Deputatlığa namizədin cəzası 1 il 6 ay azaldıldı

deputatliga-namizedin-cezasi-1-il-6-ay-azaldildi
Oxunma sayı: 1343

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində deputatlığa keçmiş namizəd Nəsimi Qədirovun məhkəməsi keçirilib. 

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Azad Məcidovun icraatında olan prosesdə N.Qədirovun ərizəsinə baxılıb. O, ötən ilin dekabr ayında qanunvericiliyə edilən dəyişikliyə əsasən cəzasının yüngülləşdirilməsini istəyib. Belə ki, dəyişikliklərə əsasən əvvəl 10 min manatdan yuxarı məbləğ külli miqdar hesab edilirdisə, indi bu rəqəm 50 min olub. 

İttihama görə, Nəsimi Qədirov müxtəlif vədlər verərək Bakı şəhər sakinləri Hafiz Əliyev, Zakir Əsgərov və Çimnaz Həsənovanın pullarını mənimsəyib. O, “Qartal” MMC tikinti şirkətinin rəhbəri Şahin Məmmədovu tenderdə qalib edəcəyinə inandırıb və onun 90 min manatını alıb.

Ümumilikdə cinayət işində zərərçəkmişlərə dəymiş ziyan yarım milyondan çoxdur. Nəsimi Qədirov şirkət rəhbərlərini aldatmaq üçün xüsusi yerlərdən istifadə edib. O, “Sahil” metrosunun üstündə yerləşən binada ayı 10 min manata olan kirayə ofis götürüb və pullu şəxsləri həmin ofisə dəvət edib. Nəsimi Qədirov insanlara vəzifədə işləyən adamları olduğunu deyib. Həmin şəxsləri inandırmaqla pullarını mənimsəməyi bacarıb. 

Həmin zaman məhkəmənin hökmü ilə Nəsimi Qədirov 12 il müddətinə azadlıqdan məhrum edilib.

Bugünkü iclasda N.Qədirovun ittiham olduğu 178.3.2-ci (Külli miqdarda dələduzluq) maddəsi 178.2.4-cü (xeyli miqdarda dələduzluq) maddəsinə tövsif edilib və onun cəzası 10 il 6 ay müddətinə endirilib. 

“Gənc Heydərcilər” Ümumrespublika Gənclər Birliyinin idarə heyətinin sədri olan Nəsimi Qədirov 2010-cu ildə anadan olduğu Gədəbəy rayonundan deputatlığa namizəd olub və İTV-də çıxışlar edib. Həmin müddət yoxa çıxdığı üçün efirdə onu görən zərərçəkənlər onlara pul "atanı" tanıyıblar və ondan şikayət ediblər. 

Murad Əhməd