Çılçırağımız tərpənən kimi Qurban Yetirmişliyə qarğış tökürük

cilciragimiz-terpenen-kimi-qurban-yetirmisliye-qargis-tokuruk
Oxunma sayı: 3048

Nərmin Dadaşova

Dünən gecə Azərbaycanda zəlzələ olubmuş. Gün ərzində sortbasort dərmanlar qəbul etdiyim üçün yatanda elektrik xəttindən ayrılmış televizor qədər kədərli oluram. Əminəm ki, zəlzələ 6 yox, 12 bal da olsaydı, elə biləcəkdim qan təzyiqim ucbatından evimiz iki yerə ayrılıb. Şair demiş, hərəmiz bir cür bədbəxtik.

Xəbəri səhərin gözü açılmamış sosial şəbəkədən aldım. İlahi, bu nə panika, bu nə qırğın-qiyamət, bu nə kinodur, bu nə təlaşdır, yoldaşlar? Bir-biri ilə vidalaşan kim, ağlayan kim, qorxudan insult keçirən, özünü ikinci mərtəbədən atan kim. Başa düşürəm, can şirindir, hamımızın yarımçıq qalan işlərimiz, deyilməli olan sözlərimiz, qaytarılmalı kredit borclarımız var, heç birimiz belə faciəvi ölümə, torpaq altda, daş altda qalmağa layiq deyilik. Ancaq elə anlar olur ki, soyuqqanlı olmaq məcburiyyətindəyik.

Məhz, xilas olmaq, ölməmək üçün qışqırmadan, ağlamadan, özünü ordan-burdan atmadan ağlımızı işlətməli, çıxış yolu tapmalıyıq. Məsələn, zəlzələ baş verən anda əgər təkan güclüdürsə liftdən istifadə etmədən tez bir zamanda məkanı tərk etmək, mümkün deyilsə otağın küncündə dayanmaq, stolun altına girib baş-gözünü daş-kəsəkdən qorumaq, uşaqları qalın ədyala bükmək və s. kimi ilkin təbirlərlə özümüzü ölümdən qorumağa ən azı cəhd edə bilərik. Bəs biz nə edirik? Çılçırağımız bir balaca tərpənən kimi başlayırıq Qurban Yetirmişliyə qarğış tökməyə ki, bəs niyə bizi əvvəlcədən xəbərdar etməmisən? Qurban Yetirmişli sizi tanımırmı, mənim əzizlərim? Bələd deyilmi potensialınıza? Bilmirmi emosianal vəziyyətinizi, belə qəfil gələn bəlalara qarşı həssasiyyətinizi?

2012-ci ildə Mayalıların dünya dağılacaq söhbəti yadınızdadırmı? Hərə bir dənə konserva, bir  cüt şam alıb oturmuşdu ki, dünya indi dağılar, bu saat dağılar. 

Zəlzələ yer qabığı daxilində qırılmalara görə yaranan titrəyişlərin dalğalar halında yayılaraq yer üzünə əks olunması prosesidir. Yəni tamamilə təbii və təbiət hadisəsidir. Doğrudur, baş verəcək fəlakətlərin qarşısını almaq üçün bu işlərlə məşğul olan AMEA Respublika Seysmoloji Xidmət Mərkəzi adlı qurum fəaliyyət göstərir. Hər il dünyada yüzlərlə ölkədə belə təbii fəlakətlərdən ciddi itkilər yaşanır. Yaponiya kimi inkişaf etmiş ölkə belə bu kimi fəlakətlərin qarşını ala bilmirsə, hələ yeni alınmış cihazları yerləşdirməklə məşğul olan bir qurumdan sabah saat 12:30 da zəlzələ olacaq xəbərdarlığını gözləmək nə qədər realdır? 

Gəlin məsələyə bir də başqa gözlə baxaq. Şair nə yaxşı deyib, “Zəlzələdən sonra şəhərdə nə qalırsa, divar odur”.

Dünənki o titrəyişi hiss edər etməz, kimin üstünə yüyürdün, oxucu dost? Kimi xilas etmək istədin, silkələndinmi, hər an hər şey ola bilər reallığı ilə burun-buruna gələrkən? 

Biz zəlzələnin neçə  bal olmasını yellənən çılçıraqdan müəyyən edə biləcək qədər istedadlı insanlarıq. Gəlin bir az da soyuqqanlı və hazırlıqlı olaq. 

Gününüz xeyrə açılsın...