Ermənilər “dezinformasiya”nı necə yaradırlar?

ermeniler-dezinformasiyani-nece-yaradirlar
Oxunma sayı: 641

Ötən ilin oktyabr ayından başlayaraq Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyevin batalyonunun kəşfiyyatçısı, Qarabağ qazisi-jurnalist Rey Kərimoğlu lent.az saytında “Kəşfiyyatçının xatirələri” adlı layihəyə çərçivəsində döyüş xatirələrini qələmə alır. Bu günlərdə məlum olub ki, “Rey, ay Rey... Xocalıdakı qızların səsi kəsildi!” başlıqlı 9-cu yazısı ilə bağlı Ermənistanın “Realnaya Armeniya” saytında (http://janarmenian.ru/news/42893.html) yazı dərc edilib. R.Kərimoğlu bildirib ki, yazıda bir sıra məqamlar ermənilər tərəfindən bilərəkdən təhrif edilib. Sayt yazıb ki, guya, mən 9-cu yazıda xatirəmdə yazmışam ki, biz ermənilərin Xocalıya hücum edəcəyini bilirdik. Əslində isə mən yazıda bunları qeyd etmişəm, yazıdan olduğu kimi sitat: “Xocalıda vəziyyətin gərginliyi Şirin Mirəzyevi daha çox narahat edirdi. Çünki bizim kəşfiyyat dəstəsinin komandiri Əkbər Məmmədovun başçılıq etdiyi kəşfiyyat qrupu (Onunla bərabər Əlabbas İsgəndərov, Sənan Rüstəmov və adını eşitdiyim Aydın adlı kəşfiyyatçı olub. Mənə bunlar məlum idi) xeyli əvvəl, yanvar ayında Abdal Gülablı istiqamətindən keçərək Şuşanın tez-tez hücuma məruz qalan kəndlərində, o cümlədən Xankəndi, Əsgəran ətrafında çox vacib məlumatlar əldə edilən unikal bir əməliyyat həyata keçirmişdilər. (Bu əməliyyatda kəşfiyyatçılarımız Xankəndi yaxınlığındakı hərbi hissədən mühüm sənədlər ələ keçirmişdilər) Bu əməliyyatın və sözügedən əraziyə həmsərhəd kəndlərdəki yerli döyüşçülərimizin də məlumatları qərargahda toplanıb, ətraflı müzakirə edildi, analiz olundu. Və əldə olunan nəticə bu idi - DÜŞMƏN HÜCUMA HAZIRLAŞIR! Amma hara, dəqiq nə vaxt hücum edəcəyi tam aydın deyildi. Şirin Mirzəyevin tapşırığı ilə həmin ərəfədə biz Ağdərənin Ağdam və Əsgəranın şimal-qərbi istiqamətində bir neçə kəşfiyyat işi apardıq. Toplanmış əməliyyat məlumatları ciddi narahatçılıq doğururdu.”

R.Kərimoğlu qeyd edib ki, bu yazım digər yazılar kimi həm “Ədalət”, həm də “525-qəzet” qəzetlərində dekabr ayında çap edilib.

Digər faktların da tamamı ilə təhrif edilməsini deyən R.Kərimoğlu bildirib ki, heç bir halda ermənilərin yanaşması normal bir məntiqə sığmır! Heç nə əsas vermirdi ki, ermənilər orada yaşadıqlarına və azərbaycanlı olduğuna görə qocaları, qadınları, uşaqları xüsusi amansızlıqla, vəhşiliklə qətlə yetirsinlər? Bu nə yanaşmadır 25 ildir ermənilər sərgiləyirlər?! Məhz belə əsassız yanaşmalara “erməni məntiqi” deyirlər.

“Axı Ermənistanın hazırkı prezidenti Serj Sərkisyan öz etiraf edib ki, Xocalını qəsdən, Azərbaycan xalqının gözünü qırmaq üçün əvvəlcədən planlı şəkildə ediblər. Bunu da danacaqlarmı ermənilər?! Əslində ermənilər Xocalıda qocaları, uşaqları, dinc sakinləri amansızlıqla qətlə yetiriblər, işgəncə veriblər və cəsarətləri çatıb bunu dünya ictimaiyyəti qarşısında etiraf etməli, Azərbaycan xalqından üzr istəməlidirlər. Bunun əvəzinə köhnə “erməni nağılları” danışmaq lazım deyil”- deyə, R.Kərimoğlu bildirib.