DİN-dən polis – sürücü qarşıdurması haqda açıqlama

din-den-polis-surucu-qarsidurmasi-haqda-aciqlama-
Oxunma sayı: 644

“Qafqazinfo” xəbər verir ki, mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadənin ANS PRESS-ə verdiyi məlumata görə, bəzi kütləvi informasiya vasitələrində Göyçay rayonunda polislə əhali arasında münaqişə yaranması, bu cür iddiaları əks etdirən videogörüntülər yayılır ki, həmin iddiaların heç bir hüquqi əsası yoxdur. "Diqqətinizə çatdırıram ki, Bakının Biləcəri qəsəbəsinin sakini olan Vaqif Bədirov cari il mayın 16-da axşam saatlarında Göyçayın Çərəkə kəndi ərazisində "VAZ-21074" markalı 10 MV 383 dövlət nömrə nişanlı avtomobili sərxoş halda idarə edərkən maşını ağaca vurub, güclü zərbənin təsirindən həmin nəqliyyat vasitəsinin baqajı bərk deformasiyaya uğrayıb. Bu barədə "102" Xidmətinə məlumat verildikdən sonra Göyçay RPŞ DYP Bölməsinin əməkdaşları dərhal hadisə yerinə çıxıb, olayın baş verdiyi məkana baxış keçirib, şahidlərin ifadələri alınıb, bir sözlə, zəruri sənədləşmə işləri aparılıb. Bu zaman Çərəkə kənd sakinləri olan Ruslan Səmədov və sərxoş vəziyyətdə olan Mikayıl Rzayev Vaqif Bədirovun guya qonaqları olduğunu bəhanə edərək polis əməkdaşlarının öz qanuni vəzifə borclarını yerinə yetirmələrinə mane olub. Polis tərəfindən onların belə qanunsuz hərəkətlərinin qarşısı alınıb, məsələnin aydınlaşdırılması üçün adları çəkilən şəxslərin RPŞ-yə aparılması zərurəti yaranıb.

Polis şöbəsinə getməli olan Ruslan Səmədov avtomaşını Çərəkə kəndindəki yaşadığı ünvana yaxın bir yerdə saxlayaraq qaçmağa cəhd göstərib, onun bu hərəkətinin qarşısı sayiş keşikçiləri tərəfindən alınarkən anası Zəkəriyyə Səmədova, bacısı və həyat yoldaşı buna maneçilik törədib, lakin polis əməkdaşları bu dəfə də diqqətəlayiq təmkin və səbr nümayiş etdirərək R.Səmədovun da RPŞ-yə gətirilməsini təmin edib. Burada isə Ruslan Səmədov və Mikayıl Rzayev barəsində İnzibati Xətalar Məcəlləsinin 310.1 maddəsi ilə protokol tərtib olunmuş, polisin qanuni tələblərinə qəsdən tabe olmadıqlarına görə hər iki şəxs haqqında 3 gün müddətinə inzibati həbs qərarı çıxarılıb. Vaqif Bədirov nəqliyyat vasitəsini sərxoş halda idarə etdiyinə görə barəsində İXM-in 152-1.1 maddəsi ilə inzibati protokol tərtib olunub və baxılması üçün məhkəməyə göndərilib".