Bu gün sonuncu imtahandır

bu-gun-sonuncu-imtahandir
Oxunma sayı: 632

TQDK-dan verilən məlumata görə, imtahan Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Şirvan, Salyan, Neftçala, Hacıqabul və Biləsuvar rayonlarının orta ümumtəhsil müəssisələrinin XI və IX sinif şagirdləri üçün keçirilir. Hər bir rayon üzrə saat 10:00-da XI siniflər, 15:00- da isə IX siniflər öz bilik və bacarıqlarını nümayiş etdirəcəklər. Orta ümumtəhsil müəssisələrinin XI siniflərində təhsil alan şagirdlərin buraxılış imtahanlarının keçirilməsi üçün həmin rayonlarda ümumilikdə 53, IX siniflər üçün 53 imtahan mərkəzi ayrılıb.

İmtahan keçiriləcək rayonlar üzrə 19365 nəfər IX sinif şagirdinin (Lənkəran şəhərində 2556, Astara rayonunda 1547, Masallı rayonunda 2683, Lerik rayonunda 842, Yardımlı rayonunda 1119, Cəlilabad rayonunda 3378, Şirvan şəhərində 1162, Salyan rayonunda 2003, Neftçala rayonunda 1088, Hacıqabul rayonunda 993, Biləsuvar rayonunda 1994) buraxılış imtahanında iştirakı nəzərdə tutulur.

Buraxılış imtahanı ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün -Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün - rus dili fənni) və riyaziyyat fənləri üzrə keçirilir. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 60 test tapşırığı təqdim edilir. Bundan əlavə, şagirdlər təqdim edilmiş mövzu üzrə yazı işi yerinə yetirirlər.

İmtahanın müddəti 2 saatdır. Test tapşırıqlarının yerinə yetirilməsinə 1 saat 30 dəqiqə, yazı işinin yerinə yetirilməsinə 30 dəqiqə vaxt ayrılır.
Şagirdin test tapşırıqlarına verdiyi düzgün və səhv cavablar haqqında məlumat onun imtahan verdiyi gündən etibarən 5 günədək müddətdə elan edilir.

Qeyd edək ki, səhhəti, ailə vəziyyəti ilə bağlı Buraxılış imtahanında üzrlü səbəbdən iştirak etməyən şagirdlər iyul ayının 4-də buraxılış imtahanı verəcəklər.