Əlibaba və devalvasiya

elibaba-ve-devalvasiya
Oxunma sayı: 2840

Nadir Qocabəyli

Muğam ifaçısı, xalq artisti Əlibaba Məmmədov devalvasiya ilə bağlı özünəməxsus açıqlama verib, bir ağsaqqal mədəniyyət xadimi kimi xalqı təmkinli olmağa, Prezidenti başa düşməyə dəvət edib.
Əlibaba müəllimin bəyanatına münasibət birmənalı deyil, kimi onu qınayır, kimi də bir ağsaqqalın xalqı səbrə, təmkinə, anlayışa çağırmasında heç bir qəbahət görmür.

Mən bu mövqelərin hansını paylaşdığımı yazmaq istəmirəm, əvəzində Əlibaba Məmmədovla bağlı çoxdan olmuş bir hadisədən danışacağam...

Ötən əsrin 80-ci illərinin əvvəllərində, orta məktəbin yuxarı sinfində oxuyarkən rayonumuzda nə qədər ədəbi-mədəni tədbir olurdusa, hamısında iştirak edirdim. Şair və yazıçılarla keçirilən görüşlərin birini də buraxmır, Bakıdan gələn müğənnilərin konsertlərində iştirak edir, yeni filmlərin əksəriyyətinə tamaşa edirdim.

Bir gün dərsdən gələndə dəmiryol klubunun qarşısındakı afişadan Əlibaba Məmmədovun rəhbərlik etdiyi "Humayun" xalq çalğı alətləri ansamblının konserti olacağını oxuyub, yenə bilet aldım. Solistlər mərhum Səxavət Məmmədov, Zümrüd Məmmədova, Təhmuraz Şirinov və o vaxt əməkdar artist olan Əlibaba Məmmədovun özüydü. 

Sözün doğrusu, bu müğənni və xanəndələrin heç birisinin ifasına xüsusi simpatiyam yox idi, ancaq özümü mədəni adam hesab etdiyimdən, ya da bu cür görünməyə çalışdığımdan, belə tədbirlərdə iştirakımı vacib sayırdım.

Axşam saat altıda Dəmiryol klubu ağzınacan doluydu. İlk olaraq Təhmuraz Şirinovla Zümrüd Məmmədova hərəsi bir-iki mahnı və birlikdə bir neçə məzəli duet oxudular. Heç bir qadının olmadığı zalda kişilərin əksəriyyətinin baxışları Zümrüd Məmmədovanın ətli-canlı əndamına, açıq sinəsinə, boyalı dodaqlarına və sürməli qara gözlərinə taxılmışdı. O vaxtın dəbinə, ən azı rayon kişilərinin zövqünə görə, Zümrüd Məmmədova çox gözəl qadın sayılırdı. Təhmuraz publikanın xoşuna gəlmək üçün çox çalışsa da və insafən babat oxusa da, onu vecinə alan olmadı. Amma mənə onun şirin səsi və avazı xoş təsir bağışladı.

Sonra o zamanlar xeyli dəbdə olan və sevilən Səxavət Məmmədov o dövrün hiti sayılan "Sarı bülbül" xalq mahnısının sədaları altında səhnəyə çıxanda, salonda gurultulu və uzun sürən alqış sədaları yüksəldi. O vaxtlar “gurultulu və sürəkli” deyirdilər. Bir neçə xalq mahnısı və muğam parçaları ifa edən mərhum müğənni gurultulu alqışlarla iki dəfə geri qayıtdıqdan sonra, nəhayət, səhnəni tərk etdi.

Sonra təxminən yarım saatlıq fasilə oldu. Fasilədən sonra respublikanın əməkdar artisti, “Humayun” xalq çalğı alətləri ansamblının bədii rəhbəri Əlibaba Məmmədovun çıxışı xüsusi pafosla elan olunanda, o bu təqdimatın və ansamblın şövqlə ifa etdiyi musiqinin fonunda süd rəngdə kostyumda, döş cibində rəngli dəsmal, saçları səliqəylə arxaya daranmış şəkildə səhnəyə çıxıb tamaşaçıları salamlayanda, salonun, yalan olmasın, tən yarısı qalxıb getdi. Əlibaba müəllimin üzündə pərtlik yaransa da, baxışlarında ani nifrət qığılcımları sezilsə də, özünü o yerə qoymadı və oturanlara minnətdarlıq hissiylə baxaraq, mahnısını oxumağa başladı.

Sən demə, zalın çoxu bu konsertə əslində Zümrüd xanımın ətli əndamına tamaşa etməyə və Səxavətin ciyiltili səsinə qulaq asmağa gəlibmiş. Amma mən bunu tam olaraq bir az böyüdükdən sonra başa düşəcəkdim.

O vaxtlar Əlibaba Məmmədovu mən də bəyənmirdim, amma ön sıradakı yerimdən tərpənmədim. Bu kişinin, publikaya ümidlə baxan əməkdar artistin, rayonumuzun qonağının xətrinə dəymək istəmədim. Ona hörmətsizlik edənlərə qoşulmaqdan utandım və onu dinləməyə qərar verdim. Həm də bu konsertə artistlərdən hansınasa duyduğum xüsusi simpatiyaya görə yox, “mədəni adam” olduğum üçün gəlmişdim. Bə nə! Buna baxmayaraq, canlı ifalardan ləzzət aldım və həm ifaçıların, həm də müşayiətçilərin peşəkarlığına heyran oldum.

Əlibaba Məmmədov oxudu və inanın ki, ilk dəfə bu ifadan böyük zövq duydum. "Bakı" və "Yaşa ürəyim" mahnıları xüsusilə xoşuma gəldi. Aradan otuz beş il keçsə də, o mahnıları hələ də sevirəm və hər dəfə radioda, televizorda Əlibaba Məmmədovun bu mahnılar yazılmış köhnə lent yazılarını eşidəndə bədənimdən xoş gizilti keçir.

Manatın devalvasiyaya uğraması, yəni qiymətdən düşməsi ilk dəfə deyil, məncə, sonuncu da olmayacaq. Amma Əlibaba Məmmədovun sənəti, o mahnıları heç vaxt devalvasiyaya uğramayacaq.

Pul dəyərdən düşə bilər, təki dəyərlərimiz gözdən düşməsin...