“Güney Azərbaycanda mövcud fars vandalizmi”

guney-azerbaycanda-movcud-fars-vandalizmi-
Oxunma sayı: 654

Partiyanın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, mövzu üzrə dəvət olunmuş qonaq Avrasiya Strateji Araşdırmalar Mərkəzinin Orta Şərq üzrə mütəxəssisi, Türkiyədə yaşayan Güney Azərbaycanlı soydaşımız Arif Kəskin idi. Qonaqları salamlayan partiyanın gənclər üzrə müşaviri Şəhla Feyruzbəyli tədbirin məqsədini iştirakçıların nəzərinə çatdırdı. Söz partiyanın gənclər təşkilatının sədri Seymur Həsənliyə verildi. O, milli mücadilə həyatında yeni mərhələnin başlandığını qeyd edərək təşkilatın təqdimatından öncə belə bir tədbirin keçirilməsinin önəmini bildirdi.

Gənclərlə görüşdə iştirakından böyük məmnunluq duyduğunu və belə görüşlərin tez-tez keçirilməsinin vacibliyini qeyd edən politoloq Arif Kəskin İran adlanan ölkənin əsarətində olan soydaşlarımızın mübarizəsi və gələcək perspektivlər ətrafında geniş məruzə etdi. Çıxışın əsas istiqaməti Güney Azərbaycanda son zamanlar baş verən Urmu gölü ətrafında yaranmış problemlərin işıqlandırılması oldu. “Urmiya gölü bu sürətlə qurudularsa üç il ərzində həmin göl yer üzündən silinəcək. Bu isə 15 milyon insanın həyatına ciddi təsir edəcək. Azərbaycan, Türkiyə ekoloji və digər cəhətdən ciddi zərbə alacaq. Bu hadisənin nəticəsi hətta atom bombasının partlamasının nəticələri ilə eyni mahiyyət daşıyacaq. Nə Quzey Azərbaycanda, nə də Türkiyədə problemin mahiyyətini tam anlamırlar. Güneydə baş verənlər tək Azərbaycanın yox, bütün Türk Dünyasının problemidir” – deyən Arif Kəskin Güney Azərbaycan Milli Hərəkatını tarixi və siyasi baxımdan qiymətləndirdi.

“Bu gün Urmiya gölü ətrafında çox ciddi siyasi hadisələr baş verir. Güney Azərbaycan Milli Hərəkatı düzgün istiqamətlənsə, tarix boyu arzuladığımız Bütöv Azərbaycan ideyası reallaşacaq. İran cəmiyyətində çox mühüm rol oynayan Azərbaycan türkü tək toplumdur ki, həm mərkəzdədir, həm də çevrədə”.

Güney Milli Hərəkatının çıxış nöqtəsinin yalnız Təbrizdən olmadığını bildirən politoloq qeyd etdi ki, Urmiyada baş verən hadisələr onu göstərdi ki, bu hərəkat geniş miqyas alıb: “Güney Azərbaycan hərəkatı siyasi hərəkatdır və 4 istiqamətə meyllənib. İran türkçülüyünü əsas götürənlər hakimiyyətdə Azərbaycan türkünün olmasının tərəfdarıdırlar. Federalistlər İranın bölünməsinin əleyhinə olanlardır. Üçüncülər İranda azərbaycanlıya kimliyin verilməsini-Azərbaycan dilində məktəb, mətbuat və sair olmasını tələb edirlər. Sonuncu istiqamətin tərəfdarları isə Azərbaycana istiqlal istəyənlərdir. Hazırda məhz sonuncu istiqamətin reallaşması üçün şərait yaranıb”.

Çıxışdan sonra verilən suallara cavab olaraq A.Kəskin bildirdi ki, Cənubi Azərbaycanda başlayan hərəkatın son məqsədi istiqlal əldə etməkdir.

Tədbirdə Azərbaycan Milli Elmlər akadaemiyasının üzvlərindən Babək Xalistürk, Məmməd Nəcəfzadə, “Kimlik” dərgisinin rəhbəri Sirus Azadi, Milli Demokrat Partiyası Gənclər Təşkilatının sədri Əşrəf Elatlı, Dünya Azərbaycanlıları Konqresi Gənclər Təşkilatından Fuad Abdulrəhmanlı, Azərbaycan-Türkiyə Dostluq Cəmiyyətindən Tural İsmayılov və MDHP-nin Gənclər Təşkilatının və Güney Azərbaycan departamentinin fəalları qatılmışdı.