“Ərim dedi ki, bu zəhəri iç” - Evdən qaçan qadın

erim-dedi-ki-bu-zeheri-ic-evden-qacan-qadin
Oxunma sayı: 952

- Türkan, ilk öncə ondan başlayım ki, sənin bu cəsarətini alqışlayıram. Çoxları "el-oba nə deyər" deyib ölümlərini də göz önünə alır. Sənsə uşaqlarının yetim böyüməməsi üçün bu addımı atdın. Evdən qaçdın... Bu necə baş verdi? Bir qadının evdən qaçması cəmiyyətimiz üçün qəbuledilməz, hətta dəhşətdoğurucu faktdır. Səni bu çətin qərarı verməyə nə vadar etdi?
- Ailədə problem yaşayan bütün qadınlar kimi mən də 5 ildir bütün çətinliklərə dözürəm. Ərim içki düşkünüdür. Səbəbsiz tez-tez məni döyürdü, təhqiredici ifadələrdən isə danışmağa dəyməz. Hətta gecələr içərkən məni şirin yuxudan oyadıb qarşısında oturmağa məcbur edirdi. "Mən yatmıramsa xeyir ola sən yatırsan" deyə. Həm də ona qulluq etmək üçün... Bu 5 il ərzində onunla xoşbəxt olduğum 1 günü belə xatırlaya bilmirəm. Bəzi ailələrdə problemlər olsa da, xoşbəxt anlar da az olmur. Məndə isə sadəcə əzab, əzab və əzab... Amma getməyə yerim olmadığı və uşaqlarımın xətrinə dözürdüm. Ta ki, son baş verən hadisəyə qədər. Düzünü desəm, ölüm hədələri hər zaman olub. Hətta buna cəhd də edib, ata-anası qarşısına alıb. Sonra da qaynanam mənə deyib ki, qızım, fikir vermə, sözdür də deyir, o səni öldürməz. Amma srağa gün gecə baş verənlərdən sonra artıq məni öldürmək istəyinə tam əmin oldum. Və bu da məni qorxutdu, qaçmağa, sizə üz tutmağa məcbur oldum.

- Səncə niyə o bunları edir? Özü nəyi səbəb gətirir?
- 2 səbəb var. İçki və sevdiyi qadın. O qohumlarından bir qızı sevib. Amma valideynləri məni alıb. Həmin qız da hələ bizim toyumuz olmamışdan öncə ərə getmişdi. Amma sonradan bildim ki, boşanıb. Ərimin sözlərinə görə guya o boşatdırıb. Bu qadınla birlikdə bir evdə yaşaya bilməməyin hirsini həmişə məndən çıxırdı. Hətta bir dəfə məni yanına salıb həmin qadının evinə də aparmışdı. Məni məcbur etdi ki, o qadına deyim ki, ərim səni sevir. Mən də onun dediyini etdim. Bundan sonra rahat oldu. Deyəsən küsüblərmiş, buna görə barışmaq üçün məndən bu cür istifadə etdi. Üzr istəyirəm hətta o qadının könlü xoş olsun deyə 1 ildən çoxdur yataq otaqlarımızı da ayırıb. Hətta bir dəfə həmin qadın mənə zəng edib soruşmuşdu ki, Taryel dəqiq filan otaqda yatır? Mən də dedim hə...

- Əgər ərin o qadınla yaşamaq üçün səni ortadan "götürmək" istəyirsə, o zaman niyə boşanmır?
- Mən də dəfələrlə bunu ona demişəm. Amma o deyir ki, sən arvadım olduğun üçün namusum sayılırsan. Birdən boşanandan sonra kimləsə görüşərsən, namusum ləkələnər. Ona görə ən yaxşı yol sənin ölməyindir.

- Qayıdaq, o gecə baş verənlərə... Ətraflı danışa bilərsən?
- Hə, srağagün yenə içkili idi, başladı dava-dalaş salmağa. Sonra dedi ki, guya mənim telefonuma bir oğlandan sms gəlib. Mən də dedim ki, üstümə şər atma: "Düzgün insansan əgər mesaj gəlibsə? o zaman araşdır gör kim yazıb, kimə yazılıb. Sevgilinə qovuşmaq üçün yoxsa bəhanə edirsən?! Bəlkə elə özün kiməsə mesaj yazdırmısan?" Aramızda mübahisə oldu. Sonra məni gecə 4-də həyətə çıxarıb maşına saldı. Hacıkənd yolunda maşını saxlayıb bıçağı çıxardı. Mən bunu görən kimi maşından düşüb qaçdım. O da maşınla yolun ortasında arxamca düşmüşdü. Mənə çatıb yerə düşdü. Əlbəyaxa olduq və bıçaq yerə düşdü. Bundan istifadə edib yenə qaçdım. Və bir-birimizdən aralı mübahisə etməyə başladıq. Dedim ki, məni öldürüb türməyə düşəcəksən, uşaqlarımız da yetimxanaya... Deyəsən bu cür dediyim sözlər onun ağlına batdı. Mədəsi xəstə olduğu üçün bilir ki, türməyə düşsə ordan sağ çətin çıxar. Nə fikirləşdisə bıçağı qırağa tullayıb dedi ki, gəl otur fikrimi dəyişdim. Qorxa-qorxa gəlib maşında oturdum. Çünki gecənin yarısı yolun ortasında başqa nə edəcəyimi də bilmirdim. Maşında dedi ki, mən dəli deyiləm ki, sənə görə həbsə düşüm. Ağlıma yaxşı fikir gəlib, sən dərman içib özün-ozünü öldürəcəksən. Hamı da elə biləcək intahardır. Amma bunu dayıngildə edəcəksən ki, bizdən şübhələnməsinlər. Maşını dayımgilə sürdü. Səhər saat 6 idi. Nə qədər qapını döysək də açan olmadı. Yenidən evə gəldik. Sabahısı məni otaqda otuzdurub dedi ki, heç yerə tərpənmə indi tapşırmışam zəhər gətirsinlər, sən gözümün qabağında onu içəcəksən. O qədər ciddi idi ki. artıq qorxmağa başlamışdım. Ağlımda qaçmaq planı qurdum və canım qədər sevdiyim 4 yaşlı balamı, Əntiqəni də özümlə götürməyi planlaşdırmışdım. Amma onun məni nəzarətdə saxlaması bunu reallaşdırmağa mane oldu. "Bilirəm can şirin şeydir, qaçmaq istəyirsən amma onu görməyəcəksən. Sən elə bu gün öləcəksən" deyirdi. Gunorta saat 2 olardı. Tualetə getmək bəhanəsi ilə otaqdan çıxdım və tez həyətə düşərək ------- onlara (P.S. Turkan həmin şəxslərə problem yaranmasın deyə adlarını qeyd etmək istəmir) qaçdım. Onlara Bakıya Azadqadin.az saytında Aynur xanımın yanına getmək istədiyimi bildirdim. Dedim ki, Aynur xanım məni qadın sığınacaq evində yerləşdirəcək, mənə huquqi kömək göstərəcək. Onlar da dedi ki, düz edirsən. Mütləq get. Çünki qorxurdular ki, onlarda olsam başlarına problem gələr. Məni tək buraxsalar da ölə bilərəm. Buna görə fikrimi təsdiqlədilər, hətta dedilər ki, Zaurun da verilişinə çıx, sənə bəlkə pulsuz vəkil tutalar özünü qorumaq üçün...

- Bəlkə, ərin sadəcə səni qorxutmaq istəyir bu cür hədələrlə? Axı öldürmək istəyən bu qədər uzatmaz...
- Bilmirəm. Amma o məni elə qəddarcasına döyür ki, mən ondan hər şey gözləyirəm. - deyə Türkan gözünün üstündəki və bədənindəki döyülməkdən yaranan göy ləkələri göstərdi.

- Bəs, dayıngilə niyə getmədin?
- Dayımgilin də mənə görə problem yaşamasını istəmədim. Qorxdum ki, gəlib burda da dava salar, dayıma xətər toxundurar. 2-ci səbəb isə o idi ki, dayımgilə getsəm bilirəm ki, əksər ailələrdə olduğu kimi məni məcbur geri göndərəcəkdilər ki, ərindir, döz otur. Amma kimsə anlamır ki, axı burada dözməli bir şey yoxdur. Həyatım riskdədir.

- Bakıya necə gəldin?
- Taksiyə minib avtovağzala gəldim. Ordan da Bakıya gələn avtobusa mindim.

- Bəs, tanımadığın bir şəhərə tək gəlməkdən qorxmadın?
- Yox, çünki bilirdim ki, məni tək qoymayacaqsız. Sizin mənim kömək etməyinizə ümid edib gəlmişəm. Amma telefon zənglərimə cavab verməsəydiniz yəqin yenidən geri qayıdacaqdım. Ölümümü göz önünə alsam da...

- İndi nə düşünürsən?
- Uşaqlarım üçün çox darıxıram. Bu səhər yuxudan uşaq səsinə oyandım. Elə bildim balalarım yanımdadır, görməyincə ağladım. Bu dəqiqə də fikrim ordadır ki, qızım nə edir, oğlum nə yedi? Ən çox da qızımı istəyirəm. Çünki 4 yaşı olduğu üçün hər şeyi başa düşür. Həmişə mənə deyirdi ki, ana, gəl qaçaq, qorxma mən hamıya deyəcəm ki, atam anamı çox döyürdü, ona görə qaçmışıq. Onu özümlə götürə bilmədiyim üçün əzab çəkirəm... Amma sonra özümə təsəlli verirəm ki, bu müvəqqətidir. Tezliklə özümə iş tapacam, sonra uşaqlarımı yanıma gətirəcəm. İşləyib balalarıma baxacam. Amma çox istərdim Bakıda qalım. Çünki onunla Gəncədə necə qalacam bilmirəm. O həmişə deyir ki, hətta boşansan da mən səni tapıb öldürəcəm... Çarəsizəm, heç bilmirəm nə edim. Amma ümidimi itirməmişəm. Nə yaxşı ki, azadqadin.az saytını tanımışam. Bəlkə də bu da mənim şansım olub ki, təsadüfən gəlib bu sayta çıxmışam, sizləri tanımışam. İndi bəlkə də mən torpağın altında idim, balalarım yetim qalmışdı...

- Uşaqları qoyub gəldiyinə görə səni qınayanlar var...
- Bilirəm, belə xəbərləri oxusaydım bəlkə də mən də onlar kimi düşünərdim. Çünki qıraqdan hər şey hamıya asan gəlir. Amma mən düşünürəm ki, orda qalıb ölməkdənsə, sağ qalıb bir yol tapıb balalarımı böyütməkdir. Bu umidlə və sizə güvənərək hər şeyi göz önünə alıb bu yola çıxdım.

- Deyilənə görə, səni kimsəsiz uşaqlar evindən götürüblər... Valideynlərini axtarmaq istərdin?
- Çox istərdim. Bəlkə heç olmasa həyatda bir dəfə şansım gətirə, onlar yaxşı adam ola, məni bu çətinliklərdən qurtaralar. Arxasız, kimsəsiz olmaq dəhşətli bir hisdir. İnsan bilmir ki, kürəyini hara söykəsin, dar məqamda kimə pənah aparsın...

P.S. Türkan yorğun və üzüntülü olduğu üçün müsahibəyə burada son verirəm, amma Türkanla bağlı xəbərlər bununla bitməyəcək... Onun həyatında baş verənləri sizə tez-tez çatdıracağıq.