Dəstəyə möhtac banklar...

desteye-mohtac-banklar
Oxunma sayı: 1514

Dünya Sakit

Azərbaycan banklarının durumu heç də ürəkaçan deyil. Bir neçə bank istisna olmaqla, əksəriyyətinin böhran dövründən yaranan ciddi problemləri hələ də qalmaqdadır. Tanıdığım bütün ekspertlərin bu məsələdə rəyi eynidir: qısa müddət ərzində ciddi tədbirlər görülməsə, bank sektorunda dirçəliş işartıları daha kəskin böhranla əvəz oluna bilər.

Banklara çətinlik yaradan başlıca amillərdən biri ölkədə yürüdülən sərt pul-kredit siyasətidir. Artıq bank çevrələrində bu siyasətin yumşaldılması imkanları ilə bağlı ciddi müzakirələr gedir. Düzdür, dövlət qurumlarının təzyiqlərinə məruz qalmamaq üçün bu barədə açıq danışılmır, lakin bankirlərin çoxusu mövcud siyasətin onlara yaratdığı problemləri görür, öz aralarında, yaxın çevrələrdə müzakirə edirlər. Lakin hələlik hökumətin bu istiqamətdə daha yumşaq siyasətə keçməsi real görünmür – bu il onsuz da dövlət xərcləmələrinin kəskin artımı şəraitində inflyasiya təzyiqi güclü olacaq. Hökumət pul-kredit siyasətini yumşaldıb əlavə təzyiq imkanı yaratmaq niyyətində deyil.

Bankların işini çətinləşdirən daha bir məsələ problemli kreditlərdir. Azərbaycan Mərkəzi Bankının məlumatına görə, ötən il dekabrın 1-də problemli kreditlərin ümumi məbləği 1 milyard 890.3 milyon manat olub. Ötən il noyabrın əvvəlinə olan göstəricilərlə müqayisədə bir ayda vaxtı ötmüş kreditlər 700 min manat çoxalıb. İlin əvvəli ilə müqayisədə vaxtı ötmüş kreditlər 28,4 faiz - 417.7 milyon manat artıb.Dekabrın əvvəlində vaxtı keçmiş kreditlər ümumi kredit portfelinin 15,46 faizini təşkil edib. Ötən ilin əvvəli bu göstərici 8,95 faiz olmuşdu. Təəssüflər olsun ki, kredit borcu olanların sayı son vaxtlar açıqlanmır. Ötən ilin əvvəlinə olan ən son məlumatlarda kredit borcu olanların sayının 2,3 milyon olduğu bildirilirdi. Bu o deməkdir ki, ölkə əhalisinin hər 4 nəfərindən birinin krediti var. Və artıq böhran və devalvasiyalardan əvvəl verilmiş əksər kreditlərin qaytarma müddəti bitir. Vaxt bitdiyi üçün banklar iddia müddətini keçirməmək üçün məhkəmələrə üz tutmağa məcbur olurlar. 

Onu da qeyd edək ki, bir çox banklar problemli kreditlərin həcmini tam açıqlamağa, daha doğrusu, ödənişləri gecikən, yaxud heç ödənməyən bir sıra kreditləri problemli şöbəyə keçirməyə tələsmirdilər. Lakin vaxt keçdikcə əksər kreditlərin müddəti bitdiyinə görə məhkəmə iddiası imkanını əllərindən verməmək üçün məcburən işləri problemli şöbəyə keçirməli olurlar. Problemli kreditlərin 2017-ci il ərzində kəskin artımının bir səbəbi də budur.

Banklar problemli kreditlərlə bağlı mübahisələri həll etmək üçün bank ombudsmanı yaradıblar. Ötən ilin sentyabrından fəaliyyətə başlayan ombudsman həcmi 2 min dollara qədər olan kreditlərlə bağlı müraciətlərə baxır. Bu, o kreditlərdir ki, bankların onlara görə iddia qaldırıb məhkəmə xərclərini ödəməyi daha baha başa gəlir. Buna görə də həmin kreditlərlə bağlı məsələni ombudsman vasitəsilə həll etməyə çalışırlar. Artıq 19 bank ombudsmanın fəaliyyətini dəstəkləyir. Lakin maraqlıdır ki, sentyabrdan bəri ombudsman cəmi 64 müraciəti araşdırıb. Bu isə kifayət qədər aşağı göstərici hesab oluna bilər.

Beləliklə, problem getdikcə böyüyür və banklara daha çox əngəl olmaqdadır.

Hökumət hələlik bank sektorundakı problemlərin yeganə həll yolu kimi bankların bağlanmasından istifadə edir. Bankların birləşməsi məsələsi ötən illərdə bir müddət gündəmə gətirilsə də, bu yoldan istifadə edənlər demək olar ki, yoxdur. Hər bir bank problemləri ilə təklikdə baş etmək istəyir ki, bu da sonda lisenziyanın alınması ilə nəticələnir. Halbuki bankların bağlanması on minlərlə insana, minlərlə sahibkara çox ciddi problemlər yaranır. Bir çox hallarda bütün vəsaiti bank hesabında olan müəssisə bankın bağlanması ilə faktiki olaraq iflasa uğrayır.

Hazırda elə banklar çətin durumdadır ki, onlardan hər hansı birinin bağlanması minlərlə sahibkarı iflas həddinə gətirə bilər. Görünən budur ki, bağlamaq çıxış yolu deyil...

Bu üzdən hökumət bankların dərdinə vaxtında əlac qılmağa başlamalıdır. Bütün mübahisələrə rəğmən, bank sektorunun dövlət dəstəyi olmadan ayaq üstünə durmaq imkanında olmadığı ortadadır. Yetər ki, bu dəstək vaxtında və düzgün olsun...