Bu xəstəxanada cəmi 3 vakant yer var - Fotolar

bu-xestexanada-cemi-3-vakant-yer-var
Oxunma sayı: 3606

Səhiyyə Nazirliyinin bölgələrə təşkil etdiyi ənənəvi mediaturu bu dəfə Qusar rayonuna olub.

“Qafqazinfo”nun əməkdaşının da iştirak etdiyi turda KİV nümayəndələri rayonun mərkəzi xəstəxanasına baş çəkib.

Ölkədəki 9 iqlim qurşağından dördünə malik olan Qusar rayonu həm də uzunömürlülər diyarı kimi bilinir. Rayon sakinləri sağlam həyat tərzini bulaq suyu, dağ havası ilə yanaşı, həm də rayonun təcrübəli həkimlərinə borcludur.

Belə ki, 2012-ci ildən rayonda Qusar Rayon Mərkəzi Xəstəxanası fəaliyyət göstərir. Xəstəxananın baş həkimi Mübariz Zeynalovun sözlərinə görə, 180 çarpayılıq xəstəxana bütün müasir avadanlıqlarla təmin olunub:

“Xəstəxanada ambulator və stasionar şöbələr fəaliyyət göstərir. Eyni zamanda tibbi müayinələrin aparıldığı terapiya, cərrahiyyə, reanimasiya, doğum şöbəsi, infeksion xəstəliklər, vərəm şöbəsi, uşaq xəstəlikləri şöbəsi, onkologiya və ginekologiya şöbələri stasionar fəaliyyət göstərir. Təcili tibbi yardım, şüa-diaqnostika, laboratoriya, poliklinika şöbəsi isə ambulator xidmət göstərir. Ümumilikdə isə gün ərzində xəstəxanada 100-130 nəfərə yaxın xəstə stasionar şəraitdə müalicəsini davam etdirir. Onlardan 30 nəfəri daimi olaraq qeydiyyatdadır və həftədə 3 dəfə olmaqla planlı hemodializ müalicəsi alırlar”.

Fotoda: Baş həkim Mübariz Zeynalov

Dəfələrlə mediada elektrik enerjisində uzunmüddətli fasilə yarandığı üçün bir çox xəstəxanalarda xidmətdə problemlərin yaranması ilə bağlı məqalələr yer alıb. Sevindirici hal ondan ibarətdir ki, artıq bu halların sayı xeyli azalır. Belə ki, may ayının 25-26-da çətin hava şəraiti ilə bağlı Qusara bir neçə gün elektrik enerjisinin verilməsi dayandırılıb. Mərkəzi Xəstəxanada 21 saata yaxın elektrik enerjisi olmadığına baxmayaraq, xəstələrə xidmətdə hər hansı axsamalar baş verməyib. Əməliyyatlar zamanı xəstəxanada alternativ enerji mənbələrindən (generatorlardan) istifadə edilib. Bundan başqa, həmin günlərdə doğumlar həyata keçirilib ki, onlardan 3-ü oğlan və biri qız olmaqla 4 uşaq dünyaya gəlib. Həkimin sözlərinə görə, ana və uşaqların vəziyyəti yaxşıdır:

“Həmin uşaqlara 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə doğum haqqında şəhadətnamələr təqdim olunub. Ümumilikdə, xəstəxananın ginekologiya şöbəsində ay ərzində təxminən 90-120 doğuş icra olunur. Bunların isə 10-15%-i qeysəriyyə əməliyyatı olur”.

Həkim onu da bildirib ki, erkən hamiləlik halları Qusar rayonunda elə də müşahidə olunan məqam deyil. Təhsilini tamamlayan gənclər qanunauyğun şəkildə 17-18 yaşdan sonra ailə həyatı qurur.

Xəstəxananın Qadın Məsləhətxanasının müdiri Təranə Şinqarovanın sözlərinə görə, yanvar ayından bu günə kimi xəstəxanada 727 hamilə qadın qeydiyyata alınıb: “Bu günə olan statistikaya görə deyə bilərik ki, Qusar rayonu üzrə doğulan körpələr arasında oğlanlar üstünlük təşkil edir. Ümumilikdə yanvar ayından bu günə kimi 7 abort qeydə alınıb”.

Baş həkim son olaraq qeyd edib ki, xəstəxanada vakansiya çox azdır. Hazırda cəmi 1 tibb bacısı və 2 həkim üçün vakant yer var.

Günel Hacı