“Güllələyin” Vaqif Bəhmənlini

gulleleyin-vaqif-behmenlini
Oxunma sayı: 3002

Fərid Hüseyn

O, adi bir fəhlənin oğlu idi, deməli.

Onun hekayəti də, çox uzun olmayacaq.

Yuxarıdakı şeir parçası Yesenindir. Vaqif Bəhmənlinin də hekayəti çox uzun olmayacaq. Danışıb, qarğıyıb, ələ salıb kiriyəcəyik. Susacağıq... və ən pisi, bu reallıqla da yaşayacağıq.

Vaqif müəllimə töhmət verdilər. O, itirmədi məncə, sifətləri tanıdı, dostları gördü, ən əsası ona deyilən “Vaqif müəllim” ifadəsinin intonasiyasının dondan dona girməsinə şahid oldu.

Şifahi yaltaqlananlar Vaqif Bəhmənlini elə qaraladılar ki, adamın gözləri qaralır “facebook”a baxanda. Görəsən, şifahi yaltaqlananlar, şifahi tərifbazlar niyə bu qədər aqressiya göstərdilər? Çünki biz o qədər adam haqqında susmağa məhkumuq ki, haqqında söz deyə biləcəyimiz adam tapan kimi qarğa-quzğun kimi daraşırıq canına. Susmağımızın qisasını barəsində danışa biləcəyimiz adamlardan alırıq. Şifahi yaltaqlananlar unutmasın ki, bir gün xatirələr yazılacaq və kimin hansı otaqda necə quyruq buladığı üzə çıxacaq. Onda da şifahi təriflər yazılı mətnlərə çevriləcək. Yenə yazı qalacaq...

Vəziyyət mənə bilirsiniz nəyi xatırlatdı? Günlərin bir günü Diogen küçədə gedəndə görür ki, dövlət adamları xəzinədən kiçik şüşə qab oğurlayan bir nəfəri cəzalandırmaq üçün qolunu bağlayıb aparırlar. Diogen onlara baxıb dillənir: – Böyük oğrular, kiçik oğrunu tutublar.

Kaş o şeir yazılmazdı, yazılıb...

Vaqif Bəhmənlinin onlarla yaxşı şeiri var, niyə bu günə qədər diqqət eləməmisiz? İmkanı qədər, öz qəlbinin qərarı ilə müəyyən adamlara kömək də edib, bəs onlar niyə xatırlanmır?

Ancaq Vaqif Bəhmənli imzası başqa şeirlərdədir. Sizin ittiham etdiyiniz şairin ədəbi imzasını başqa şeirlər yaradıb. Bax, onu unuduruq.

Bəyəm içki məclislərində, qəbullarda olmamışıq? Bəlkə siyasi kursu, cildini, donunu dəyişmək, doğru bildiyin əqidəndən dönmək bir şeir ithafından daha vicdanlı yoldur? Redaktorunun qabağında təsvirəgəlməz pozada dayanan adamlar, görəsən nazir qarşısında necə forma alardılar, ay rəssam?

Susmağınızı ithaf edənlər, lal olmağa razı olanlar, yazı ithaf edənə nə yaman düşmən kəsilib?

Bəs o yaltaq yazılar, cild-cild kitablar haqqındakı məqalələr, guya təhlil yazıları idi, elmi araşdırmalar idi? Onlar nəsrlə yazılmış ithaflar idi də.

Vəzifəli adamlara yazılmış onlarla şeirin adını deyə bilərəm.

Güzgüyə baxa bilsək, hamımıza töhmət düşür. Yaxşı yadınızda saxlayın, bu ölkədə sevgisiz yaranan xeyli mətn var.

Vaqif Bəhmənlinin 60 yaşı oldu, ona can sağlığı, uğurlar... Yenə deyirəm, kaş, belə olmayaydı, fürsətkeşlərin əlinə fürsət düşməyəydi. Sonda yadınıza son hadisələrlə və ümumiyyətlə durumumuzla bağlı başqa bir Vaqifin şeirini salıram. Vaqif Bayatlı haqlı deyib:

Alın yazısına, qara günə də,

bazarda soğanın qiymətinə də,

bir bəhanə gərək, bir bayıs gərək

Güllələyin şairləri! Sonra diz çökün!