Gəlini soyan bərbərlər

gelini-soyan-berberler
Oxunma sayı: 667

Misal üçün, lap eşitdiyim dəqiq söhbəti deyim. Bir qız var, o toy üçün libasına, gəlinliyinə xeyli pul xərcləmişdi. Yəni, oğlan evinin cibinə bərəkət. Tutaq ki, gəlinliyin ən bahalısını seçən xanımın gələcək həyat, yastıq yoldaşının ailəsinin puluna heyifi gəlmədi, heç qarşı tərəf də etiraz etmədən bu kaprizi götürdü. Bir dəfə geyilən gəlinlikdir də, hardasa başa düşmək olar. Ürəyinə yatıb, bəlkə də gəlinliyin lap bahalısıyla başqalarına acıq vermək( bu hissin dozası çox olur) istəyi güclü olub . Bəs başa, üzə, makiyaja xərclənən yüz manatların yiyəsi gecə necə yatır? Yatmağı bir kənara dursun, bu pulun səsi, sorağı sonradan( hər dəfə söz-söhbət düşəndə) çıxır. Başa düşməyən, güzəştə getməyən, oğlan evini “soymağa” and içən belə gəlinlər də var. Elə misal çəkdiyim gəlin tək gəlin saçı, makiyajı üçün dörd yüz manat(deyirlər bu hələ harasıdır, baha deyil ki) verib. Allah var, özünə görə qəşəng qızdır, deyim ki bu pul onun qeyri-adi görünməsinə, lap gözəlləşməsinə sərf olunmuşdu. Yox, heç nə dəyişməmişdi. Sadəcə bu qızın saçını Türkiyənin filan yerindən gəlib Bakıda yaxşıca pulqıran fərasətli türkiyəli saç ustası düzəltmişdi. Filankəsin adlı-sanlı olması, yaxşı reklamla işləməsi bu məbləği bir neçə saat içində qazanmasına gətirib çıxarıb. Elə bu qız kimi gəlinlər də uzağı toyun sürdüyü 5-6 saat ərzində həmin yığılmış saç və makiyala görünürlər. Başqa sözlə, heç bu qədər pulu verib bədxərclik etməyə də dəyməz. Heyif ki, xoşbəxtliyi bahalı restoranda toy etmək, bahalı maşınla gəlin getmək, toyda filan-filan mərasimlərə əməl etməkdə görənlərimiz çoxdur.

Hə, indi qayıdım türk ustalarının Azərbaycanda fəaliyyəti məsələsinə. Çünki bayaq qeyd etdiyim kəlməni, fikrimi doğru yozmayanlar da ola bilər. Türkiyə ilə yaxınlığımız , dostluğumuz öz yerində. Həmişə tərəfdar olan, bu sevğini dəstəkləyənlərdənəm. Amma təxminən 10-15 il əvvəl Azərbaycana axın edən türkiyəli bərbərlər(bir də dönərçilər) azərbaycanlı xanımların həqiqətən saqqızını oğurladılar. Qabiliyyətli işlərini sərgilədikcə, xidmət haqlarını normal salon xidmətlərindən qat-qat yuxarı qaldırdılar. Necə ki, indi də bu tendensiya davam edir. Nə olsun ki, bizimkilər əsas da kişi cinsindən olan türkiyəli ustalarını tərif etməkdən yorulmurlar. Mənə şəxsən toxunan bir məqam var. Bu ustalar bizim bərbərləri yanında asistent qismində yaxşıca işlədir, fen tutan, daraq təmizləyən, kəsilmiş saç qırıntılarını süpürən biri kimi çalışdırırlar. Bu da bizim sözün həqiqi mənasında bacarıqlı bərbərlərimizin kefini pozur. Eyni saç düzümünü yığan bizimkiyə verilən pul, türkiyəliyə verilən xidmət haqqından bir neçə dəfə azdır. Ən maraqlısı isə odur ki, artıq yerli bərbərlər də salon xidmətlərini süni şəkildə qaldırmağa başlayıblar. Yəqin ən çox da xanımlar yaxşı bilər. Nə olsun ki, bu gün qadın salonları ( Ramazan ayı, Məhərrəmlik dediyimiz müddət istisna olmaqla) yaxşıca pul qırır. Bəzi bərbərlər bir az da həddlərini aşıblar. Salona daxil olanda başqa xidmət haqqı deyirlər, kresloda əyləşdirib saçınızla oynadıqdan sonra başqa qiymətdən dəm vururlar. Cavan nəsil bir yana, orta nəsil, elə yaşlı dediyimiz xanımlar yamanca baxımlı olmaq uğrunda yarışa giriblər. Necə olursa, elə qadın salonu işlədən qadınlar da bir neçə aya maşın sürməyə başlayır.
Yenə qayıdıram, gəlin saçına, makiyajına. Qadın salonuna daxil olan xanım “gəlin saç düzümü yiğdıracam” deyəndə ona niyə qimət oxuyurlar onu başa düşmürəm. Eyniylə iyirmi manatlıq saç düzümünü gəlinlik adını eşidən kimi birdən birə 200-250 manata qaldıran bərbərlərin hiyləsi baş tutur. Çünki saç ustası( indi hamı özünə usta deyir) bilir ki, güc oğlan evinin üzərinə düşəcək, ağızdan çıxan qiymət də mütləq veriləcək. Fərasətli gəlin ondadır ki, gedib dilini dinməz saxlaya iyirmi-otuz manatlıq saç-makiyajını etdirə, o qalan pulunu da cibində saxlaya. Ya da bəy ailəsini xərcə salmadığına görə alqış ala. Nə bilim, deyəcəksiz ki, gəlin gəlinliyini pul üçün niyə gizlətməlidir ki? Nə deyirəm, onda bir adamın aylıq maaşının ikiqatına qıyan varsa, ödəsin. Bir də axı pulu daşdan çıxmayan üçün nə fərqi? Mənə deyərlər, sənə nə, pul onun, cib onun, baş onun, saç onun sifət də ki, yerində. Sifət ha, sifət.