 yer) ötən illə müqayisədə çoxdur. Dördüncü qrupda abituriyentlərin sayı ötən illə müqayisədə 150 nəfər artıb.

Oğlanlar qızları üstələdi

Azərbaycanda ali məktəblərə bu il keçiriləcək qəbul imtahanlarında iştirak etmək üçün sənəd verən abituriyentlər arasında oğlanların sayı qızlara nisbətən daha çox oldu. Sənəd verən 110 min 423 nəfər abituriyentin 55 min 627-si (50,38 faizi) oğlanlar, 54796-sı (49,62 faizi) isə qızlardır.

Bu il bəzi regionlarda qəbul imtahanlarında iştirak etmək üçün sənəd verən abituriyentlərin sayında da artım müşahidə olundu. Belə ki, bu artım Bərdədə 14, Ağstafada 12, Goranboyda 13 faiz olub. Bu il ən çox artım isə Abşeron rayonu üzrə qeydə alınıb - 34,7 faiz.

Builki abituriyentlərin aktiv hissəsini bu ilin və keçən ilin məzunları olan 18 yaşlı şəxslər təşkil edir. Bu il abituriyentlərin ümumi strukturunda 18-25 yaş arası olan şəxslərin də payı çoxalıb. Bu da onu göstərir ki, hərbi xidmətdən qayıdan oğlanların ali təhsil almağa meyli artır. Abituriyentlərin arasında 50 yaşdan yuxarı abituriyentlər də var.

Turizmçilər TQDK-ya təklif etdi

Bu il Azərbaycanda “Turizm ili” elan olunduğundan bəzi turist şirkətləri turizm mövsümü ilə əlaqədar qəbul imtahanlarının vaxtının dəyişdirilməsi təklifilə TQDK-ya müraciət etdilər. Lakin TQDK sədri M. Abbaszadə qəbul imtahanlarının turizm mövsümünə heç bir təsir göstərmədiyi bildirdi.

Bakcell də TQDK-ya qoşuldu

Bu il Azercell-lə yanaşı Bakcell abunəçiləri də TQDK-nın xəbərlərinə abunə ola bildilər. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası müasir informasiya texnologiyalarının yaratdığı geniş imkanlar sayəsində vətəndaşlara göstərilən xidmətlərin təkmilləşdirilməsi istiqamətində daha bir yenilik edildi. Mobil texnologiyaların imkanlarından istifadə edən Komissiya yeni bir xidməti – sms məlumatlandırma xidmətini istifadəyə verdi. Bakcell LTD MMC-nin məzmun və servis təminatçısı olan FUN MOBILE MMC-nin təqdim etdiyi proqram təminatı vasitəsi ilə artıq istənilən Bakcell abuneçisi TQDK-nın yenilikləri barədə məlumatları mobil telefonları vasitəsilə əldə edə biləcək. Məlumatlandırma xidməti vasitəsi ilə sınaq imtahanları, ali və orta ixtisas təhsili müəssisələrinə, magistratura səviyyəsinə qəbulla bağlı bütün məlumatları mobil telefon vasitəsilə öyrənmək mümkün olacaq.

Qeyd edək ki, qəbul imtahanlarına bir aydan da az vaxt qaldığı üçün bir sıra təşkilati işlər artıq yekunlaşmaq üzrədir. TQDK tərəfindən respublikanın müxtəlif şəhərlərində 2011-ci ildə qəbul imtahanı keçirilməsi nəzərdə tutulan 150-dən artıq binaya baxış keçirilib, həmin binaların imtahana yararlığı müəyyən edilib, texniki pasportları dəqiqləşdirilib.

2011/2012-ci tədris ili üçün ali məktəblərə qəbul kampaniyası dövründə TQDK-nın elektron xidmət resurslarını genişləndirməsi istiqamətində də mühüm addımlar atıldı. Yenə də komissiya özünün bütün nəşrlərinin elektron satışını həyata keçirdi. “Visa/Visa Electron” və ya “Mastercard/Maestro” plastik kartı olan istənilən şəxs TQDK-nın internet saytında yaradılmış http://tqdk.gov.az/ejurnal bölməsinə daxil olaraq əldə etmək istədiyi vəsaiti seçib və hesabından vəsaitin qiymətinə uyğun məbləği ödədi. Ödəmə kartlarının elektron satışı da bu il davam etdi.

Nigar Məmmədli
Yazı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) 2011-2012-ci il tədris ili üçün ali və orta ixtisas tədris müəssisələrində qəbul kampaniyasının işıqlandırılması ilə bağlı elan etdiyi müsabiqəyə təqdim olunur