Elbrus Orucovun vəzifəsi...

elbrus-orucovun-vezifesi
Oxunma sayı: 7864


Şuşalılar, laçınlılar onu yaxşı xatırlayırlar. Elbrus Orucovun Şuşa və Laçını müdafiə etməli olan briqadanın komandiri olduğu dövrdən sonra doğulmuş, dünyaya köçkün kimi gəlmiş elə bir şuşalı, laçınlı olmaz ki, onun yanında Elbrus Orucovdan danışılmasın. Xüsusən də ermənilərin bu iki rayonu işğal etməsinin ildönümlərində.

2014-cü ilin mayında, yəni Şuşa və Laçının işğal olunmasının 22-ci ildönümünü yaşadığımız bir zamanda yenə hamı Elbrus Orucovdan danışır. Amma bu dəfə bir qədər fərqli çalarda. Bu dəfə mövzunun ortaya gəlməsinə başlıca səbəb bir zaman vəzifəsi Şuşanı, Laçını düşməndən qorumaq olmuş, amma bunu etməmiş, yaxud da bacarmamış general-mayor Elbrus Orucovun Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsinə rəis təyin olunmasıdır. Bu təyinat xeyli sual doğurur: Elbrus Orucovun müharibə aparan ölkədə belə bir posta təyin olunması niyə Şuşa və Laçının işğal olunmasının ildönümü ilə eyni vaxta düşür? Bəlkə bununla general Orucovun əməllərinə haqq qazandırılır? Şuşa və Laçını elə orada yaşayan insanların özlərinin ermənilərə satdığı mesajı verilir?

Bəlkə bu, yeni taktikadır, Müdafiə Nazirliyi vaxtilə müharibədə iştirak etmiş, vəzifəsi olduğu halda vətəni qoruya bilməmiş, döyüşləri uduzmuş zabitləri geri qaytarır ki, gedin torpaqları işğaldan azad eləyin? Belədirsə, niyə cəmiyyətin bundan xəbəri yoxdur? Belə deyilsə, xalqın, vətənin etimadını doğrultmamış zabitlərin Müdafiə Nazirliyinin rəhbərliyində nə işi var? Niyə onlar mundirlərini mismardan asıb bir zabit, hərbçi kimi döyüşü uduzmalarının mənəvi əzabını (hüquqi cəza da ola bilər) yaşaya-yaşaya ömürlərini başa vurmurlar?

Azərbaycanın yaşadığı ağır günlərin, torpaqlarımızın işğala məruz qalmasının məsuliyyəti təkcə ermənilərin və başqa xarici düşmənlərimizin üzərinə düşmür. Azərbaycanın özündə də buna görə məsuliyyət daşıyanlar var. Elə ölkəmizdə səslənən rəsmi bəyanatlarda, aparılan rəsmi təbliğatda da torpaqlarımızın itirilməsinə görə təkcə ermənilər deyil, o dövrdə Azərbaycana rəhbərlik edənlər də qınanır. Əgər belədirsə, onda həmin dövrlərdə orduda yüksək post tutmuş şəxslərin indi Müdafiə Nazirliyinin rəhbərliyində nə işi var? Onları orada kim saxlayır, kim himayə edir? Axı ən böyük məğlubiyyət döyüşdə yaşanıb, torpağımızın 20 faizini itirmişik. Məntiqlə işdən uzaqlaşdırılmalı olan ilk heyət də orduda yüksək vəzifə tutan şəxslər olmalıydı. Amma bu gün – 20 ildən sonra bunun əksi baş verir, məğlub zabitlər general mundirində ordu rəhbərliyinə qaytarılır.

Keçmiş müdafiə naziri general-polkovnik Səfər Əbiyevlə nazirin birinci müavini, Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıqov arasında qarşıdurma, intriqa olduğu (həm Əbiyevin nazir olduğu dövrdə, həm də indi) çox adama məlumdur. Səfər Əbiyev vəzifəsindən azad olunmaqla bu qarşıdurmada məğlub duruma düşdü. Amma Nəcməddin Sadıqov, görünür ki, bu intriqanın davamında maraqlıdır. Əlbəttə, kimin kimə necə münasibət bəsləməsi onun öz işidir. Ancaq bu münasibət dövlətin, ordunun fəaliyyətinə də yoluxursa, məsələ olduqca təhlükəli şəkil alır. Məgər intriqanı davam etdirmək, Səfər Əbiyevdən qisas almaq, ona gözdağı vermək üçün başqa yol yox idimi? Bunun üçün mütləq onun işdən çıxardığı şəxslərin hamısı ağına-bozuna baxmadan orduyamı qaytarılmalıdır? Özü də millətin taleyinin açarını əlində gəzdirən postlara.

Ölkədə az qala hamının narazı olduğu müdafiə naziri Səfər Əbiyevi əvəzləyən, əksəriyyətin böyük ümid bəslədiyi Zakir Həsənovun son təyinatları qıcıq, ən yaxşı halda isə ciddi suallar doğurur. Başlıca sual budur ki, Müdafiə Nazirliyinin rəhbərliyinə, nazirlikdəki mühüm vəzifələrə niyə yeni kadrlar gətirilmir? Dövlət müstəqilliyinin bərpa olunduğu ilk illərdə, 1991-1992-ci illərdə Azərbaycanın ali hərbi məktəblərinə daxil olmuş 18 yaşlı gənclər indi 40 yaşdadırlar, zabit kimi həyatlarının ən parlaq dövrünü yaşayırlar. Bəs bu zabitlər haradadır? Əgər ordu rəhbərliyinə təyin olunmağa layiq yeni zabitlər yoxdursa, niyə 23 ildə belə kadrlar yetişdirilməyib? Bu müddətdə Azərbaycanın hərbi məktəbləri, onların rəisləri nə işlə məşğul olub?

Müstəqilliyin bərpasının ilk illərindən Azərbaycan Türkiyənin hərbi məktəblərinə kursantlar göndərir. Hətta orada fərqlənən, adını bütün Türkiyəyə duyuran müdavimlərimiz, gənc zabitlərimiz olub. Bəs onlar haradadır?

Azərbaycan 1994-cü ildən NATO ilə əməkdaşlıq edir. Əməkdaşlığın bir istiqaməti də zabit hazırlığıdır. İndiyədək bəlkə də minlərlə zabit NATO-nun uzun və qısa müddətli kurslarında, təlimlərində iştirak edib, dünya hərb sənətində ən effektli və qabaqcıl sayılan NATO standartlarını, praktikasını mənimsəyib. Bəs o zabitlər haradadır? Nəyə görə Azərbaycanın hərbi məktəblərini bitirmiş, Türkiyədə ali hərbi təhsil almış, NATO-nun kurs və təlimlərinə qatılmış zabitlər irəli çəkilmir? Onları oyundan kənarda saxlayan nədir, kimdir?

Son illər bir neçə qurumda ciddi yeniliklər olub, yeni təfəkkürlü gənc kadrların işə cəlb edilməsi baş tutub. Bunun effekti də var. Bəs Müdafiə Nazirliyi niyə bu yolu tutmur? Məlum məsələdir, prezident hər nazirlikdə, hər dövlət qurumunda hansısa idarəyə, şöbəyə kimin rəhbər təyin olunduğuna, kimin irəli çəkildiyinə birbaşa nəzarət edə bilməz – bu, praktiki cəhətdən də mümkün deyil. Bəs prezidentin vəzifəyə yeni təyin etdiyi müdafiə naziri niyə bu işi nəzarətdə saxlamır?

Şuşanın, Laçının işğalına görə hamı haqlı olaraq təkcə üstümüzə qoşun çəkmiş düşməni deyil, həm də o dövrdə torpağımızın qorunmasına birbaşa cavabdeh olmuş müdafiə naziri Rəhim Qazıyevi günahkar bilir. Şuşa itkisi Rəhim Qazıyevin ictimai bəraət almasına imkan vermir. Rəhim Qazıyev nazir kimi Bakıda oturanda Elbrus Orucov Şuşada idi, rayonun müdafiəsi ona tapşırılmışdı. O deyə bilər ki, mən əmri yerinə yetirmişəm, belə deyiblər, belə də eləmişəm. Amma bu, heç nəyi dəyişmir: insanların Rəhim Qazıyevə münasibəti ilə Elbrus Orucova yanaşması arasında bir fərq yoxdur. Bəs nədən birinci təcrid olunduğu halda ikinci Müdafiə Nazirliyinin rəhbərliyinə gətirilir, qabağa çəkilir, mükafatlandırılır?

Laçının işğalının 22-ci ildönümü ilə bağlı tədbirdən çıxan baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovdan Elbrus Orucovun Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunmasına münasibət istədim. Əli Həsənov suala qəzəbli cavab verdi, dedi bu, onun işi deyil, bu məsələ ilə bağlı fikir söyləyə bilməz. Amma qəzəbin sualla, yoxsa general Orucovun təyinatı ilə bağlı olduğunu anlamadım.

Müdafiə naziri Zakir Həsənov Elbrus Orucovun təyinatı ilə bağlı bir neçə suala cavab versə, bu yazıda qaldırılan çox məsələyə aydınlıq gələr. Hərçənd suallarımın cavablandırılacağına bir əminliyim yoxdur, ancaq yenə də sualları nazirə ünvanlamağı bir jurnalist kimi özümə borc bilirəm:

1. Elbrus Orucovu nə zamandan tanıyırsınız?

2. Onun nazirliyin Əməliyyat Baş İdarəsinə rəis təyin edilməsi sizin təşəbbüsünüzdür, yoxsa Orucovun namizədliyi sizə daha yüksək səviyyədən təqdim olunub?

3. Vəzifəyə təyin etdiyiniz zaman onun şəxsi işinə baxmısınızmı? Onun Şuşa və Laçının işğal edildiyi dövrdəki fəaliyyətini araşdırmısınızmı?

4. General Orucov hansı keyfiyyət və xidmətlərinə görə idarə rəisi təyin olunub?

5. Bu təyinat niyə məhz Şuşa və Laçının işğalının ildönümü ərəfəsində baş tutdu?

mediaforum.az