Deputatlar dilə gəldi

Deputatlar dilə gəldi
Oxunma sayı: 2762

Dünya Sakit

Dünən hökumətimiz Milli Məclisdə hesabat verdi...

Parlamentdəki çıxışlara baxıram. Gördüyüm mənzərə məni xeyli təsirləndirdi: deputatlar əhalini narahat edən, sosial-iqtisadi sahədə hamıya əngəl olan demək olar ki, bütün problemləri dilə gətiriblər. Düzünü deyim, ilk öncə xeyli təəccübləndim də... Lakin bilavasitə hakim partiyanın yüksək ranqlı funksionerlərinin dilindən səslənən problemlərin fəsadlarını düşündüm və anladım ki, deputatları dilə gətirən məhz onlardır...

Nədir deputatları da dilə gətirən problemlər:

- Bazarlarda qiymətlərin od tutub yanması. Bu acı reallığı hər kəs öz cibində, süfrəsində, geyimində, həyatının bütün sahələrində hiss etsə də, dilə gətirənə düşmən kimi baxılır... Nə xoş ki, deputatlarımız son 1 ayda xüsusilə subyektiv amillərə söykənən, sahibkarların aşırı acgözlüyündən qaynaqlanan bu məsələni Milli Məclis tribunasından hökumətin diqqətinə çatdırıblar;

- İşçilərin ixtisarı, əmək haqqının aşağı salınması. Son 2 ildə ölkədə müşahidə olunan maliyyə-iqtisadi böhranın təsirini sahibkarlar (təəssüf ki, tək onlar yox) əhalinin – müəssisələrdə işləyən insanların boynuna yükləyirlər: ixtisarlar aparılır, əmək haqları azaldılır.

- Kredit faizlərinin yüksəkliyi, əhalinin böyük bir hissəsinin kreditlərin ağırlığı altında inləməsi. Bu, son 2 ildə pik həddinə çatan, hətta deyərdim ki, əndazəsini aşan problemdir. Bank faizlərinin hədsiz yüksəkliyi fonunda əhalinin gəlirlərinin azalması yüz minlərlə insanı çıxılmaz duruma salıb. Banklar bəlkə də dünyada ən yüksək kredit faizi tətbiq etməklə əksər hallarda əlacsızlıqdan onlara üz tutan insanları soymaqla məşğuldular. Öz imkanlarından yararlanıb borclulardan şikayət etdikləri məhkəmələrdə istədikləri qərarları alırlar, bu isə getdikcə daha çox sayda insanda kəskin narazılıq enerjisinin toplanmasına səbəb olur;

- Banklara inamın azalması. Manatın məzənnəsindəki kəskin enmə sağlam iqtisadi əsas üzərində qurulmayan bankları çıxılmaz duruma salıb. Bir ildə 11 bankın bağlanması isə əhalidə onlara olan inamı kəskin azaldıb;

- Əczaçı sahibkarların kəmfürsətliyi. Dərman qiymətləri Tarif Şurasının nəzarətinə keçəndən bəri ənənəvi və əksər hallarda daha yüksək təsirli dərmanlar daha ucuz və keyfiyyəti ciddi şübhə doğuran analoqları ilə əvəz olunub. Bu sahədə fəaliyyət göstərən sahibkarlar daha çox gəlir əldə etmək üçün əsas dərmanların daha ucuz olan analoqlarını alıb gətirib baha qiymətə satırlar;

- Bir sıra icra strukturlarının kiçik və orta sahibkarların normal fəaliyyətinə imkan verməmələri. Bu problem uzun illərdir var və son vaxtlar daha da kəskinləşməsi müşahidə edilir. Ölkə rəhbərliyinin bu sahibkar təbəqəsinin inkişafına dair atdığı addımlardan məhz icra strukturlarının yaratdığı əngəllər üzündən gözlənilən nəticələri almaq mümkün olmur;


- Struktur islahatlarının vacibliyi. Neft gəlirlərinin axını dövründə məmur aparatının hədsiz şişirdilməsi baş verdi. Ötən ildən bu aparatın ixtisarı sahəsində addımlar atılmağa başlayıb. Görünən odur ki, cəmiyyətin əksər təbəqələri kimi, deputatlar da bu ixtisarların sürətlənməsini, daha çevik idarəetmə strukturlarının formalaşdırılmasını istəyirlər...

Bu gün deputatların dilə gətirdiyi bu problemlər artıq hansısa təbəqəninkilikdən çıxaraq, ümumölkə xarakteri alıb. Deputatlar onların yaratdığı ağır auranı, mənfi enerjini hiss ediblər.

Bəs hökumətin hesabatında bu qeyd olunan problemlərə toxunulubmu? Cavab, xırda istisnaları çıxmaqla, xeyrdir...

Amma könül istərdi ki, deputatlardan əvvəl hökumət nümayəndələri çıxışlarında yalnız görülən işləri, quru rəqəmləri sadalamaqla kifayətlənməyib, qarşıda duran, cəmiyyəti, əhalini, hamını narahat edən problemləri bircə-bircə qeyd edərdilər, onların aradan qaldırılması üçün hansı addımları atacaqlarını deyərdilər, deputatlardan rəy-təklif istəyərdilər...

Bax, onda olardı əsl hesabat, deputatlar da problemləri yox, onlardan çıxış üçün təklifləri səsləndirərdilər, müzakirələr bu yöndə aparılardı...


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi