Ermənilər əsgərimizi yaraladı

ermeniler-esgerimizi-yaraladi
Oxunma sayı: 1518


Erməni silahlı bölmələri son günlər Ermənistanın İcevan rayonunun Paravakar kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq kəndində və Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Berd rayonunun Ayqepar kəndindəki mövqelərindən Tovuz rayonunun Əlibəyli kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar. Füzuli rayonunun Horadiz, Qorqan, Aşağı Əbdürrəhmanlı, Aşağı Seyidəhmədli, Aşağı Veysəlli, Qaraxanbəyli, Ağdam rayonunun Mərzili, Yusifcanlı, Cəvahirli, Tərtər rayonunun Göyarx, Goranboy rayonunun Tapqaraqoyunlu, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. 

“Qafqazinfo” xəbər verir ki, Musavat.com-un Tovuzdakı qaynaqlarından aldığı məlumata görə, atışma zamanı ordumuzun 1 əsgəri yaralanıb. Həmin əsgər Tapdıq Əhədli hərbi hospitala yerləşdirilib. Ağsudan hərbi xidmətə çağırılan T.Əhədlinin ayağından yaralandığı bildirilir. Bundan əvvəlsə düşmən tərəfinin açdığı atəş nəticəsində Əlibəyli kənd sakini, 38 yaşlı Ruhiyə Əhməd qızı Hüseynova ayaq nahiyəsindən yaralanıb. Əlibəyli sakinləri deyirlər ki, hava qaralandan sonra kənddəki bütün evlər düşmən tərəfindən fasiləsiz olaraq iri çaplı silahlardan atəşə tutulur. Sakinlər ordumuzun düşmənə layiqincə cavab verməməsindən də şikayətlənirlər. 

Məlumatı gec aldığımızdan Müdafiə Nazirliyinin mövqeyini öyrənə bilmədik. Növbəti sayımızda Müdafiə Nazirliyinin də mövqeyini dərc etməyə çalışacağıq.