Dilimizdəki seksizm

dilimizdeki-seksizm
Oxunma sayı: 4397

Qan Turalı

 

Bu gün 8 Mart.

Beynəlxalq qadınlar günü...

Bu vəsilə ilə mediamızda olan seksist, cinsi ayrıseçki yanaşmaları yazaq.

Heç olmasa bu gün bunları xatırlayaq.

İnsanın başqasını anlaması üçün özünü onun yerinə qoymalıdır.

O zaman qarşısındakı anlaya bilər.

Bir də aşağıda yazılanları qadın gözüylə oxuyun.

Heç olmasa oxumağa çalışın.

Çünki dilimizdəki sözlər də əslində təfəkkürümüzün ifadəsidir.

Bu cür seksist ifadələri lüğətimizdən çıxarmalıyıq.

Bəlkə çıxarmaq hələ tezdir, amam ən azından fərqində olmalıyıq.

Misal üçün götürək elə “qadın yazıçı” sözünü...

“Kişi yazıçı” deyirikmi?

Demirik.

Bəs ədəbiyyatda müəllifin cinsini vurğulamaq nə üçündür?

Nəyə xidmət edir?

Ya qadın olasan, ya kişi, ya da lap homoseksual.

Nə fərqi var?

Bizim üçün maraqlı olan yazıçının yazdığı əsər deyilmi?

Eləcə də “qadın deputat” sözü.

Deputat deyiriksə heç zaman qadın deputatı düşünmərik.

Kişini düşünərik.

Halbuki bu qavrayışı dəyişdirməyin zamanı çoxdan çatıb.

Xəbərlərdə görürsüz tez-tez.

“Qadın sürücü qəza törətdi”.

Kişi də qəza törədir.

Kişilər daha çox qəza törədir.

Amma qadın sürücü qəza törədəndə mütləq onun cinsiyyəti vurğulanır.

Beş-altı ayın söhbətidir.

Saytların birində belə başlıq vardı: “Filan rayondan olan sürücü qəza törətdi”.

Dərhal etirazlar başladı.

Əsas da o rayondan olanlar haqlı olaraq etiraz etdilər.

Başlıq dəyişdirildi.

Bu həssaslığı qadınlarla bağlı da göstərmək lazımdır.

İndi keçək şifahi nitqimizə.

“Kişi kimi sözünü dedi”.

“Kişi kimi arvaddır”.

“Kişi kimi işlədim”.

Görürsünüzmü, bütün müsbət təyinlər kişilərlə bağlıdır.

İndi başqa təyinlərə baxın.

“Arvad kimi ağlama”.

“Arvadlıq eləmə”.

Nənələrimizin başını örtdüyü ləçək kişilərin öz arasında ən ağır təhqir olub: “Başıma ləçək bağlayaram”.

Əlbəttə, bütün bunlar feodal-patriarxal dövrün məhsuludur.

Amma ötən əsrlərin bütün klişelərlə vidalaşmaq zamanıdır.

Bir zamanlar dünya matriarxal idi.

Yəni, Ana xaqanlıq, o zamanlar ailə başçısı da ana idi, tanrılar da qadın idi.

Tarix elminin həll edə bilmədiyi problemlərdən biri də matriarxal dövrdən patriarxala keçiddir.

Min variant var, amma hələ də anlaya bilmirlər ki, necə olur ki, hakimiyyət qadından kişiyə keçdi.

İndi isə bərabərlik dövrüdür.

Nə qadınlar üstün olsun, nə kişilər...

Fikrimiz də, dilimiz də, əməlimiz də bir olsun.

Seksizmdən xilas olaq.

Heç olmasa bir anlıq bu haqda düşünək.