“Üçüncü güc”ə təklif

ucuncu-guce-teklif-
Oxunma sayı: 715

Və 20 ilə yaxındır, Əliyevlər sülaləsi də, müxalifət partiyaları da, ayrı-ayrı siyasi liderlər də çalışırlar ki, bu apolitik elektoratı öz tərəflərinə çəksinlər, amma alınmır. Siyasi hakimiyyət də apolitik elektoratı öz xeyrinə yerindən tərpədə bilməyəcəyini və buna ehtiyac da olmadığını görüb, başqa yolla gedir: seçkiləri saxtalaşdırır. Seçkilər saxtalaşdığı üçün də əhali bir az da laqeydləşir, ya da öz laqeydliyinin təsdiqini tapmış olur.

Lakin əhalinin seçkilərdə iştirak etmək istəməyəcək dərəcədə öz sosial taleyinə biganələşdiyi bir vaxtda, təhsilin, elmi maarifçiliyin, telekanalların məlum vəziyyətdə olmasına baxmayaraq, heç gözlənilmədən və hesablanmadan, hansısa səadət küləyi ölkəyə bir qrup gənc intellektual gətirib çıxarıb. Bu gənclər nə bu hakimiyyətə dəstək verirlər, nə də ənənəvi müxalifətə qoşulurlar. Onları xəyali olaraq bir yerdə təsəvvür edib, bu liderlər komandasını şərti olaraq „üçüncü güc“ adlandırmaq olar. Bəs, görəsən, Azərbaycanda üçüncü siyasi güc xəyaldan gerçəkliyə keçə bilərmi? Və bu „üçüncü güc“ əhalinin həmin apolitik çoxluğunu hərəkətə gətirə bilərmi?

Problem ikiyə vurulub

İlk vaxtlar problem təkcə o idi ki, bu klan hakimiyyətdən getsin; indi isə problem bir də ondadır ki, hakimiyyət bu müxalifətçilərin də əlinə keçməsin. Çünki mahiyyətcə, məsələn, Siyavuş Novruzovla Rauf Arifoğlunun heç bir fərqi yoxdur. Siyavuş Novruzovlar hakimiyyətdən getməlidir, ancaq Rauf Arifoğlular da gəlməməlidir! Bunlar getməlidir, ancaq İran agenturası ilə yanaşı oturan müxalifət də gəlməməlidir!

Problemin ikiyə vurulduğunu görən apolitik çoxluq siyasi fəaliyyətsizliyə qapılıb qalır, müxalifəti nəinki inqilabla, heç seçimlə də hakimiyyətə gətirmir. Baxmayaraq ki, o, hakimiyyətdən qəti surətdə narazıdır. Ənənəvi müxalifət isə bu təzadı anlaya bilmir ki, bilmir.

Siyasi müxalifət müstəqil tənqidçi jurnalistika da daxil, hətta özündən olmayan gənclərin də etiraz aksiyalarına yiyə çıxır, ümumiyyətlə, hər cür ictimai etirazı öz xanasına yazır. Dəstəkləmədiyi siyasi qüvvənin xanasına yazılmaq istəməyən, başqa sözlə, tərəfdar olmadığı siyasi qüvvəyə xidmət etmək istəməyən „üçüncü güc“ çox haqlı olaraq aktiv siyasi fəaliyyətə qoşulmağa tərəddüd edir. Çünki bu hakimiyyətdən narazı olmaq hələ bu müxalifətin tərəfdarı olmaq demək deyildir. Necə ki, müxalifəti tənqid və yaxud rədd etmək də hakimiyyətə işləmək, satqın olmaq demək deyildir. Nəticədə, „üçüncü güc“ün timsalında böyük bir potensial gücün aktiv siyasi fəaliyyətə qoşulmasının qarşısı kəsilmiş olur. Ancaq unutmaq olmaz ki, əhalinin „üçüncü güc“ü ənənəvi müxalifətlə qarışdırmaması üçün „üçüncü güc“ün hakimiyyətlə olduğu qədər ənənəvi müxalifətlə də toqquşması və ənənəvi müxalifətin onu özündən qırağa itələməsi çox vacibdir. Ancaq bu haqda danışmaq hələ tezdir, çünki bu mərhələ „üçüncü güc“ün konstruksiyasından, hüquqi kimlik qazanmasından sonra gələcəkdir.

İslamçılaşma problemi

Azərbaycanda müsəlman əhalinin islamçılaşması prosesi əslində yuxarıda söz açdığım həmin apolitik əhali kütləsinin siyasi baxımdan aktivləşməsi prosesidir. İslam yolu ilə siyasi aktivləşmə Azərbaycanda yeni fenomendir.

Bunun yanında başqa bir proses də gedir: hətta dünənəcən neytral olanların da islam ideologiyasına maraq və simpatiyası artır. Ona görə də son vaxtlar səslənən „Azərbaycanda islam siyasiləşə bilərmi?“ sualı yanlış sualdır. Çünki islam siyasiləşmir, siyasət islamlaşır. Onsuz da islam mahiyyətcə din deyildir, onun qurucusu da dünya tarixinə siyasətçi kimi düşmüşdür. Azərbaycanda konkret formada ayrı-ayrı islamçıların siyasi iddiaları da həmişə olmuşdur, bu gün də vardır. Fikir verin, Azərbaycanda islamçı media mövcud siyasi hakimiyyəti tənqid edərkən, bəzən gizli, bəzən də açıq-aşkar dünyəvi rejimin özünü rədd edir!

Proseslər, görünür, belə davam edəcək: İslam ibadətinə başlayan, başqa sözlə, hər təbəqədən islama qurşanan tək-tək fərdlərin sayı get-gedə çoxalacaq. Belə fərdlər məktəbdə müəllim də ola bilər, universitetdə dekan da, uşaq baxçasında tərbiyəçi də, avtobusda sürücü də, hansısa telekanalda proqram müəllifi də və s. İlk baxışda qorxulu olan heç nə yoxdur, ancaq problem bundadır ki, Azərbaycanda hakimiyyətin yaramaz və yarıtmazlığı ucbatından cəmiyyətin heç bir strukturunda heç nə qanun və əsasnamələrlə tənzimlənmir, „şəxsi sfera“ ilə „ictimai sfera“ bir-birindən ayırd edilmir deyə, nəticədə konkret fərdlərin dünyagörüşü və xarakteri, istək və zövqləri həlledici olur. Belədə, məsələn, islama qurşanmış bir dekan istər-istəməz tələbələrə ayrı-seçkilik edəcək, baxça müəlliməsi körpələrə Ərəbbaladan nağıl danışacaq, avtobus sürücüsü öz sərnişinlərinə dini musiqilər qulaq asdıracaq, telemüəllif öz proqramına islamçı ekspertlər dəvət edəcək və s. Yəni bəlli bir irreversibel nöqtədən sonra islamçılaşma prosesi arxada hansısa gizli iradə dayanmadan, spontan, elə özü-özünə inkişaf edəcək. Bundan sonra islamçıların parlamentə düşməsinin qarşısını almaq mümkün olmayacaq.

Görünən budur ki, ötən yüz illiyin 80-ci illərindən başlanan hərəkat yeni fazaya keçib. Yaxın onillikdə cəmiyyətdə iki güc özünü göstərəcək: islamçılar və sekulyar „üçüncü güc“. Azərbaycanda yaxın gələcəkdə ən böyük qarşıdurma sekulyarizm və klerikalizm arasında baş verəcək. Siyasi sekulyarizmi təmsil etməyə isə nə hakimiyyət hazırdır, nə də ənənəvi müxalifət. Buna „üçüncü güc“ hazırlaşmalıdır. Yeri gəlmişkən, mən bu gün həm də buna görə Avropadayam. Əgər Azərbaycanda “üçüncü güc” formalaşmasa, onda əhalinin həmin apolitik çoxluğu islamçıların olacaq!

Hakimiyyətə aparan yeni yol: dolaylı yol

İlkin yol seçki yoludur. Uzun illərdir ki, sınanan və uğursuzluqla nəticələnən yol budur. Müxalifət dönə-dönə uduzmasına baxmayaraq, zor-xoş seçkilərdə iştirak yolunu seçməklə bir tərəfdən cəmiyyətdə sivil mübarizə ənənələrinin oturuşmasına xidmət etmiş olursa, digər tərəfdən isə bütün dünyada guya „Azərbaycanda siyasi mübarizə imkanı var“ mənzərəsi yaradaraq hakimiyyətə xidmət etmiş olur. Mövcud hakimiyyət də hər dəfə seçkiləri saxtalaşdırmaqla dövlətçilik ənənələrinin formalaşmasına ən böyük maneə olaraq qalır.

İkinci yol inqilabdır. Azərbaycanda klassik inqilabi şərait olmasa da, „əlibaltalı qəhrəman“a cəmiyyətin səmimi sevgi münasibəti də bir daha göstərdi ki, ölkədə nifrətin təzyiqi qorxunc həddədir. Cəmiyyəti bürümüş yaltaqlıq epidemiyası onsuz da çoxdandır gizli acıqdan xəbər verir. Çünki yaltaqlıq qorxudan alçalmağın və buna görə də qisas arzusunun, nifrətin gizlənmiş üzüdür. Hər nökərdə bir zalım gizlənib. Cəmiyyət acıqla dolub daşır. „Azərbaycanda hamı sanki bir-birinin acığına yaşayır“ (Salam Sarvan). Hind fəlsəfəsində belə bir cümlə var: „Əgər sən öz içində nifrət gəzdirirsənsə, deməli, fəlakət gəzdirirsən“. Bu nifrət hələ ki, tək-tək qətllər, zorlamalar, intiharlar, eqoist kobudluq və aqressivlik kimi konkret münasibətlərdə özünü biruzə verir, konsentrasiya olub özünə vahid sosial ünvan tapa bilmir. Hətta elə ola bilər ki, bu nifrət əslində hakimiyyətə qarşı inqilabi gücə çevrilməli ikən (çünki belə vəziyyətin birbaşa baiskarı odur), müxalifətin özünə qarşı çevrilə bilər. Çünki sevgi kimi nifrət də kordur və yenə sevgi kimi onu da idarə etmək olmur.

Seçki və inqilab birbaşa üstünə getmək yoludur. Başqa bir yol da varmı? Var! Dolaylı yol. „Üçüncü güc“ün işləyəcəyi metod bu olmalıdır. Dolaylı yol haqqında mən iki il bundan qabaq danışmışam: http://www.civilhearings.org/site/kitab/alyans-ned-3-kitab-az.pdf (səh.110-118)

1990-cı illərdə Ankarada fəlsəfə tələbəsi idim. “İslam fəlsəfəsi” dərsimizi tanınmış islamçı professor Süleyman Hayri Bolay deyirdi. Məni sevmirdi. Səbəbi aydın idi. Tələbələrin çoxu da onu sevməzdi, təbii ki, mən də. Bir gün dərsdə dedi ki, biz islamçı elm adamları uzun illərdir ki, Atatürkdən qalma “Osmanlı islam ucbatından yıxıldı” tezisini dağıtmaqla məşğuluq və buna nail olmaqdayıq. Nəsillərin onillərlə apardığı iş və sonda, budur, hakimiyyət. (Əlbəttə, islamçıları hakimiyətə gətirən yeganə determinant bu olmamışdır). Maraqlıdır ki, Azərbaycanda da islamçılar hakimiyyətə gəlmək məsələsində daha realist hərəkət edərək, uzun və yavaş hazırlıq işləri aparırlar.

“Üçüncü güc” – nə ilk dəfə mərhum Aydın Məmmədovun, sonralar da başqalarının təklif etdiyi uzlaşdırıcı, “orta yolçu” müxalifət, nə də guya “radikal” müxalifətdən fərqli, əslində isə hakimiyyətyönümlü anlamında mülayim müxalifət demək deyil. “Üçüncü güc” tamam yeni müxalifətdir! Ancaq metodologiyası dolaylıdır və elmidir, hətta o dərəcədə ki, o, apolitik addımlarla işləyir. Nurçuların iş metodu mənim dediyimə bənzər misal ola bilər. Və yaxud hazırda irançı islamçıların apardıqları mediatik iş də birbaşa yox, dolaylıdır. Ancaq dərhal deməliyəm, dolaylı metodu kəşf edənlər islamçılar yox, (d)zen-buddhistlər olmuşdur. “Dolaylı yol”un fəlsəfəsi vardır.

Hakimiyyət ənənəvi müxalifəti tez-tez „Seçkilərdə dönə-dönə uduzmaqlarına baxmayaraq, istefa verib getmirlər“ deyə tənqid edir. Çünki onların yerinə təcrübəsiz, tanınmamış, „gənc“ müxalifətçilərin gəlməsini istəyir. Ancaq ənənəvi müxalifətdən olmayan, keyfiyyətcə yeni müxalifətin, üçüncü bir gücün, yeni platformada, yeni diskursla, yeni metodologiya ilə ortaya çıxıb formalaşmasını isə əsla istəmir. Yəni mənim təklifimlə hakimiyyətin təndiqini qarışdırmaq olmaz. Digər tərəfdən, ənənəvi müxalifətçilərin də hər biri təkcə bu hakimiyyətin getməsini yox, həm də hakimiyyətə özünün gəlməsini istədiyi üçün onlar da „üçüncü güc“ün formalaşmasına hakimiyyət qədər qısqanc yanaşacaqdır.

Bu sətirlərin müəllifi 10 il universitet müəllimi olub, sözün, bilikləndirmənin, fəlsəfənin hansı profetik gücü olduğunu şəxsən görüb. İnsanlar, xüsusən, gənclər onların gözünü açdığın üçün elə sehrlənə bilərlər ki, öz talelərini sənin ən sadə qərarlarına bağlaya bilərlər. Mən bəzən auditoriyada „dolaylı yol“un gücünü eksperiment edirdim, bir smestr boyunca, tutalım, islam və yaxud hakimiyyət-müxalifət sözlərini heç dilimə də gətirmirdim. Ən sonuncu dərslərimin birində danışdığım bir pritça, bircə cümləm, hətta bircə ifadəm bəs edirdi ki, tələbələrin çoxu bu hakimiyyət ya da islam haqqında mənim kimi düşünməyə başlasınlar. Məhz bu yolla, üstünə getmədən, dolaylı olaraq, mən onlarla tələbəni islama qurşanmaqdan xilas edə bilmişəm. Hicabını çıxarıb atan tələbələrim olub və s.

Rəqəmlərin işığında

Bilənlər bilir ki, elmiliyi əvəz edə biləcək anlayış ölçü anlayışıdır. Problemə elmi yanaşma ölçülərlə, rəqəmlərlə yanaşma deməkdir. Əgər hakimiyyətə gəlmək üçün romantik inqilab ya da terror yolu seçilməyibsə, onda mütləq elmi metodla gedilməlidir, yəni rəqəmlərin işığında, statistika ilə hərəkət etmək gərəkdir, intuisiya ilə yox.

Almanların www.statista.de adlı statistika portalı var. Bu portalda siz almanlar haqqında ən intim sualdan tutmuş, sosial məsələlərədək, altmış min mövzuda, yəni ağlınıza gələ biləcək hər hansı sualı axtarışa verə bilər və artıq çoxdan o haqda əldə edilmiş statistikanı və müqayisəli qrafikləri görə bilərsiniz. Və bunlar qırx ildən qalma ölü məlumatlar deyildir, daim yeniləşirlər. Bir avropalı əsla rəqəmsiz mühakimə yürütmür və addım atmır. Çünki elmi olmaq rəqəmlərə söykənmək deməkdir. Bizim isə yalan-doğru iqtisadi rəqəmlərdən başqa ən sadə bir mövzuda da əlimizdə heç hansı güvənli rəqəm yoxdur. Dövlət statistika komitəsinin öz saytına yerləşdirdiyi rəqəmlər isə nə inandırıcıdır, nə də bizə gərəkli.

Məsələn, Azərbaycanda son on ilin ən gözəgirən sosial fenomeni dindir, dini yüksəliş hər sahədə müşahidə edilir. Ancaq bu yüksəlişi regionlar üzrə, yaş qrupları üzrə, gəlir səviyyəsinə görə, məzhəblər üzrə, təhsil səviyyəsinə görə və s. araşdırmaq və müşahidə etmək mümkün deyildir, əlimizdə statistika yoxdur. Belə rəqəmlər əldə yoxdursa, hansı analizdən, hansı proqnozdan, hansı tədbirdən danışmaq olar? Statistik rəqəmlər olmayan yerdə isə incəliklərə enmək olmur, gözəyarı hesablamalar aparılır, mən də daxil, hər kəs öz intuisiya və müşahidə qabiliyyəti daxilində analizlər etməyə məhkum olur. Statistika yoxdursa, anlamsız mübahisə və müzakirələrin sonu da olmur. Halbuki effektiv mübahisə və müzakirələr rəqəmlərin təfsiri üzərində qurulmalıdır. Və böyük siyasət böyük ideya və dəqiq rəqəmlərlə həyata keçirilir.

Görünür, hakimiyyət ancaq özünə qarşı təhlükələri hesablayanda belə rəqəmləri MTN strukturları vasitəsilə əldə edir. Ancaq o, cəmiyyətə o qədər özgələşib ki, onu cəmiyyətdən gələn „təhlükəsiz“ siqnallar qəti narahat etmir. Məsələn, son illərdə artan və gəncləşən, hətta uşaqlaşan intihar statistikası bu hakimiyyəti nə üçün maraqlandırsın ki?

Sonluq

Beləliklə, qarşıda dayanan iki əsas vəzifə var: Azərbaycanda aktual problemlər üzrə daim sorğular keçirən sorğu mərkəzinin və əldə edilən bu statistikanın sosioloji izahı ilə hərəkət edən “üçüncü güc”ün konstruksiyası. „Üçüncü güc“ yeni ideoloji platformadır, yeni fəlsəfi məktəbdir, yeni dəyərlər elitasıdır, yeni viziondur, hələlik apolitik gənclik və kültür hərəkatıdır, yeni maarifçilikdir…

Dialektikada və eksistensializmdə ən önəmli anlayış aşma (transsendensiya) anlayışıdır. Bu siyasi hakimiyyəti aşmaq üçün, ilk növbədə bu siyasi müxalifət anlayışını aşmaq gərəkdir! Ənənəvi müxalifət anlayışını aşmadan bu hakimiyyəti dəyişdirmək mümkün olmayacaqdır. Buna görə də, hər hansı bir „üçüncü güc“ün hakimiyyətə gələ bilməsi üçün onun öncə müxalifətə gəlməsi gərəkdir! Mənim qəti düşüncəm budur: Azərbaycanda hakimiyyətin dəyişdirilməsi müxalifətin dəyişdirilməsindən keçir! Dəyişdirmək – dalına bir təpik vurub, onun yerinə keçmək deyil, onun ideyasını aşmaq deməkdir.