Camaatın cinsi həyatıyla oynamaq...

camaatin-cinsi-heyatiyla-oynamaq
Oxunma sayı: 5044

Raminə Eyvazqızı

Bir neçə il əvvəl bir qadın söhbəti zamanı bunları demişdi: “Ərim dedi ki, ikinci uşaq da qız olsa, vay halına. Elə et ki, oğlan olsun. Uşağın cinsiyyəti bilinən vaxt ultrasəs müayinəsi həkimi “qızdı” dedi və o dəqiqə abort növbəsinə yazıldım. Abort olunandan sonra cərrah-ginekoloq məni günahlandırdı ki, uşağın elə oğlan imiş. Həmin an dəliyə döndüm. Ultrasəs həkimi ilə dalaşdım, amma mənə bir faydası olmadı”.

Kiçik etiraf bir neçə problemə işarə edir. Zavallı qadının həkimin bir sözü ilə gələcək övladından imtina etməsi çoxu üçün o qədər də təsiredici deyil. Çünki təqsirkar yenə də qadındır. Yəqin ki, beləsinin gücü ultrasəs həkimini dəyişmək olacaq, növbətinin yalnış proqroz verməyəcəyini isə heç kəs deyə bilməz. İndi o qədər belə qadınlar var ki... Beləsi israrla kiminsə bir sözüylə əməliyyat stoluna uzanmaq yolunu seçir. Qadının gücü və cəsarəti çatmır ərinə başa çalsın ki, uşağın cinsiyyəti qadın yox, kişi ilə bağlıdır. Əsrlərdir, çoxuna elə gəlir ki, qadın gələcək övladını özü “emal edir”. Və bizlər bu əsrə gəlib çatana kimi hədər yaşamışıq. Dəyişən heç nə yoxdur. Yenə də uşağını dünyaya gətirmək istəyi ilə ərinin tənəsi arasında qalan xanımlarımız var. Hər il ölkədə 27 mindən çox uşaq dünyaya gəlmir, ana qucaqlaya bilmir, isti yatağında yata bilmir, diş çıxarmır, iməkləmir, yerimir, “ata”, “ana” sözlərindən başlayıb danışa bilmir. Abort adı ilə övladını yox edənlər “övlad qatili” olduqlarını belə dərk etmirlər. Hələ də...

Hökumətin rəsmiləri bir həftə içində həmişəki kimi neçə-neçə ailənin heysiyyatı ilə oynadığnın fərqinə belə varmadı. Əvvəlcə Əmək və Əhalininin Sosial Müdafiəsi Nazirliyi rəsmiləri cinsi nisbətin pozulması faktını ortaya qoydular. Doğulan oğlanlar yenə də qızları üstələyir, bir azdan qız qıtlığı yaşanacaq. Bu məlumat insanların fikrini məsələyə yönəltməyə məcbur etmişdi ki, növbəti soraq çıxdı.

İkinci qız övladına görə 10 min manatın verilməsi söhbəti el arasında müzakirəyə səbəb oldu. Qız anaları hörmətə mindi, ərləri tərəfindən əzizlənməyə başlanıldı. Abort astanasında olan qadınların məsələsi ertələndi. Kişilərin fikrində düşüncə “inqilabı” baş verdi, 10 min manatın planları quruldu. Qadınına yaxın durmayanlar qız uşağı istəmək arzusu ilə xanımına him-cim etməyə başladılar. Cinsi həyatına sıfırdan başlayanlar belə oldu. Ölkədə əməlli-başlı oğlan uşağına qarşı antipatiya yarandı. Və hökumət süni şəkildə baş verən bu rezonansı elə söndürdü ki, hirsənməyə bilmirsən. Nazirlik rəsmisi çıxıb elan etdi ki, “10 min manat söhbətini jurnalistlər kəşf edib. Biz həvəsləndirmə mükafatı demişdik.” İndi nazirliyin qorxusunu başa düşmək olar, bir kəlmə üstündə doqquz aydan sonra qapısına dayananlar olacaq. Qucağında qız uşaqları ilə 10 mini tələb edəcəklər. Birinin çıxıb 10 min arzusunu puç etməyi mütləq idi. Amma ay nazirlik, bir də siyasətiniz olsaydı, nə olardı? İmkan verərdiz, qadınlar gün görəydi, ən azı abort sayını azaltmaq şansı var idi.

İndi əsas məsələ də var axı. Bu vaxta qədər abort etdirənlərin heç də hamısı oğlan istəyi ucbatından “uşağını” öldürtməyib. Bizim eldə bir adət var. İki qızı olan oğlan, iki oğlu olan qız arzulayır. Başqa sözlə, abort qurbanı tək “qız” lar yox, həm də “oğlan”lardır. Yanlış proqnozun qurbanlarını isə heç demirəm. Gəlin lap düzünü deyək, bizim eldə istəklə dünyaya gələn uşaqlar lap azdır.

Allah ağıl, sonra da insaf versin!