Cümhuriyyətlə bağlı yeni kitablar nəşr olunub

cumhuriyyetle-bagli-yeni-kitablar-nesr-olunub
Oxunma sayı: 1449

“TEAS PRESS” Nəşriyyat Evi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə İstanbulda iki sənədlər toplusu nəşr edib. 

“Qafqazinfo” xəbər verir ki, “Azerbaycan Cumhuriyeti (1918-1920). Osmanlı Arşiv Belgeleri” adlanan sənədlər toplusunda Azərbaycan Cümhuriyyəti tarixi ilə bağlı mindən çox nadir sənəd verilib. Türkiyə Cümhuriyyəti Başbakanlıq Osmanlı Arxivində mühafizə olunan bu sənədlər transkripsiya edilərək 219 adda qruplaşdırılıb və xülasələr yazılıb. Burada toplanan sənədlər Osmanlı dövləti ilə Azərbaycan Cümhuriyyəti arasındakı münasibətləri və dövrün bir sıra aktual problemlərini hərtərəfli nəzərdən keçirməyə imkan verir. 

“Birinci Dünya Savaşı ve Azerbaycan (Osmanlı Arşiv Belgeleri)” adlı digər sənədlər toplusu Azərbaycanın I Dünya müharibəsi dövründəki vəziyyətini əks etdirir. Topluda mindən çox arxiv sənədi transkripsiya edilmiş, 211 adda qruplaşdırılmış və hər biri haqqında xülasə verilmişdir. Bu sənədlər Türkiyə Cümhuriyyəti Başbakanlıq Osmanlı Arxivində və Əsgəri Tarix və Strateji Etüd Başkanlığı Arxivində mühafizə olunur. Bu sənədlər Azərbaycanın I Dünya müharibəsi dövrü tarixini daha dərindən öyrənməyə imkan verir.

Hər iki topluda verilmiş sənədlərin böyük əksəriyyəti ilk dəfədir ki, elmi dövriyyəyə gətirilir və Azərbaycan tarixşünaslığında indiyədk məlum olmayan bir sıra problemləri müəyyən etməyə və araşdırmağa kömək edir.

Sənədlər toplularını nəşrə tarix üzrə fəlsəfə doktorları Vasif Qafarov və Qiyas Şükürov hazırlayıb. Tarix üzrə elmlər doktoru, professor Kərim Şükürov hər iki nəşrə geniş ön söz yazıb.

“TEAS PRESS” Nəşriyyat Evinin yeni nəşrlər siyahısına daha bir kitab əlavə edilib. Tanınmış amerikalı tədqiqatçı-jurnalist, Montana Universitetinin professoru Tomas Qoltzun müəllifi olduğu “Azerbaycan Günlügü: Savaşın yaraladığı petrol zengini bir eski sovyet cumhuriyetinde muzip bir muhabirin maceraları” adlı kitab türk dilinə tərcümə edilərək nəşr olunub. Kitabda Xocalı qətliamından, Dağlıq Qarabağ münaqişəsindən bəhs olunur.