Günahlar sosial çarxların olmamasındadır

gunahlar-sosial-carxlarin-olmamasindadir
Oxunma sayı: 1156

Azər Qismət

Metronun “İnşaatçılar” stansiyasından üzü “Elmlər Akademiyası” stansiyasına qaçan, sonda yalnız 50 manat cərimələnən oğlanın sözü yadınızdadır: “Mən bilmirdim ki, relslərdə gərginlik olur”. Yetkin yaşlı insan bilmir ki, relslərə yüksək voltlu gərginlik buraxılırmış. Bəlkə də bundan çoxları xəbərsizdir. Bilmirəm o adamın ağlı yerində idi ya yox, hər halda əsas fikri nəzər cəlb etmək olub. O boyda adamın relslərdə gərginlik barədəki məlumatsızlığı maarifçiliyin olmamasından irəli gəlir.

Çünki ölkədə sosial çarxlar az çəkilir. Nazirliklərin tərkibindəki çəkiliş qrupları, başqa sözlə desək, nazirlik studiyalarının işi təkcə görüşləri, istehsalat müşavirələrini çəkib arxiv toplamaqdan, arada baxıb zövq almaqdan ibarət deyil. Onlar həm də işlədikləri quruma dair sosial çaxrlar hazırlamalıdırlar. Ekologiya Nazirliyi təbiətə qayğıdan, Rabitə Nazirliyi yeni texnologiyalardan. Çox təəssüf ki, ölkədə adamlar adi halllarda nə etməli olduğunu yaxşı bilmirlər. Məsələn, sosial çarxlarla maarifləndirmə işləri həyata keçirilsəydi, Binəqədidəki yanan binada qurbanların sayı çox olmazdı. Sakinlər bilərdi ki, yanğın zamanı çölə çıxmazlar, yoxsa tüstüdən boğularlar. Yaxud, hamama keçib qapının altını yaş əski ilə qapamaq lazımdır. Əgər alaqapıya çıxılıbsa, sabunlu əskini ağız və buruna tutub çıxmaq lazımdır.

Əgər sosial çarxlar çəkilsəydi, adamlar bilərdi ki, asfaltın üstünə zolaq ona görə çəkilməyib ki, harda gördün keçəsən. İndi qəzalarda adamların ölümünə səbəb həm də zolaqlardır. Əsasən svetoforun altındakılar. Adamlar qırmızı, ya yaşıl işığa baxmayıb keçib avtomobilin zərbəsinə tuş gəlib ölürlər. Qulaqlıq taxan adamlar, eləcə də piyada keçidindən keçməyib ölənlərin statistikasında da artım var. Televiziya böyük qüvvədir. Məgər belə çarxların hazırlanması adamları bilgili etməzmi?

Əgər sosial çarxlar hazırlansa, adamlar bilər ki, Hökməlidə palçıq vulkanlı təpələrin üstündə ev tikməzlər. Bununla həm özlərinin, həm də yaxınlarının həyatını təhlükəyə atırlar. Yaxud, torpaq altından keçən qaz borularının üstündə ev tikməzlər. Nə olsun ki vaxtilə bələdiyyə qanunsuz şəkildə o əraziləri satıb?! Çarx olsaydı, ən azından üşənib qorxar, uşaqlarını düşünərdilər. 

Əgər sosial çarxlar olsaydı, adamlar teleqüllənin yaxınlığında villa tikməzdilər. Ən azından bilməli idilər ki, qüllənin 300 metr radiusunda ümumiyyətlə hər hansı tikili aparmaq olmaz. Və onu da bilərdilər ki, bura əbədiyyən sürüşmə zonası xəttinə daxildir. Hansı imkanlı adam istəyər ki, verdiyi milyonlar batsın. Sosial çarx olsaydı, bilərdi və villanı başqa yerdə tikərdi. Sosial çarxlarla sürüşmə zonasına daxil olan yerlərdə küknar ağaclarının əkilməsi təbliğ edilərdi. İndi 97 ailə təxliyyə olunmazdı. Bir sosial çarxın olmamasına görə həmin yerdə tikinti işlərinin aparılmasına icazə verənlər də çətin vəziyyətdə qaldılar. 
Əgər sosial çarxlar çəkilsə, adamlar özlərini ictimai nəqliyyatda necə aparmalı olmalarına dair bilgi əldə edərlər. Daha gənclər özlərini yuxuluğa vurub yaşlıları, hamilələri ayaq üstdə qoymazlar. Düzdür, bu müraciətlər metro və avtobuslarda səsləndirilir. Bir var eşitmək, bir var görmək. Ya da eskalatorun şotkasında ayaqqabısının palçığını silməz, panel binalarda qışqırıb ailəsinin sirrini başqasına faş etməz, düşmənin xeyrinə casusluğa yol verməz, narkomanlar varlı uşaqları şikara çəkməzlər.

Televiziya və internetin meydan suladığı bir dövrdə sosial çarxlara çox ehtiyac yaranıb. Sosial çarxlar yeni cəmiyyətin qurulmasıdır, həm də özbaşınalığın qarşısını alan amildir. Bizdə çəkilən sosial çarxlar əksər hallarda effekt doğurmur. Belə bir çarx var. Oğlan güzgünün qarşısında durub əl-üzünü yuyur və iynə vurur. Onun sifəti getdikcə qocalır və sair. Tutaq ki buna hansısa narkoman baxıb nə nəticə çıxaracaq? Çarx çəkilir, amma çıxış yolu göstərilmir. Neqativə neqativlə qalib gəlməzlər. İncə detallar tapılmalıdır.

Sosial çarxlar çəkilsəydi, 11 ayda 11 min boşanma halı qeydə alınmazdı. Yaxud, insan bilərdi ki, ata-ananı buraxıb kefə getməzlər. Belə çarxlar cəmiyyətin fikrini neqativlərə yönəldir, çıxış yollarını göstərir. İnzibati tədbirlər, cəza metodları, cərimələr bunlar məsələni həll etmir. Qorxu altında qanuna əməletmə müvəqqətidir. İnsanların qəlbinə insaf işığı salınmalıdır. Məsələn, qarlı havada quşlara, pişiklərə yem verin. Yaxud, apardığınız sərnişinə bir ailə sahibi kimi baxın. Sənin uzunqulaqsayağı idarəetmən bir ailəni başsız qoyar, oğul avara, qız pozğun çıxar. Belə çarxlar Fişer effekti qədər effekt doğurub alt şüura yeridilməlidir. Adamların səhəri neqativ xəbərlərlə açması biganəlik yaradır. Kütləvi şəkildə insan ölür, heç dodağını qaçırıb nırç da etmir. 
Yalnız sosial çarxlarla adamları yenidən adam halına salmaq olar.