Gücün çatır, yapon doğ

gucun-catir-yapon-dog
Oxunma sayı: 2494

Raminə Eyvazqızı

Yaponiyanı arzulayan, ora düşdünsə küçələrdə ad,soyad axtarma. Çünki  küçələr, ünvanlar kvartallara bölünüb, nömrələnib. Deyilənə görə, bu axtarış sistemi çox rahatdır. Əslində belə daha yaxşıdır, əcnəbi üçün qəliz yapon adını yadda saxlamaq çətin olardı. Bu təcrübə çox ölkədə özünü doğruldub. Yoxsa, bizim kimi,  küçəyə adı verilən insan haqqında hərdən soruşulanda, ərazinin sakinləri gözünü döyür, güya adamı hörmətli etmişik.   

Yaponiyanı xatırlamağımın səbəbi bir neçə gün əvvəl o torpağın insanının Nobel mükafatı qazanmasıdır. Yapon əsilli ingilis yazıçı  Kazuo İşiguronun adını Yaponiyada küçəyə verə bilməsələr də, kişi adından söz etdirməyi bacardı. Məni kimi yüzlərlə insan onun yaradıcılığı ilə tanış olmağa can atdı. Hələ ki əsərlərini əldə edə bilməsəm də, onun  əsəri əsasında çəkilmiş "Günün qalıqları" (The remains of the day-1993) filminə baxdım. Baş rolda  Hollivud aktyoru Entoni Hopkinsin oynadığı film çox təsirlidir. Bir lordun malikanəsinə indiki dillə desək inzibatçılıq edən C.Stivens obrazı düşündürür. Şəxsi arzularını, sevgi hisslərini belə sahibinə qurban verən insanın dramıdır. Sahibinə xidməti atasının ölümündən (ənənə atadan gəlir) üstün tutan insan yaşlananda çox peşman olur, amma ötən günlərin geri gəlməyəcəyini bilir. 

Klassik insan təəssüfüdür. Filmdə siyasi məqamlar da var. Emosional ruhlu yazıçı Kazuonu bu filmlə az da olsa tanıdım. 

Hər xalq istəyər ki, onun soydaşı Nobel alsın. Əslində bir insan hansısa sahədə tarixə imza atırsa, onun milliyyətini qabartmağı ehtiyac bilmirlər, çoxuna lazım da deyil. Təssəvvür edin, bu gün bir yapon xəritənin bu tayından ingilisə dil çıxarıb deyir ki, "gördünmü, bizimki seçildi. Gücünüz çatır, yapon doğun". Bunu etməzlər. Yoxsa bizim kimi, Lütfü-Zadənin nəşini Vətən torpağına qovuşdurana qədər kişinin arxasınca nələr danışmadıq ki. Dünya üçün bir insanın imzası bəs edir, lazımı olsa gedib onun nəsil- nəcabətini eşələyib çıxaracaq. 

Neçə gündür, Nizami Gəncəvini yenə bezdirmişik.  Nizami məsələsi ildə bir neçə dəfə aktuallaşır, yenə özümüz özümüzlə danışıb, bir-birimizə nəyisə sübut etmək istəyirik. Dünən oğluma məktəbdən Nizami haqqında esse tapşırılmışdı. Axı nə qədər bir insan barəsində yazarsan. Yazı xatirinə yazmaq. Dərslikdə türk ya fars şairi məsələsi yoxdur. Şərq ədəbiyyatının dahisi yazılıb. Görünür, kitab müəllifləri də milliyyət məsələsində tərəddüd ediblər. Nə olsun ki, dəftərin üzünə qanmazlıqdan "fars şairi" möhürünü vurublar. İrandakı səfirimiz, professor rəhmətlik Əliyar Səfərli vaxtiylə oranın fars məclislərində Nizamiyə yaxşı mənada vəkillik edirdi. İndiyə qədər onun kimi onlarla araşdırmaçımızın Nizaminin əsərləri üstündə rəyləri olub. Kişinin yaradıcılığı "Qurani-kərim"in sirrli, kodlu ayələrinə dönüb. Axı farsca yazanın fars şairi olmaq kimi mütləqi yoxdur. Xalid Hüseyni ABŞ-da yaşayırsa, ingiliscə əsər yazıbsa, o deməkdir ki, ona əfqan deməməliyik. Onsuzda adlar həmin insanın coğrafiyasına işarə edir, dilxor olmağa dəyməz.