“Yeni Müsavat” 5000-ci sayını çıxardı

yeni-musavat-5000-ci-sayini-cixardi-
Oxunma sayı: 765

clas otağında hər kəs öz yerini alandan sonra Rauf bəy mövzu və tapşırıqlarını verməyə başladı. Qəzetimizin səhər planlaşdırması adətən bir saat davam edir. Buna baxmayaraq bu vaxt bəzən uzana bilir. Bu da çox vaxt gündəmlə bağlı məsələlərin müzakirəsindən asılıdır. Dünənki planlaşdırmamızda AXP lideri Pənah Hüseyn də iştirak edirdi. Təxminən bir saat davam edən iclas Rauf bəyin həmişəki son tapşırığı “Allah zehin açıqlığı versin, hər kəs ən yaxşı yazılarını yazsın” deməsi ilə başa çatdı. Ardından haydı, hər kəs işinə...

“Yeni Müsavat”da nahar fasiləsi adətən saat 1-lə 3 arasında, növbələrlə olur (hərçənd məhdudiyyət və qadağa da yoxdur, yeməyə də bilərsən). Aşpazımız Mahizər xala əməkdaşlarımıza hər gün ləziz yeməklər hazırlayır. Əlbəttə, bu da qəzetin yaxşı çıxması üçündür. “Yaxşı yazıya gedən yol mətbəxdən keçir” - müxbirlərin gündəlik zarafatı belədir.

“Yeni Müsavat”ın bayramı ilə əlaqədar Mahizər xalanın bizlərə “sürprizi” də oldu. Çünki o, dünən özəl süfrə açmışdı. Süfrədəki təam isə bayram plovu idi. Mahizər xala deyir ki, indiyə kimi hazırladığı yeməklərin dadından şikayət edən olmayıb: “Qəzetimizin bütün kollektivini 5000-ci say bayramı münasibətilə təbrik edirəm. Yaxşı işləmək üçün yaxşı yeməlisən. Ona görə də çalışıram ki, hər gün fərqli bir menyu təqdim edim. Bu günə özəl olaraq əməkdaşlarımıza sürpriz bayram plovu bişirmişəm. İnanıram ki, məmnun qalacaqlar”.

5000-ci sayımızın məsul redaktoru Famil Cəfərlinin bu əlamətdar tarixə münasibətini öyrənmək istəyirəm. Amma o, mənə “Yeni Müsavat”da çalışdığı vaxtlarda başına gələn ən maraqlı hadisələrdən bir neçəsinin danışır. Famil bəy deyir ki, 2007-ci ilin avqustun 20-dən “Yeni Müsavat”da redaktor kimi çalışır. Özünün hesablamalarına görə, aşağı-yuxarı 1500-dən artıq say onun redaktor kimi çalışdığı dövrdə işıq üzü görüb. Bu da qəzetin ümumi nüsxələrinin haradasa 1/3 hissəsidir: “Həftədə iki dəfə növbətçi redaktor oluram. Arzu edirəm ki, “Yeni Müsavat” ailəsi 10 mininci sayını da bax belə yüksək əhval-ruhiyyədə qeyd etsin. Əslində xüsusi günlərdən sayıla bilər. Belə yuvarlaq rəqəmli nömrəni imzalamaq redaktora hər gün müyəssər olmur axı. 5000-ci dəfə həqiqəti demək, haqqı əzilənin yanında olmaq, oxucuya dürüst məlumat verməyə çalışmaq - az deyil. Fəxr ediləsi rəqəmdir. Buna baxmayaraq bugünkü iş rejimimiz digər günlərdən prinsipcə heç nə ilə fərqlənmir. Oxucuya sabah nəyi təqdim etmək istəyəcəyiksə, bu gün də ona çalışırıq”.

Qəzetimizin digər redaktoru Nazim Sabiroğlu isə redaktor həmkarları ilə 2001-ci ildən bəri qəzetimizin neçə sayının çıxmasını hesabladıqlarını deyir: “Bu araşdırma mənə ona görə maraqlı idi ki, bir futbolçu kimi biz neçə dəfə forma geyinib, neçə dəfə meydana çıxıb, neçə dəfə qol vurmuşuq. Mən “Yeni Müsavat”ı dünyanın nəhəng futbol klubları ilə müqayisə edirəm. Çünki qəzetimiz oxucularına vurduğu “qollarla” həmişə sevinc bəxş edib. Arzu və təbriklərə gəlincə isə başda qəzetimizin təsisçi və baş redaktoru Rauf Arifoğlu olmaqla bütün əməkdaşlarımızı təbrik edirəm. 5000-ci sayda əsas sevinc payı Rauf bəyə düşür. Qəzetimizin hətta bir sayının çıxmasında da zəhməti olanlara “sağ ol” deyir, kollektivimizə uğurlar arzulayıram”.


Qəzetimizin gənc əməkdaşı Emil Salamoğlunun sözlərinə görə isə “Yeni Müsavat” onun üçün həm də bir məktəbdir. Və o, bu məktəbdə hər gün nəsə öyrənir: “Çox maraqlıdır ki, işlədiyim qəzetlə həmyaşıdam. Amma “Yeni Müsavat” 22 yaşında daha müdrik və təcrübəlidir. Bu illərdə uzun, keşməkeşli bir yol keçib. Bu yaşımda belə bir qəzetdə işləmək mənim üçün ikiqat üstünlükdür. Arzu edirəm ki, qəzetimiz 50000-ci sayını çıxarsın”.

Qəzetimizin yükünü çiyinlərində daşıyan baş redaktorun I müavini Azər Ayxan isə deyir ki, “Yeni Müsavat”ın 5000-ci sayında iştirak etmək ondan ötrü çox əlamətdardır: “Mən 1991-ci ildən müəyyən fasilələrə “Yeni Müsavat”da çalışmışam. İlk iş yerim, ilk dəfə əlimə qələm alıb yazdığım yer, jurnalist kimi tanındığım qəzet “Yeni Müsavat” olub. Mən ömrümün az qala yarısını “Yeni Müsavat”a həsr etmişəm. Bunu Allahın bir lütfu sayıram ki, bizlərə - “Yeni Müasvat”çılara bu missiyanı yükləyib. Azərbaycanın ən ağır günlərində, demokratiya, söz və mətbuat azadlığının təhlükədə olduğu bir vaxtlarda “Yeni Müsavat”ı çıxarmaq çox ciddi və əlamətdar hadisə olub”.

Azər bəy deyir ki, biz bu gün tarix yazırıq və illər keçəcək, tarixçilər Azərbaycanın bugünkü tarixini öyrənmək üçün mənbə kimi “Yeni Müsavat” qəzetindən istifadə edəcək: “Hamımıza uğurlar arzulayıram. “Yeni Müsavat”ın istənilən hakimiyyət dövründə də var olacağına inanıram”.
***
Axşama doğru getdikcə redaksiyamızda işlər daha da sürətlənir. 5000-ci sayın maketləri hazırlanır, çapa gedəcək materiallar yazılır. Müxbirlərimiz isə həmişəki kimi növbəti günə oxucusu üçün ən gözəl yazılarını hazırlamağa başlayırlar. Uğur olsun, “Yeni Müsavat” ailəsi...
musavat.com