“Bunu xristian–müsəlman qarşıdurması kimi qələmə verməyə çalışır”

“Bunu xristian–müsəlman qarşıdurması kimi qələmə verməyə çalışır”
Oxunma sayı: 539

“Təəssüf ki, ötən 25 il ərzində Ermənistan mötəbər beynəlxalq təşkilatların qərar və qətnamələrinə məhəl qoymur və beynəlxalq hüquq qaydalarını kobudcasına pozmaqda davam edir. Qəribədir ki, təcavüzkarı beynəlxalq təşkilatların qərarlarına əməl etməyə məcbur edən mexanizm mövcud deyil. Bu isə Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə ikili standartlar əsasında yanaşılmasına gətirib çıxarır”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Sankt-Peterburqda Parlamentlərarası İttifaqın 137-ci Assambleyasında çıxışı zamanı söyləyib. O deyib ki, Azərbaycan ərazisinin bir hissəsini işğal etmiş və işğal etdiyi ərazilərdə etnik təmizləmə aparmış Ermənistan Azərbaycana qarşı düşmənçilik siyasətini xristian–müsəlman qarşıdurması kimi qələmə verməyə çalışır. “Məqsəd Azərbaycanın əzəli və tarixi torpağı olan Dağlıq Qarabağ bölgəsində etnik separatizmə dinlərarası münaqişə donu geyindirmək, eyni zamanda, ənənəvi xristian ölkələrində xristian həmrəyliyi duyğularını istismar etmək yolu ilə qonşu ölkəyə qarşı qəsbkarlıq siyasətinə haqq qazandırmaqdır. Bu qəsbkarlıq siyasətinin nəticəsi olaraq Azərbaycan ərazisinin 20 faizi işğal altındadır, 1 milyon azərbaycanlı qaçqın və köçkün vəziyyətində yaşayır. Biz hesab edirik ki, etnik separatizmə və davakar millətçiliyə, özgə torpaqlarının qəsb edilməsinə göz yumulmasının bütün dünyada sülh və təhlükəsizlik üçün nə dərəcədə qorxulu olduğu hamılıqla qəbul edilməlidir. Beynəlxalq birlik özündə güc tapıb qəti tədbirlər görməli və bütün münaqişələr, o cümlədən Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hamılıqla tanınmış beynəlxalq hüquq prinsipləri və normaları, xüsusən onların arasında başlıca prinsip olan dövlətlərin ərazi bütövlüyü əsasında həll edilməlidir. Azərbaycan bu gün dünya birliyinin üzləşdiyi ağır problemlərin həlli və sülhün, əmin-amanlığın təmin edilməsi məqsədilə həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində səyləri birləşdirməyə və birgə fəaliyyət göstərməyə hazırdır”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi