Generalla Bakı merinin qardaşının adı keçən torpaq fırıldağı- - Faktlar

generalla-baki-merinin-qardasinin-adi-kecen-torpaq-firildagi-
Oxunma sayı: 6856


Bakı sakinləri Fərzəliyev Vahid Qüdrət oğlu, Məmmədov Namiq Valeh oğlu, Məmmədov Xəqani Məmməd oğlu və İbrahimova Şəbnəm Eldar qızı “Qafqazinfo”ya şikayət məktubu göndərib. Sakinlərin etirazına səbəb yüksək rütbəli məmurların, generalların adı keçən, iştirakçısı olduqları torpaq fırıldağının qurbanı olmalarıdır.

Sakinlər qeyd edir ki, ötən ilin may-avqust ayları ərzində Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsinin cənub-qərb hissəsində tamamilə qanuni əsaslarla – notarial qaydada müqavilə imzalamaq, bank vasitəsilə ödəniş etmək və nəhayətdə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış almaqla kiçik ölçülərdə (02-04 sot) fərdi yaşayış evləri tikmək üçün torpaq sahələri alıblar. Şikayətçinin sözlərinə görə, Azərbaycan dövləti adından rəsmi sənədlə tanınan mülkiyyət hüququmuzu reallaşdırmaq – torpaq sahələrimizə sahib çıxmaq, onu hasarlatmaq, tikintiyə başlamaq istədiyimiz zaman Bakı Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşı olduğu deyilən Rəcəb Hüseynov adlı şəxs əraziyə gəlib, şəxsi mülkiyyətimizdə işlətdiyimiz fəhlələri təhqir edib, hətta fiziki zorakılıq göstərərək onları ərazidən qovub: “ Biz mülkiyyətçiləri isə hədələyərək bildirib ki, bu torpaqların sahibi odur, bizim əlimizdə olan sənədlər əsassızdır və ləğv olunacaq. Əraziyə gələn Suraxanı rayon Polis İdarəsinin əməkdaşları isə, əlimizdəki qanuni sənədlərə məhəl qoymayıb, əlində heç bir sənədi olmadan mülkiyyətimizi qəsb edənlərin tərəfini tutub. Bundan sonra torpağı qanuni sənədlərlə və notarial qaydada bizə satan şəxslərlə - Cəfərov Ələmşah Məmmədəli oğlu, Cəlilov Ruslan İzahat oğlu və Şirinov Aslan Kamil oğlu ilə özünü torpağın sahibi kimi təqdim edən “Araz İnşaat LTD” MMC-nin qismində Rəcəb Hüseynovun arasında uzun-uzadı məhkəmə çəkişmələri başlayıb. Bir instansiya bunun, digəri o birisinin xeyrinə qərar verir və belə olan halda proses illərlə uzanana oxşayır” 

Şikayətçilər bildirir ki, torpağı onlara satan şəxslər - Cəfərov Ələmşah Məmmədəli oğlu və Şirinov Aslan Kamil oğlu Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, general Həsən Şirinovun yaxınlarıdır: “ Birinci bacısı oğlu, ikinci doğma qardaşıdır. Bizim əlimizdə qanuni sənədlərimiz olmasına baxmayaraq, mülkiyyət hüququmuzu məhdudlaşdıran “Araz İnşaat LTD”-nin isə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun qardaşı ilə BŞİH-in məsul əməkdaşı (Torpaq ekspertiza şöbəsinin müdiri) Rəcəb Hüseynovun şərikli şirkəti olduğu haqda məlumatlar var. Dövlətdə yüksək vəzifələr tutan, biznes fəaliyyətləri qanunla qadağan olunan bu şəxslərin arasında mübahisəyə səbəb olmuş torpaq sahəsi ümumilikdə 3 hektardan artıqdır. Biz 4 nəfərin aldığımız torpaq sahələri cəmi 12 sot olmaqla, bu ərazinin kiçik bir küncündədir. Lakin bir ilə yaxındır əlimizdə reyestrdən çıxarış olduğu halda nə torpaqlarımıza sahib dura bilirik, nə də ödədiyimiz pulları (cəmi 200 min dollar) geri ala bilirik. 1 ilə yaxındır davam edən məhkəmələr belə görünür ki, hələ uzun müddət də yekunlaşmayacaq və biz kirayələrdə qalmaqda davam edəcəyik. Onu da nəzərinizə çatdırırıq ki, bəzilərimiz o torpaqları banklardan götürdüyümüz kreditlər hesabına ala bilmişik”. 

Sakinlərin bildirir ki, ərazisi milyonlarla manatla hesablanan bu torpaq mübahisəsində çoxlu qanunsuzluqlar var: “Elə təkcə bu fakta diqqət yetirmək kifayət edər ki, sözügüdən ünvanda Hacıbala Abutalıbovun qardaşına və onun şəriki, BŞİH-in əməkdaşı Rəcəb Hüseynova məxsus olduğu bildirilən “Araz İnşaat LTD” MMC-nin ümumilikdə 7 hektardan artıq dövlət torpağına hansı qanuni əsaslarla iddia edir? Hacıbala Abutalıbov öz qardaşına və onun şəriki, işçisi Rəcəb Hüseynova məxsus olduğu bildirilən “Araz İnşaat LTD” MMC-yə üst-üstə 7 hektardan artıq dövlət torpağını necə, nəyin müqabilində peşkəş edib və dövlət bundan nə qazanc götürüb? Məhkəmə sənədlərindən belə görünür ki, Bakı Şəhər İcra Hakimiyyətinin 20.05.2005-ci il tarixli sərəncamı ilə “Araz İnşaat LTD” MMC-yə, yəni Hacıbala Abutalıbovun qardaşına məxsus olduğu deyilən şirkətə 4.3 hektar torpaq ayrılıb. Lakin BŞİH başçısının 30.12.2010-cu il tarixli sərəncamı ilə əvvəlki sərəncama qismən dəyişiklik edilərək əlavə 3 hektar bu şirkətə verilib. Bu həmin 3 hektardır ki, orda bizim kiçik torpaqlarımız da yerləşir və rəsmi sənədlərlə bizim mülkiyyətimiz sayılır. Lakin bu sənədlərə, bizim ikinci əldən alıcı olduğumuza heç kim məhəl qoymur. Rəcəb Hüseynov qanuni əsası olduğu şübhə doğuran sənədlərlə faktiki olaraq bizim rəsmi sənədli (çıxarışlı) mülkiyyətimizi əlimizdən alır”.