Əsgərin son “status”u

esgerin-son-statusu-
Oxunma sayı: 1120


Artıq neçə gündür ki, bu mövzu ürəyimi deşir. Rəsmi məlumatda intihar etdiyi bildirilən Anar Əsgərlinin son “Facebook” “status”u. Əslində bu məsələdə məni təəccübləndirən çox məqam var. Əsgər niyə intihar etsin axı? 

Axı onun şəkillərindən xidmətinin pis keçmədiyi təəssüratı yaranır. Axı onun xidmət etdiyi hərbi hissə təkcə Şəmkir hərbi birləşməsinin yox, Silahlı Qüvvələrimizin ən nümunəvi hərbi hissəsidir. Axı həmin hərbi hissəyə digər hərbi hissələrdən daha tez-tez millət vəkili qonaq gedir. Axı korpus komandiri bu günlərdə Ali baş komandanla... Nə isə... 

Əslində bu müəmmaların hamısı ürəyimi deşir. Çünki söhbət Qarabağa hamımızdan daha yaxın olan oğullardan gedir. Amma bu sualları qoyuram bir kənara. Çünki bunlara cavab tapmaq və nəyisə düzəltmək olar. Amma şüurlarımızdakı aşınma və biganəliyin çarəsi yoxdur. Bu aşınma və biganəliyin bədəli isə itirdiyimiz torpaqlardı. 

Qayıdaq ölən əsgərin son “Facebook” “status”una. Mərhum yazıb: “Bəlkə mənim də qismətimdə bir güllə oldu”. Hamı buna təəccüblənir. Və bu təəccüblər Azərbaycan KİV-lərinin baş xəbərinə çevrilir. KİV və Qarabağ müharibəsinin passiv fazası ilə bağlı bir qədər sonra. İndi isə Sizdən soruşuram əzizlərim: Nəyə təəccüblənirsiz??????? Niyə təəccüblənirsiz??????? Azərbaycan müharibə şəraitindədir. Müharibədə isə hər an, hər bir əsgərin qismətində olan güllə ona qovuşa bilər. Bu gün cəbhə xəttində xidmət edən əsgər və zabitlərimiz bu həyatı yaşayır. Orda ölüm gözlə-qaş arasında deyil. Orda ölüm adamın lap gözünün içinə girir. Çünki orda müharibə gedir. Müharibə, başa düşürsüz? Müharibə. “Voyna”... Bəyəm xəbəriniz yoxdur? Axı müharibədə ölümə təəccüblənmək absurddur. 

Hərdən Eldar Sabiroğlu bizlərdən bəzisini yığıb səngərə də aparır. Bəzi həmkarlarımız da ağ köynəyin, qırmızı qalstukun üstündən hərbi forma geyib, sandıqçasız avtomatla şəkil də çəkdirir. Amma belə çıxır ki, arxada olanların müharibə reallığından doğurdan da xəbəri yoxdur. Əgər xəbərdar olsaydılar, təəccüblənməzdilər. Bu yerdə başqa bir hadisə yadıma düşür. Bərdənin Kətəlparaq kəndində Qadir Səfərov adlı bir nəfər yaşayır. Həyat yoldaşının adı Zakirədir. Onların övladı Alim hərbi xidmətdə həlak olub. Ailəyə əvvəlcə bildiriblər ki, oğlunuz şəhid olub. Alimin atası həyat yoldaşına bərk-bərk tapşırıb ki, çox səs-küy eləmə. Oğlumuz şəhid olub. Vətən yolunda. Mərhumun cənazəsi evlərinə gəlməmiş Azərbaycan telekanalları da xəbər yayıb ki, ordumuzun əsgəri Alim Səfərov düşmən gülləsindən şəhid olub. Amma sonra bəlli olub ki, yox, belə deyil. Alim Səfərov düşmən gülləsindən ölməyib. Və ümumiyyətlə, ona güllə dəyməyib. Onun ölümünə səbəb aldığı travmalardı. Amma sonra bizim televiziyalar və digər xəbər istehsalçıları verdikləri yalan məlumat barədə danışmağı lazım bilməyib. Hətta Alimin ata-anası bunu tələb etsə də, telekanallarımız susmağı qızıl hesab edib.

Mərhum əsgər Alim Səfərov haqda hadisə yadıma düşəndən sonra dərk elədim ki, Anar Əsgərlinin son “status”u niyə təəccüb yaradıb. Dərk etməyənlər üçün izah: Ön xətdə baş verənlər ona görə təəccüb yaradır ki, cəmiyyət orada baş verənlərə biganədir.