Yarmarkada 15 ton saxta bal - Xəbərdarlıq

yarmarkada-15-ton-saxta-bal-xeberdarliq
Oxunma sayı: 673

Yarmarkanın sonunda isə arıçılar əməkdaşımıza maraqlı faktlar açıqlayıb. Onların sözlərinə görə, yarmarkada satılan balın böyük hissəsi saxta imiş.
“100-120 arıçı bura təmiz bal gətirmişdi. Təmiz olmayan balın kimlər tərəfindən satıldığını hamımız bilirdik. Ancaq etiraz etməyə kimsə cəsarət etmədi. Arıçılar yarmarkadan qovulmaqdan qorxdu. Çünki saxta bal satanlar hökumət və Kənd Təsərrüfatı Nazirliyi tərəfindən dəstəklənirdi. Bala aşağı qiymət qoyulması da bununla bağlı idi” - deyə adının çəkilməsini istəməyən arıçı bildirir.

Onun digər həmkarı isə deyir ki, əslində ölkədə arıçılıq da monopoliyadadır: “Elə olmasaydı, bizi 15 manat satış qiyməti qoymağa məcbur etməzdilər. Bu, əhalinin alıcılıq qabiliyyətinin artmasına hesablanmamışdı. Əksinə, təşkilatçılar bazara kifayət qədər saxta məhsul çıxarıb satılmasında maraqlı və dəstəkçi oldular”.
Söhbətləşdiyimiz arıçıların bir neçəsi isə bildirdi ki, bal yarmarkası əslində saxta malı əhaliyə sırımaq üçün təşkil edilmişdi: “Özüm şəxsən şahidi olmuşam. Dağıstandan, Mahaçqaladan Bakıdakı yarmarkaya 15 ton saxta bal gətirilib. Əminliklə deyə bilərəm ki, bu bal yarmarkada satıldı”.

Onun həmkarı isə vurğulayır ki, Mahaçqaladan gətirilən iki maşın dolusu bal üç gün sərhəddə qalıb: “Sonradan buraxdılar. Bu bal sərhəddən keçirildi və yarmarkaya gətirildi. Tamamilə saxta idi, Mahaçqalada karamel fabrikində hazırlanmışdı. O balın ətri təbii bala oxşardır, ancaq bir müddət sonra həmin bal qıcqırır”.
Arıçılar vurğulayır ki, həmin 15 ton balın demək olar ki, hamısı satılıb qurtarıb: “Bu, təşkilatçıların marağında olan məsələ idi. Həmin bal təbii baldan dəfələrlə ucuz qiymətə başa gəlmişdi. Bu səbəbdən təbii balın da qiymətini aşağı salıb, bizi sıxışdırdılar”.
Balın laboratoriyada yoxlanmasından söz düşdükdə isə arıçılar bildirdilər ki, bu, şərti bir prosedur idi: “Keyfiyyətini yaxşı yazdırmaq üçün laboratoriyaya bal hədiyyə etmək kifayətdir. Çoxları bal gücünə yoxlamadan üzüağ çıxdı. Burada təmiz bal satanlar yarmarkaya qatılanların 20 faizindən də az olub”.
Xatırladaq ki, bu ilki bal yarmarkası həm də nazirliyin Naxçıvan arıçılarına güzəşt etməsi ilə yadda qaldı. Kənd Təsərrüfatı Nazirliyindən xeyir-dua alan naxçıvanlı sahibkarlar balı yarmarka müddətində 25-30 manata sata bildilər və bu, digər bölgələrdən gələnlərin narazılığına səbəb oldu. Arıçılar həm də yarmarkanın açıq havada keçirilməsindən narazılıqlarını bildirdilər: “Küləyin qabağında, yağışın altında dayanıb bal satdıq. Təşkilatçılar bizim üçün normal satış şəraiti də yaratmadılar, küçənin ortasında bazar açdıq. Burada məqsəd arıçılara kömək etmək, onları dəstəkləmək yox, özlərinin himayə etdikləri şəxslərin keyfiyyətsiz balını satdırmaq idi”

Yeni Müsavat