Dindarlar bəyanat yaydılar

dindarlar-beyanat-yaydilar
Oxunma sayı: 1303


Komitənin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, bu gün Gəncə şəhərində Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət təşkilatçılığı ilə Respublikanın Qərb bölgəsində fəaliyyət göstərən dini icma sədrləri, eləcə də fəal dindar və ilahiyyatçıların iştirakıyla “Dövlət-din münasibətləri və maarifləndirmə işi” mövzusunda regional konfrans keçirilib. Regional Konfransı giriş sözü ilə açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov regional konfransın əsas məqsədinin dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsi, dini maarfiləndirmə işinin təşkili və aparılması, həmçinin dini icmaların cəmiyyətdə radikalizm meyillərinin qarşısının alınması və sosial problemlərin həlli prosesinə cəlb olunması olduğunu diqqətə çatdırıb. 


Konfransda çıxış edən yerli din xadimləri və dindarlar bildiriblər ki, xüsusən də son bir ildə dini maarifləndirmə sahəsində geniş işlərin aparılması, dini icmalarla müntəzəm sıx əlaqələrin qurulması, ilk dəfə olaraq dini icmaların sosial layihələrə cəlb olunması, dindarlar arasında vətənpərvərlik hissinin, tolerantlıq ənənələrinin təbliği sahəsində həyata keçirilən kompleks tədbirlər diqqətəlayiqdir. Sonra Gəncədə fəaliyyət göstərən dini icmaların təşəbbüsü ilə qarşıdan gələn prezident seçkilərində dövlət başçısı İlham Əliyevin namizədliyinin dəstəklənməsi ilə bağlı bəyanatın mətni konfrans iştirakçılarına təqdim edilib. Səsə qoyulan bəyanat qərb bölgəsinə daxil olan 12 rayonda fəaliyyət göstərən dini icma nümayəndələri tərəfindən yekdilliklə qəbul olunub. 


Bəyanatda deyilir: “Prezident cənab İlham Əliyevin Sərəncamı ilə təkcə azərbaycanlılar deyil, bütün müsəlmanlar üçün xüsusi əhəmiyyəti olan Gəncə şəhərindəki İmamzadə ziyarətgahının əsaslı bərpa olunaraq yenidən qurulması milli-mənəvi dəyərlərimizə, xüsusilə biz dindarlara böyük diqqət və qayğının təcəssüməsidir. Biz ölkədəki mövcud vəziyyəti düzgün qiymətləndirən, eləcə də dövlətin din sahəsində apardığı siyasəti və gördüyü böyük quruculuq işlərini təqdir edən Qərb bölgəsinin dindarları artıq öz seçimimizi edərək Azərbaycanın gələcək inkişafının təminatçısı İlham Heydər oğlu Əliyevi dəstəkləyirik. Əminik ki, bütün ölkə ərazisində hər bir dindar üzərinə düşən vəzifənin məsuliyyətini nəzərə alaraq ciddi səylə çalışacaq və cənab Prezidenti dəstəkləməklə Azərbaycanımızın tərəqqisinə öz tövhəsini verəcək.”